Yuxarı

Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağı keçirilib

Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağı keçirilib
Məhkəmə fəaliyyətinin aktual məsələləri ətrafında səmərəli müzakirələr, təcrübə və fikir mübadiləsi aparılıb

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağı keçirilib.

"Report"un xəbərinə görə, tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Yığıncaqda Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) və Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının illik hesabatı dinlənilib. Məruzə ilə çıxış edən birliyin və ittifaqın sədri, Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın stabil inkişafından, müxtəlif sahələrdə qazanılan uğurlardan danışıb. O, ötən ilin sentyabrında keçirilmiş referendumdan sonra baş verən mühüm yenilikləri qeyd edərək, Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsinin ölkəmizin müasir dövlət idarəetməsi sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olduğunu bildirib.

Tədbirdə dövlət başçısının imzaladığı "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli sərəncamının xüsusi əhəmiyyəti vurğulanıb, proqram xarakterli bu mühüm sənəddən irəli gələn vəzifələr diqqətə çatdırılıb.

Ə.Cəfərov görülən işlərlə bağlı ədliyyə orqanlarının inkişafına və məhkəmə sisteminin müasirləşməsinə xidmət edən mütərəqqi islahatların müsbət nəticələrini vurğulayaraq, qeyd edib ki, uğurla aparılan məhkəm-hüquq islahatlarına beynəlxalq təşkilatlar tərəfindən böyük maraq göstərilərək, bu sahədə Azərbaycan təcrübəsi ən mütərəqqi nümunə kimi qəbul edilir, ölkəmiz mötəbər qurumların rəhbərliyində təmsil olunur. Ədliyyə naziri Fikrət Məmmədovun sədrlik etdiyi Məhkəmə-Hüquq Şurasının ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi ilə bağlı mühüm fəaliyyəti qeyd edilib, məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə xidmət edən islahatlar, o cümlədən məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi, yüksək beynəlxalq tələblərə cavab verən yeni məhkəmə binalarının və komplekslərinin tikilib istifadəyə verilməsi, elektron məhkəmənin və qabaqcıl İKT-lərin tətbiqi, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi və digər beynəlxalq miqyasda təqdir olunan nailiyyətlər xüsusilə vurğulanıb.

Tədbirdə Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosasiyasının) sədri, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi hesabat məruzəsi ilə çıxış edərək, Assosiasiyanın ötən dövr ərzindəki fəaliyyəti barədə ətraflı məlumat verib.

Bildirilib ki, insan hüquqularının qorunmasını özünün ali məqsədi elan etmiş Azərbaycan dövləti nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və məhkəmə sisteminin müasirləşdirilməsinə yönəlmiş köklü məhkəmə-hüquq islahatlarını uğurla davam etdirir. Bu baxımdan Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünüidarəetməyə dəstək” layihəsi mühüm əhəmiyyət kəsb edir. Layihənin əsas istiqamətləri məhkəmə prosesində vaxtın idarə olunması və məhkəmə xidmətlərinin keyfiyyətinin artırılması, o cümlədən hakimlərin təlimi proqramının və metodologiyasının təkmilləşdirilməsidir.

Bununla əlaqədar təcrübələrin və məhkəmə xidmətlərinin keyfiyyətinin və səmərəliliyinin artırılması üçün tətbiq olunan metodların qiymətləndirilməsi, hədəflərin və Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) rəhbər sənədlərinin və alətlərinin icrası üçün layihə çərçivəsində icra edilməli olan konkret fəaliyyətlərin müəyyənləşdirilməsi məqsədi ilə Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurası tərəfindən 5 pilot məhkəmə (Sumqayıt və Şəki apellyasiya, Sumqayıt İnzibati-İqtisadi, Yasamal və Oğuz rayon məhkəmələri) müəyyən edilib və müxtəlif vaxtlarda pilot məhkəmələrlə tanışlıq səfərləri təşkil olunub, Avropa ölkələrində və Bakıda faydalı tədbirlər keçirilib.

Layihə çərçivəsində 2016-cı il ərzində pilot məhkəmələrdə məmnuniyyət sorğularının təşkilinə hazırlıq işləri görülüb, hakim və məhkəmə aparatı işçiləri üçün məhkəmələrin idarə edilməsi mövzusunda təlimlər keçirilib, məhkəmə statistikası və məhkəmələrdə vaxtın idarə olunması üzrə CEPEJ təlimatlarının tətbiqi üzrə qabaqcıl xarici təcrübə öyrənilib.

Məmnuniyyət sorğularının keçirilməsi ilə bağlı Strasbuqda və Bakıda seminar və praktiki məşğələlər təşkil edilib, Avropa Şurasının ekspertləri tərəfindən müvafiq məlumat kitabçası təqdim olunub, sorğuların keçirilməsi metodologiyası, sorğu anketlərinin məzmunu, sualların xarakteri, onların qruplaşdırılması, sorğular keçirilməmişdən əvvəl bu barədə respondentlərin məlumatlandırılması, sorğuların keçirilməsi usulları və formaları, məlumatın toplanması və emalı, yekun hesabatın formalaşdırılması, məmnuniyyət sorğuları barədə ictimaiyyətin məlumatlandırılması barədə məlumat verilib, ayrı-ayrı ölkələrdə belə sorğuların keçirilməsi təcrübəsi öyrənilib.

Hərtərəfli nəzəri və praktiki hazırlıq əsasında 2016-cı ilin avqust-oktyabr aylarında 5 pilot məhkəmədə məmnuniyyət sorğuları keçirilib və Avropa Şurası ekspertlərinin ilkin rəyinə görə bu iş yüksək səviyyədə yerinə yetirilib. Əldə olunmuş bu mühüm təcrübənin əhəmiyyəti vurğulanaraq qeyd olunub ki, gələcəkdə Azərbaycanın bütün məhkəmələrində belə sorğuların keçirilməsi üçün Avropa Şurası ilə qarşılıqlı faydalı əməkdaşlıq davam etdirilir.

Tədbirdə həmçinin, Ali Məhkəmənin Cinayət kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Şahin Yusifov, Ali Məhkəmənin hakimləri Əsəd Mirzəliyev və Xəqani Məmmədov cinayət, mülki və inzibati-iqtisadi işlərə baxılmasının xüsusiyyətləri barədə məruzələrlə çıxış edib, Yasamal Rayon Məhkəməsinin hakimi, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) vitse-prezidenti Ramin Qurbanov “Elektron Məhkəmə” İnformasiya sisteminin bəzi komponentlərinin yaradılması vasitəsilə məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasında əldə olunan nəticələr barədə məlumat verib, məhkəmə fəaliyyətinin aktual məsələləri ətrafında səmərəli müzakirələr, təcrübə və fikir mübadiləsi aparılıb.

Yığıncaqda həmçinin, təşkilati məsələlərə baxılıb, hər iki birliyə yeni üzvlər qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi