Mehriban Əliyeva: "Bir dəfə səhv edən insanların cəmiyyətdə öz yerlərini tutmalarına, layiqli həyat yaşamalarına şans verməliyik"

Mehriban Əliyeva: "Bir dəfə səhv edən insanların cəmiyyətdə öz yerlərini tutmalarına, layiqli həyat yaşamalarına şans verməliyik" Azərbaycanın birinci xanımı: "Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır"
Daxili siyasət
20 May , 2016 12:29
Mehriban Əliyeva: Bir dəfə səhv edən insanların cəmiyyətdə öz yerlərini tutmalarına, layiqli həyat yaşamalarına şans verməliyik

Bakı. 20 may. REPORT.AZ/ "Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2007-ci ildən amnistiya aktları əsasında 30 minə yaxın məhkum müxtəlif növ cəzalardan azad edilib".

"Report" xəbər verir ki, bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyeva Milli Məclisdə "Amnistiya aktı haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. 

O qeyd edib ki, Heydər Əliyev Fondu 12 illik fəaliyyəti ilə həm ölkədə, həm də xaricdə hörmət və inam qazanan təşkilata çevrilib: "Bu gün bizə üz tutan insanlar Heydər Əliyev Fondunu son ümid yeri kimi qiymətləndirirlər. Biz bu ümidi daim doğrultmağa çalışırıq.

Bu gün azadlıqdan məhrum olunmuş minlərlə məhkumun ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq, normal həyat tərizi qurmaqdır. Onları bağışlamaq, onlara yeni şans vermək, həyatlarında başqa yolu - cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşmaq prinsiplərində qurulan yeni ömür yolunu vermək deməkdir".

M.Əliyeva vurğulayıb ki, hər bir cinayət törədən insan öz səhvlərini dərk etməli və gələcəkdə bu səhvlərə yol verməməlidir: "Eyni zamanda, həm dövlətimiz, ictimaiyyətimiz, hər birimiz azadlığa çıxan insalara, onların normal həyat tərzi qurmaqlarına yardım etməliyik".

Azərbaycanın birinci xanımı bildirib ki, "Amnistiya aktın"a əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud I və ya II qrup əlil övladları olanlar, Azərbaycanın suverənliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülən və və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcək: "Həmçinin, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə cəzadan azad olunmaları gözlənilir".

Onun sözlərinə görə, aparılan təhlillərə əsasən, təqribən 10 000 şəxsin amnistiya aktının təsiri altına düşməsi, onlardan 3 500-ə yaxın məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi proqnozlaşdırılır: "Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əli uzatmaq deyil.

Bir dəfə səhv edən insanların bağışlanmaq hüququ var. Bu gün biz onlara yenidən cəmiyyətdə öz yerlərini tutmalarına, layiqli həyat yaşamalarına şans verməliyik. Əminəm ki, amnistiya aktı bir daha Azərbaycan dövlətinin gücünü nümayiş etdirəcək. Ümidvaram ki, aministiya şamil olunan şəxslər cəmiyyətimizin layiqli vətəndaşları olmağa şans əldə edəcəklər".

Son xəbərlər

Orphus sistemi