Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb Məktubda Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara imza atılacağına əminlik ifadə olunub
Daxili siyasət
24 İyul , 2015 17:10
Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

Bakı. 24 iyul. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Mətbuat Şurasından "Report"a verilən xəbərə görə, məktubda bildirilir ki, bu günlərdə bütün ölkə ictimaiyyətində və mediasında əsl bayram ab-havası hökm sürdü: "Yüzlərlə həmkarımız fəxri adlarla, diplomlarla, orden və medallarla, Prezident təqaüdü ilə təltif olunmaqla böyük sevinc hissi yaşadı. 

Müstəqillik illərində dördüncü dəfədir ki, belə təntənəli anlara şahidlik edildiyinin xatırlandığı məktubda bu ənənənin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu göstərilir: "İyulun 21-də Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə keçirdiyiniz görüşdə səsləndirdiyiniz fikirlər belə dəst-xəttin davamlılığından xəbər verir”.

Məktubda Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında 2 iyun 2015-ci tarixdə imzaladığı sərəncama xüsusi diqqət yetirilir: “Azərbaycan mətbuatının ötən 140 ildə keçdiyi yol milli şüur və düşüncə ictimai fikir tariximizin mühüm mərhələsidir. Bu yolda xalqımız bir çox məhrumiyyətlərə də qatlaşdı, çətinliklərə də sinə gərdi. Ancaq ötən zaman kəsiyinin təhlili göstərir ki, qazandıqlarımız itirdiklərimizi xeyli üstələdi. Çünki böyük mütəfəkkir Həsən bəy Zərdabinin gərgin əməyinin məhsulu olan "Əkinçi" qəzetinin fəaliyyəti yalnız mətbu hadisə deyil, bütövlükdə xalqın gələcək taleyini müəyyənləşdirən cərəyan rolunu oynadı. 1875-ci ilin 22 iyul tarixindən başlanmış missiya 43 il sonra birinci, 116 il sonra isə ikinci zəfər taleyini yaşadı. Bu tale payının adı müstəqil Azərbaycan Respublikası idi. Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncamınızı ilk növbədə məhz zəfər tariximizə verdiyiniz böyük dəyərin nümunəsi kimi qəbul edirik”.

Məktubda dövlət başçısının Mətbuat Şurasının missiyasını yüksək qiymətləndirməsi Şuraya olan etimad nümunəsi kimi yada salınır. Qurumun bu etimadı doğrultmaq üçün var gücü ilə çalışacağı bildirilir. Qeyd edilir ki, Azərbaycan dövlətinin media siyasəti həm mətbuatımızın tarixi missiyasına qiymət, həm də demokratik dövlət quruculuğu prosesində jurnalistikanın ictimai institut kimi yeri və rolunun vurğulanması baxımından önəmlidir: “Bu münasibəti təsdiqləyən bir çox konkret addımların atılmasına şahidik. Azərbaycanda mediaya dövlət dəstəyinin sistemli şəkil almasını, kütləvi informasiya vasitələri işçilərinin sosial şəraitlərini yaxşılaşdırmaq məqsədilə onlar üçün yaşayış binasının inşasını xüsusi qeyd etməliyik”. 

Məktubda həmçinin Azərbycanın Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara imza atacağına əminlik ifadə olunur: “Sizə bu yolda möhkəm cansağlığı arzulayırıq. Uğurlarınızın, uğurlarımızın müjdəçisi olmaq qürurumuzdur”.

Son xəbərlər

Orphus sistemi