Yuxarı

Mingəçevirdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 9,5 milyon manat ayrılıb

Mingəçevirdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 9,5 milyon manat ayrılıb
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamda qeyd olunub ki, ölkədə əhalinin içməli su ilə təminatının və bununla bağlı xidmətlərin yaxşılaşdırılması istiqamətində sistemli fəaliyyət həyata keçirilir. Аzərbаycаn Respublikası Prezidentinin müvafiq fərmanları ilə təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində regionların içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulmuş, bu sahədə mühüm işlər görülüb: "Bu tədbirlərin davamı olaraq, Mingəçevir şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə həyata keçirilən şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin növbəti mərhələsi olaraq, həcmi 10000 kubmetr olan bir ədəd su anbarının tikintisinin tamamlanması, diametrləri 110-225 mm, uzunluğu 21,5 km olan paylayıcı su şəbəkəsinin, diametri 200-500 mm, uzunluğu 5,3 km olan kanalizasiya şəbəkəsinin, diametri 630-800 mm, uzunluğu 4,5 km olan magistral kanalizasiya kollektorunun tikintisi və ilkin mərhələdə görülmüş işlər nəticəsində sökülən 42200 kvadratmetr asfalt örtüyünün bərpası zərurəti yaranıb".

Sərəncama əsasən, Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 9,5 milyon (doqquz milyon beş yüz min) manat ayrılıb. 

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməlidir. 

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi