Məzahir Pənahov: “Bu seçkiyə maraq böyükdür”

Məzahir Pənahov: “Bu seçkiyə maraq böyükdür” “Hər hansı problem olarsa, MSK dərhal araşdırma aparacaq”
Daxili siyasət
6 Fevral , 2018 16:38
Məzahir Pənahov: “Bu seçkiyə maraq böyükdür”
MSK sədri Məzahir Pənahov / Report

Bakı. 6 fevral. REPORT.AZ/ “Azərbaycan ictimaiyyəti kifayət qədər savadlı, intellektualdır. Bu il Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Ölkədə bu seçkiyə maraq böyükdür”.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın növbədənkənar Prezident seçkiləri ilə bağlı keçirilən iclasında deyib.

O bildirib ki, seçkilərdə Seçki Məcəlləsinin və Konstitusiyanın tələblərinə zidd hər hansı hadisə baş verə bilməz: “Hər hansı problem olarsa, MSK dərhal araşdırma aparacaq. Biz məsələləri daha çox namizədin xeyrinə həll etməyə çalışırıq. Seçkilərə diqqətli yanaşmalıyıq. İnanıram ki, Kütləvi İnformasiya Vasitələri (KİV) də bu seçkini lazımınca işıqlandıracaqlar. Media vasitələri millətin avanqard qrupudur. Ölkədə baş verən proseslər onların vasitəsilə işıqlandırılır. Əgər hər hansı media orqanı dövlətə xidmət edirsə, burada problem ola bilməz. Müdaxilə etməyə cəhd edənlər ola bilər. Biz bir yerdə olmalıyıq”.

M.Pənahov qeyd edib ki, bütün proseslərin fövqündə jurnalistlər dayanır: “Bütün ölkələrdə belədir. Mərkəzi Seçki Komissiyası həmişə kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlıq edib. Azərbaycanda keçirilən bütün seçkilər xalqın iradəsi əsasında keçilir. Bu məsələyə kimsə müdaxilə edə bilməz. İdeal heç bir proses olmur. Həmişə demişik ki, proseslərdə müəyyən pozuntular ola bilər. Çünki bu prosesin milyonlarla iştirakçısı olur, seçimlər də müxtəlifdir. Qanunvericilikdə nə tələb edirsə, ona uyğun iş qurulacaq. Azərbaycanda 5 min seçki məntəqəsi var. 2000-ci ildə hansısa məntəqədə problem olurdusa və iddia edilirdisə ki, bu pozuntu olmasaydı, filan namizəd seçiləcəkdi, artıq elə hallar baş vermir, məsələ dərhal araşdırılır, qiymət verilir. Mərkəzi Seçki Komissiyası seçkilərin keçirilməsində böyük təcrübə qazanıb”.

Son xəbərlər

Orphus sistemi