Naxçıvan Prokurorluğu işə qəbulla əlaqədar müsabiqə elan edib

Naxçıvan Prokurorluğu işə qəbulla əlaqədar müsabiqə elan edib Sənədlər avqustun 1-dən sentyabrın 1-dək qəbul olunacaq
Daxili siyasət
20 İyul , 2015 13:45
Naxçıvan Prokurorluğu işə qəbulla əlaqədar müsabiqə elan edib

Bakı. 20 iyul. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası (MR) Prokurorluğu və MR-in Hərbi Prokurorluğu işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 10 ştat vahidi üzrə müsabiqə elan edib.

"Report" xəbər verir ki, prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən Naxçıvan MR-in ərazisində yaşayış yeri üzrə qeydiyyata alınan və qanunvericiliklə müəyyən edilən tələblərə cavab verən şəxslər müəyyən olunan formada ərizə, şəxsiyyət vəsiqəsinin təsdiq olunan (notarial qaydada) surəti, tərcümeyi-hal və kadrlar uçotuna dair anket (blanklar prokurorluqda verilir), 3x4 və 4x6 sm ölçülərdə hər birindən 4 ədəd ağ fonda rəngli fotoşəkil, ali təhsil barədə (hüquqşünaslıq ixtisası üzrə) diplomun və diploma əlavənin təsdiq olunmuş (notarial qaydada) surəti, əmək kitabçasının təsdiq olunan (notarial qaydada və yaxud iş yeri üzrə) surəti, yaşadığı ünvan üzrə poliklinikadan (forma №86), Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserindən sağlamlıq və narkoloji qeydiyyatda olub-olmadığı barədə arayışlar, yaşadığı ünvan və ailə tərkibi haqqında arayış və yaşadığı ünvan üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış, hərbi biletin əsli və notarial qaydada təsdiq olunan surəti təqdim etməklə Naxçıvan Muxtar Respublikası Prokurorluğuna müraciət edə bilərlər.

Sənədlər Naxçıvan şəhəri, Atatürk küçəsi, 22-də yerləşən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun inzibati binasının qəbul otağında avqustun 1-dən sentyabrın 1-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10.00-dan 18.00-dək qəbul olunacaq.

"Prokurorluğa işə qəbul olunmaq üçün sənədlərini təqdim etmək istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliyinin müəyyən edilməsi məqsədilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcək", - prokurorluğun məlumatında bildirilib.

Test imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi ilə birgə keçiriləcək. Müsabiqədə bərabər nəticələr əldə edən şəxslərdən xarici dilləri mükəmməl bilənlərə üstünlük veriləcək.

Prokurorluğa işə qəbul olunmaq üçün sənədlərini təqdim etmək istəyən şəxslərin nəzərinə çatdırılır ki, onların ali hüquq təhsili Azərbaycan ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar Azərbaycan dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdırlar. Prokurorluğa 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.

Müsabiqənin test imtahanının yekunlarına görə, 70 və daha artıq bal toplamış namizədlər yazılı imtahana buraxılırlar. Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilən qanunların siyahısı və digər məlumatlar barədə əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi