Yuxarı

Azərbaycanda ləğv edilən dövlət qurumlarının əməkdaşları işlə təmin ediləcəklər

© Report

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanda ləğv edilən dövlət qurumlarının işçiləri həmin nazirliklərdə, yaxud digər nazirlik, agentlik və komitələrdə işlə təmin ediləcəklər.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanda əksini tapıb.

Fərmanda qeyd olunub ki, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Milli Arxiv İdarəsi və Dövlət İmtahan Mərkəzi ləğv olunan dövlət orqanlarında işləyən dövlət qulluqçularına münasibətdə “Dövlət qulluğu haqqında” qanunun 21.1.6-cı (dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük) maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi uyğun olaraq tədbirlər görməlidirlər.

Gənclər və İdman Nazirliyinə, Təhsil Nazirliyinə, Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Vergilər Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, Dövlət Miqrasiya Xidmətinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ləğv olunan dövlət qurumlarında (struktur bölmələrində) işləyən işçilərin tabeliklərində olan digər qurumlarda və ya struktur bölmələrində müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görmək və nəticəsi barədə Prezidentə məlumat vermək tapşırığı verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi