Yuxarı

Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsinin elmi-nəzəri təhlilinə dair dəyirmi masa keçirilib

Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunda ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə - hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanın elmi-nəzəri təhlili” mövzusunda dəyirmi masa təşkil olunub.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə bu fərmanın ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün məhkəmə - hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına və bu sahədə islahatların dərinləşəcəyinə böyük ümid yaratdığını qeyd edib. O bildirib ki, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun əsas məqsədi hüquq, insan hüquq və azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin aparılması, elmi tövsiyələrin hazırlanması və bu sahədə hüquqi biliklərin dərinləşdirilməsini təmin etməkdən ibarətdir. Məhz buna görə məlum sənədin elmi-nəzəri təhlilinə ehtiyac var.

Prezident İlham Əliyevin müvafiq fərmanının giriş hissəsində bildirilir ki, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir. Eyni zamanda ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır. Bu fərman dövlətimizin başçısının daim xalqın qayğısına qaldığını, ölkənin inkişafı, sahibkarlığın güclənməsi, qeyri-neft sektorunun inkişafına, insan kapitalına və bütün sahələrdə islahatların aparılmasına maraqlı olmasının göstəricisidir.

Tədbirdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun hüquqşünas alimləri məlum fərmanın icrası ilə bağlı elmi yanaşmanı səsləndirib, müvafiq təkliflərini veriblər. Eyni zamanda səsləndirilən təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb, nəticə etibarilə fərmanın ölkəmizin taleyüklü məsələlərinin həllində xüsusi önəm daşıyacağına əminlik ifadə olunub.

Dəyirmi masada Azərbaycan Respublikası Milli Məclisinin müvafiq komitələrini təmsil edən deputatlar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Respublika Baş Prokurorluğunun Elm və Tədris Mərkəzinin nümayəndələri və institutun hüquqşünas alimləri, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi