MSK siyasi partiyaların maliyyə hesabatlarına həsr olunmuş seminar təşkil edib

MSK siyasi partiyaların maliyyə hesabatlarına həsr olunmuş seminar təşkil edib “Biz belə tədbirlər keçirməklə siyasi partiyaların məsuliyyətli olmağa çağırırıq”
Daxili siyasət
16 Mart , 2016 11:47
MSK siyasi partiyaların maliyyə hesabatlarına həsr olunmuş seminar təşkil edib

Bakı. 16 mart. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların maliyyə hesabatlarına həsr olunmuş seminar keçirib.

“Report” xəbər verir ki, tədbirdə ölkədə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri iştirak edib.

Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Natiq Məmmədli çıxış edib. O, MSK-nın ikinci belə tədbir keçirdiyini deyib: “Maliyyə hesabatlarının Mərkəzi Seçki Komissiyası 2014-cü ildən başlayıb. Əvvəlki il bir qədər çətinliklər oldu, maarifləndirməyə ehtiyac vardı. Biz belə tədbirlər keçirməklə siyasi partiyaları məsuliyyətli olmağa çağırırıq. Hər bir partiya illik maliyyə hesabatını təqdim etməlidir. Bu, şəffaflıq üçün əsasdır”.

Sonra çıxış edən MSK üzvü Ramiz İbrahimov “Siyasi partiyaların maliyyə hesabatları. İllik və seçkilərlə əlaqədar maliyyə hesabatlarının tərtib edilməsi, müvafiq səlahiyyətli orqanlara göndərilməsi, nəzərdən keçirilməsi və ictimailəşdirilməsinin xüsusiyyətləri” mövzusunda çıxış edib. O bildirib ki, siyasi partiyalar illik maliyyə hesabatlarını təqdim edərkən qanunvericiliyə əsaslanmalıdırlar, pozuntuya yol verməməlidirlər.

Auditorlar Palatasının Maliyyə İdarəsinin rəisi Vəli Rəhimov “Siyasi partiyaların illik maliyyə hesabatlarının tərtib edilməsində müstəqil auditorun rolu, hüquq və vəzifələri. Auditor rəyinə və hesabatına dair tələblər” mövzusunda məruzə edib.

Daha sonra Ədliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatları iş şöbəsinin müdiri Səbinə Salmanova da maliyyə hesabatları ilə əlaqədar qanunvericiliyin tələblərinin pozulmasına dair məsuliyyətlə bağlı fikirlərini bildirib.

Tədbir sual və müzakirələrlə qapalı davam etdirilib.

Son xəbərlər

Orphus sistemi