Deputat: "Narazılıqlar Mərkəzi Bankın səhvi nəticəsində yarandığından onlar cavabdehlik daşıyır"

Deputat: "Narazılıqlar Mərkəzi Bankın səhvi nəticəsində yarandığından onlar cavabdehlik daşıyır" "Tək Azərbaycanda deyil, bütün MDB məkanında milli valyutaların hamısı dəyərdən düşüb"
Daxili siyasət
24 Fevral , 2015 13:23
Deputat: Narazılıqlar Mərkəzi Bankın səhvi nəticəsində yarandığından onlar cavabdehlik daşıyır

Bakı. 24 fevral. REPORT.AZ/ “Təəssüf ki, bəzi həmkarlarım makro-iqtisadi göstəriciləri bilmədən ağızlarına gələnləri danışırlar. Azərbaycanda manatın devalvasiyası çoxdan lazım idi. Lakin bu prosesin aparılma yolları var. Qeyd edim ki, tək Azərbaycanda deyil, bütün MDB məkanında milli valyutaların hamısı dəyərdən düşüb. Lakin Azərbaycan öz milli valyutasını uzun müddət qoruyub saxlaya bildi”. “Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan manatının yumşaq devalvasiyası həyata keçirilməli idi: “Lakin manatın dəyəri birdən-birə 34 faiz düşdü. Azərbaycan Mərkəzi Bankı ilə daim əlaqəli şəkildə işləyirdik. Manatın dəyərdən düşməsindən iki gün əvvəl deyilmişdi ki, devalvasiya 85-90 qəpik arasında olacaq. Təəssüf ki, Mərkəzi Bank öz sözünün üstündə dayanmadı. Ona görə də bu çox ciddi prosesdir və əhalinin müəyyən hissəsinə öz mənfi təsirini göstərəcək. Süni qiymət artımı nəinki paytaxda, eləcə də bölgələrdə də artıq hiss olunmağa başlayıb. Buna görə də süni qiymət artımı ilə mübarizədə aidiyyatı dövlət qurumlaru tədbirlər planı hazırlamalıdır. Eyni zamanda, bankalarda olan depozitlərin dəyərdən düşməməsi üçün də yollar axtarmaq lazımdır. Bir sözlə, narazılıqlar Mərkəzi Bankın səhvi nəticəsində yarandığından, onlar cavabdehlik daşıyır”.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə milli valyutanın məzənnəsinin dəyişməsinin bütün dünyada olduğu kimi, Azərbaycanda da ciddi narahatçılıq doğurduğunu deyib: “Neftin qiymətinin dünya bazarında aşağı düşməsi bu prosesə təsir edən amillərdən biridir. Nəzərə alaq ki, 2015-ci ilin dövlət büdcəsində neftin 1 bareli 90 dollar nəzərdə tutulsa da, hazırda bu göstərici 60 dollar civarındadır. 60 dollarlıq göstərici ilin sonun qədər belə qalsa, Azərbaycan dövlət büdcəsinin itkisi 6-7 milyard manat olacaq. Manatın sabit qalması üçün Mərkəzi Bank ildə 2-2,5 milyard investisiya yatırır. Ekspertlər haqlı olaraq qeyd edirlər ki, bu proses uzun müddət davam edə bilməz. Çünki bu prosesin uzun müddət davam etməsi bankların ehtiyyatının tükənməsinə gətirib çıxara bilər. Son 10 ildə Azərbaycan iqtisadiyyatı çox inkişaf edib və istəməzdim ki, həmin inkişafa kölgə salaq”.

Son xəbərlər

Orphus sistemi