Milli Məclisin sədr müavini: "Azərbaycanın müdafiə qüdrəti getdikcə yüksəlir"

Milli Məclisin sədr müavini: "Azərbaycanın müdafiə qüdrəti getdikcə yüksəlir" "İnsanların Azərbaycan ordusuna inamını daha da artır"
Daxili siyasət
15 Mart , 2016 18:01
Milli Məclisin sədr müavini: Azərbaycanın müdafiə qüdrəti getdikcə yüksəlir

Bakı. 15 mart. REPORT.AZ/ "Hökumətin gördüyü bütün işlər Azərbaycan vətəndaşının gələcək rifahı üçündür". "Report"un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi parlamentin sədr müavini Bahar Muradova deyib.

B.Muradovanın sözlərinə görə, bu sahədə görülən işlər qənaətbəxş sayılmaqla yanaşı, yeni istiqamətlərin yarandığını da vurğulamaq lazımdır.

B.Muradova onu da əlavə edib ki, ötən il təmas xəttində təxribatların daha çox baş verməsi ilə yadda qalıb: "Azərbaycanın müdafiə qüdrəti getdikcə yüksəlir, eyni zamanda, ordu hissələrində hərbi intizam daha da gücləndirilir. Bundan başqa, düşmən təxribatına tutarlı cavab verilməsinin nəticəsi olaraq insanların Azərbaycan ordusuna inamını daha da artır".

O, həmçinin səfərbərlik xidməti sahəsində müşahidə edilən bir sıra qanun pozuntularının, korrupsiya hallarının azaldığını vurğulayıb.

Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, hökumətin hesabatında yer alan dövlət informasiya siyasəti bölməsində AZƏRTAC və AzTV ilə yanaşı, Milli Televiziya və Radio Şurasının da gördüyü işlər yer almalıdır, çünki həmin qurum kifayət qədər məhsuldar fəaliyyət göstərib.

Şura sədri vurğulayıb ki, bu gün dövlətin informasiya siyasətində əsas iştirakçılardan biri də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur: "Qurumun ölkə mətbuatına verdiyi töhfələr göz qabağındadır. Yaxşı olar ki, növbəti illərdə hesabatın "dövləti informasiya sahəsi" bölümündə AZƏRTAC-la yanaşı, KİVDF və digər əlaqədar qurumların da fəaliyyətindən bəhs edilsin".

Ə.Amaşov eyni zamanda, ölkədə baş verən sonuncu devalvasiyanın mediayaya mənfi təsir göstərdiyini xatırladıb: "Mən bu məsələylə bağlı bir dəfə fikirlərimi bildirmişdim. Yenidən ona qayıtmağı vacib sayıram. Məlumdur ki, devalvasiya mediaya da mənfi təsirini göstərib. Kağız bahalaşıb, çap xərcləri artıb. Bununla yanaşı, ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərinə əlavə dəyər vergisinin tətbiqinə də başlanılıb. Bu, onsuz da çətin olan vəziyyəti bir qədər də mürəkkəbləşdirib. Media ictimaiyyəti məsələdən narahatdır. Bu gün bir çox media orqanının fəaliyyətində durğunluq yaranıb. İşini dayandıran KİV-lər var. Əlavə dəyər vergisindən Azərbaycan büdcəsinə daxil olan vəsaitin miqdarı o qədər də böyük deyil. Bu rəqəm təxminən yarım milyon manata yaxındır. Ancaq bu vəsait maliyyə sıxıntısı keçirən KİV-lər üçün heç də az deyil. Onlar onsuz da məhdud büdcə ilə fəaliyyət göstərirlər. Təklif edirəm ki, medianın cəmiyyət həyatındakı rolu əsas götürülərək ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi götürülsün. Azərbaycan hökumətindən mövcud istiqamətdə əməli tədbirlərin görülməsini xahiş edirəm".

Parlamentin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov isə qeyd edib ki, parlamentə seçilənlərin hökumətin fəaliyyətini qeyri-qənaətbəxş hesab etməsi doğrudan da gülünc hesab olunur: "Əgər hökumət bu cür fəaliyyət göstərməsəydi, onda sən, parlamentə necə seçilə bilərdin?

2015-ci ildə büdcə dolub, insanlar əməkhaqlarını, pensiyasını heç bir kəsr olmadan alıb. Tikinti-quruculuq abadlıq işləri davam etdirilib. Bunların hamısı verilən qiymətdir. Burada bəzi məsələlər qaldırıldı. Biz burada büdcəni müzakirə etmirik, hesabata qiymət veririk". 

Son xəbərlər

Orphus sistemi