Yuxarı

Müəssisələrin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərin səhmlərinin buraxılışı və qeydiyyatı qaydaları müəyyənləşib

Sənədi Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov imzalayıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası “Dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışı, qeydiyyatı və tədavülü Qaydaları”nı təsdiq edib.

“Report”un əldə etdiyi məlumata görə, sənədi qurumun İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov imzalayıb.

Bu qaydalar dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışı, qeydiyyatı və tədavülü qaydalarını tənzimləyir.

Emitent səhmlərinin yerləşdirilməsi hüququnu səhm buraxılışının dövlət qeydiyyatından keçdiyi andan əldə edir.

Səhm buraxılışının dövlət qeydiyyatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müraciəti ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilir.

Səhmlərin buraxılışının dövlət qeydiyyatı üçün Komitə Palataya aşağıdakı sənədləri təqdim edir:

1. səhmlərin qeydiyyata alınması üçün ərizə,

2. emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və nizamnaməsinin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq olunmuş surətləri,

3. dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi barədə Komitənin qərarının (sərəncamın) surəti.

Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi barədə qərarda (sərəncamda) aşağıdakılar əks olunmalıdır:

1. Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi barədə qərarı (sərəncamı) qəbul etmiş səlahiyyətli orqanın adı və qərarın (sərancamın) qəbul edilmə tarixi,

2. emitentin tam adı və hüquqi ünvanı,

3. bir səhmin nominal dəyəri,

4. səhmlərin ümumi sayı,

5. səhmlərin növü,

6. səhmlərin forması,

7. səhmlərin yerləşdirilməsi qaydaları,

8. səhm mülkiyyətçisinin bir səhmlə təsbit edilmiş hüquqları və emitentin səhm mülkiyyətçiləri qarşısında olan öhdəlikləri.

Palata səhm buraxılışının dövlət qeydiyyatını sənədlər təqdim edildiyi tarixdən etibarən 15 gün ərzində həyata keçirir və Komitəyə qiymətli kağızların dövlət reyestrindən çıxarış verir.

Səhm buraxılışının qeydə alınmasından imtina edilməsi üçün əsaslar aşağıdakılardır:

1. təqdim olunmuş sənədlərin və onlarda olan məlumatların məzmununun bu Qaydaların tələblərinə uyğun olmaması,

2. səhmlərin qeydiyyatı üçün əsas olan sənədlərə qeyri-dürüst və ya təhrif olunmuş məlumatların daxil edilməsi.

Palata səhm buraxılışının qeydiyyata alınmasından imtina etdikdə səhmlərin dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlər geri qaytarılmır.

Səhmlərin alğı-satqısı və digər qaydada özgəninkiləşdirilməsi Mülki Məcəllə və dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Səhmdar cəmiyyətin səhmlərinin satışına dair yekun məlumatlar Komitə tərəfindən Milli Depozit Mərkəzinə təqdim edilir. Milli Depozit Mərkəzi təqdim olunmuş sənədlər əsasında səhmdarların reyestrini formalaşdırır və səhmdarların səhmlər üzərində mülkiyyət hüququnun təsdiqinə dair müvafiq sənədlərin verilməsini təmin edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi