​Partiya sədri: "Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin fəaliyyət göstərməsinə ehtiyac yoxdur"

​Partiya sədri: "Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin fəaliyyət göstərməsinə ehtiyac yoxdur" "Orada elələri var ki, ikinci bir müstəvidə əməkdaşlıq etmək istiqamətində görüşüblər, yəni seçki ilə bağlı iş aparırlar"
Daxili siyasət
9 Yanvar , 2015 15:10
​Partiya sədri: Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin fəaliyyət göstərməsinə ehtiyac yoxdur

Bakı. 9 yanvar. REPORT.AZ/ "İndiki halda Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin saxlanmasına ehtiyac görmürəm. Çünki təkcə biz deyil, başqa qüvvələr də insan hüquq və azadlıqları ilə məşğul olmalıdır. Qarşıdan parlament seçkiləri gəlir, yaxşı olar ki, siyasi partiyalar vəzifələrinə aid olmayan işlərdən imtina etsinlər. Əks halda, nəticə əldə edə bilməyəcəyik".

Bunu "Report"a açıqlamasında Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində (SPDİHM) təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. 

Onun sözlərinə görə, SPDİHM-in seçki blokuna çevrilmə ehtimalı yoxdur: "Parlament seçkilərilə bağlı blokların yaradılmasına başlanılmalıdır. Bu mərkəzdəki partiyalar funksional əməkdaşlıq edirlər. Burada bəzi siyasi partiyaların seçkilərlə bağlı bir araya gəlmək fikirləri yoxdur. Məsələn, orada elələri var ki, ikinci bir müstəvidə əməkdaşlıq etmək istiqamətində görüşüblər, yəni seçki ilə bağlı işlər aparırlar. Bu baxımdan seçkiyə birlikdə getməklə bağlı fikir yoxdur. Onlar seçkidə ayrı-ayrı iştirak etmək istəyirlər. Ona görə də buranın seçki blokuna çevrilmə şansı yoxdur. Mərkəzdəki müzakirələr zamanı demişəm ki, bizim burada olmağımız digər işləri əngəlləyir. Buna baxmayaraq, onlardan bəziləri düşünür ki, mərkəz saxlanılmalıdır. Qurumla bağlı hansı qərar qəbul ediləcəksə, tabe olacam, amma fikirlərimi də ortaya qoyacam".

S.Cəlaloğlu qeyd edib ki, siyasi partiyalar sosial-iqtisadi məsələrlə, insanların hüquq və azadlıqlarının qorunması ilə birbaşa məşğul olmamalıdır: "Bu mərkəz hakimiyyətin qeyri-hökumət təşkilatlarına qarşı atdığı addımlara qarşı yaradılıb. İndi isə belə addımlar atılmır. Demokratiya tələb edir ki, sosial-iqtisadi hüquqlarla həmkarlar ittifaqları, insan hüquq və azadlıqları ilə QHT-lər, siyasi hüquqlarla bağlı isə partiyalar məşğul olsunlar. Azərbaycanda isə bu tələblər yerinə yetirilmir, ona görə də siyasi partiyalar bütün yükü öz üzərinə çəkir. Partiyalar onsuz da zəifdir, bu işlərlə məşğul olduqda isə tamamilə gücsüz görünürlər. İndiki halda Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin saxlanmasına ehtiyac yoxdur".

Son xəbərlər

Orphus sistemi