​Müsavat başqanı: "Azərbaycanın aparıcı siyasi partiyaları parlament seçkilərində təkbaşına iştirak edəcək"

​Müsavat başqanı: "Azərbaycanın aparıcı siyasi partiyaları parlament seçkilərində təkbaşına iştirak edəcək" "Müttəfiqlik məsələsi yalnız Müsavat Partiyasından asılı deyil"
Daxili siyasət
26 May , 2015 16:50
​Müsavat başqanı: Azərbaycanın aparıcı siyasi partiyaları parlament seçkilərində təkbaşına iştirak edəcək

Bakı. 26 may. REPORT.AZ/ "Ümumi siyasi ab-hava göstərir ki, Azərbaycanın aparıcı siyasi partiyaları parlament seçkilərində təkbaşına iştirak edəcək".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

O bildirib ki, Müsavat Partiyası ölkədəki real siyasi qüvvələrin parlament seçkilərində birgə iştirakının tərəfdarıdır: "Müttəfiqlik məsələsi yalnız Müsavat Partiyasından asılı deyil, digər qüvvələr də bu işdə maraqlı olmalıdırlar".

A.Hacılı qeyd edib ki, Müsavat Partiyasında parlament seçkilərində iştirak niyyəti olan ilkin namizədlərin siyahısı müəyyənləşib: "Təəssüflər olsun ki, Azərbaycanda seçki mühiti yoxdur. Bununla belə, Müsavat Partiyası seçkilərə hazırlaşır. Biz seçki ərəfəsində ölkədə vəziyyətin dəyişməsinə ümid edirik və buna çalışacağıq. Partiyada seçkiyə hazırlıq işləri gedir. 70-dək namizədin siyahısı müəyyənləşib. Yəqin ki, partiyanın Məclisində bu məsələyə baxılacaq. Eyni zamanda, seçkilərdə imza toplayacaq, təbliğat kampaniyası aparacaq şəxslərin də siyahısı hazırlanıb. Bu istiqamətdə fəaliyyətimiz davam edir, proses yaxın zamanlarda yekunlaşacaq".

A.Hacılı qeyd edib ki, Müsavat Partiyasında şəhərin müxtəlif yerlərində kütləvi aksiyaların keçirilməsi məsələsi də diqqət mərkəzindədir: "Əslində, vətəndaşların sərbəst toplaşmaq hüququ respublikanın bütün ərazisinə aid olmalıdır. Qanunda kütləvi tədbirlərin harada qadağan olunduğu yerlər aydın şəkildə göstərilib. Amma hakimiyyət yalnız "Məhsul" stadionunda və şənbə günü mitinq keçirməyə razılıq verir. Biz yürüşlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik, qurumdan bizə bildirdilər ki, ümumiyyətlə, yürüş keçirmək olmaz. Təəssüflər olsun ki, qanunda yazılanlar icra edilmir. Lakin biz təkcə şənbə günü deyil, müxtəlif günlərdə, şəhərin müxtəlif yerlərində kütləvi aksiyaların keçirilməsi istiqamətində mübarizəmizi davam etdirəcəyik".

Son xəbərlər

Orphus sistemi