Pənah Hüseyn: “Parlament seçkilərində müxalifətlə iqtidar arasında konsensus əldə edilməlidir”

Pənah Hüseyn: “Parlament seçkilərində müxalifətlə iqtidar arasında konsensus əldə edilməlidir” “Seçki dairələri üzrə təkcə müxalifətlə deyil, hakimiyyətlə də razılaşmalıyıq”
Daxili siyasət
8 Aprel , 2015 13:18
Pənah Hüseyn: “Parlament seçkilərində müxalifətlə iqtidar arasında konsensus əldə edilməlidir”

Bakı. 8 aprel. REPORT.AZ/ “Azadlıq 2015” seçki blokunun təşkilatçılığı ilə “Dəyişən dünya və Azərbaycan: mövcud durum və perspektivlər” adlı dəyirmi masa keçirilib.

“Report”un məlumatına görə, tədbirdə bloka daxil olan partiyalarla yanaşı, digər müxalifyönümlü təşkilatların nümayəndələri də iştirak ediblər.

Çıxış edən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib ki, Azərbaycandakı vəziyyəti qiymətləndirmək üçün əvvəl ölkənin hansı regionda yerləşməsinə diqqət yetirmək lazımdır. O bildirib ki, yeni dünya düzəninin formalaşması prosesi bu regionda ağrılı həyata keçirilir. Onun sözlərinə görə, proseslərin gedişindən görünür ki, dünya bazarında neftin qiymətinin ucuzlaşması bölgənin bəzi ölkələrinə mənfi təsir göstərəcək.

S.Əkbər müxalifətlə iqtidar arasında siyasi dialoq olmasının vacibliyini vurğulayıb: “Biz hakimiyyətlə dialoqa hazırıq”.

Tədbirdə iştirak edən Vətəndaş Həmrəliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib ki, dünyada qloballaşma prosesi ilə mədəni işğalçılıq siyasəti aparılır: “Hazırda Şərqdə üçüncü dünya müharibəsi gedir, bunun adını nə qoyursunuz, qoyun. Dünyada sanki, lider çatışmazlığı var. Siyasi liderlər kənardadır, prosesləri həll edən “qara pul”dur. Hazırda biznesmenlər, oliqarxlar önə çıxır. Hər yerdə belədir, söz birdir, əməl ayrı. Amerikada da seçkilərin taleyini pul həll edir. Güclü dövlətlər “multikulturalizm”, “çoxmədəniyyətli” və sair kimi şüarları ortaya atmaqla xalqlar arasında savaş başladırlar. Proseslərdən belə görünür ki, Suriyada, İraqda baş verənlər Azərbaycana da təsir edəcək. Bu, bir projedir. Bütün bunların baş verməməsi üçün birləşmək lazımdır. Müharibə millətləri birləşdirir, amma biz Qarabağ müharibəsindən sonra birləşə bilmirik. 20 ildir bir-birimizi ittiham edirik”.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn çıxışı zamanı hakimiyyətlə müxalifət arasında dialoqun olmasının vacibliyini vurğulayıb: “İki ay əvvəl iqtidar nümayəndəsi ilə görüşümüz oldu. Düşünürəm, bu, davamlı olacaq. Hazırkı durumdan çıxış yolu kimi müxalifətin strategiyası yoxdur, sanki, hamı nəyisə gözləyir. Hesab edirəm ki, ciddi şəkildə proseslərlə bağlı düşünmək lazımdır. Bir araya gəlmək, milli birlik halında toparlanmalıyıq. Bu il keçiriləcək parlament seçkiləri ilə bağlı hakimiyyətlə müxalifət konsensusa gəlməlidir. Danışmalıyıq və razılaşmalıyıq. Təbii ki, bu, açıq və şəffaf olmalıdır. Seçki dairələri üzrə təkcə müxalifətlə deyil, hakimiyyətlə də razılaşmalıyıq.

Milli koalisiya yaratmalıyıq, müəyyən mərhələlərdə iqtidarla əməkdaşlıq da edə bilərik”.

Tədbirin digər iştirakçıları da çıxışlarında hakimiyyətlə müxalifət arasında dialoqun əhəmiyyətindən danışıblar.

Son xəbərlər

Orphus sistemi