Azərbaycan Prezidenti: "Korrupsiya, rüşvətxorluq bizim uğurlu inkişafımızı əngəlləyən əsas bəlalardır"

Azərbaycan Prezidenti: "Korrupsiya, rüşvətxorluq bizim uğurlu inkişafımızı əngəlləyən əsas bəlalardır" "Azərbaycanda idarəçilikdə ciddi islahatlar, xoşagəlməz hallara qarşı mübarizə aparılır"
Daxili siyasət
17 Oktyabr , 2016 18:18
Azərbaycan Prezidenti: Korrupsiya, rüşvətxorluq bizim uğurlu inkişafımızı əngəlləyən əsas bəlalardır

Bakı. 17 oktyabr. REPORT.AZ/ "2003-cü il seçim ili idi. Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, yenə də Azərbaycan xalqı düzgün seçim etmişdir. 2003-cü ildən bu günə qədər Azərbaycanda sürətli inkişaf dövrü yaşanır, Heydər Əliyev siyasəti davam etdirilir. Bu, müstəqilliyimizin üçüncü dövrüdür. Bu üçüncü dövr ikinci dövrün məntiqi davamıdır".

"Report"un məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbulda deyib.

Dövlət başçısı bildirib ki, bu illər ərzində Azərbaycan bütün istiqamətlər üzrə çox böyük uğurlara imza atdı: "Bizim beynəlxalq əlaqələrimiz genişləndi. Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir. İkitərəfli əlaqələr inkişaf edir, biz dünyada daha çox dostlar qazanırıq. Üzv olduğumuz bütün təşkilatlarda bizim sözümüzün böyük çəkisi var. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe daha çox beynəlxalq dəstək qazanır. Artıq dünya ictimaiyyəti bilir ki, reallıq nədən ibarətdir. Yəni, bizim torpaqlarımız işğal altındadır. BMT Təhlükəsizlik Şurasının, digər təşkilatların qətnamələri icra edilmir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq əsasında həll edilməsi bizim prinsipial mövqeyimizdir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Beynəlxalq münasibətlər istiqamətində bizim hörmətimizi əks etdirən tarixi hadisə bir neçə il bundan əvvəl baş vermişdir. Biz BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Bu hadisə təkcə ona görə önəmli deyil ki, biz dünyanın ali orqanına seçildik və orada iki dəfə sədrlik etdik. Ona görə önəmlidir ki, dünyanın 155 ölkəsi bizə səs verdi, özü də çox ağır mübarizə şəraitində. Bəzi qüvvələr bizə qarşı birləşmişdi və imkan vermək istəmirdilər ki, Azərbaycan seçilsin. Yəni, biz o yerə böyük çətinliklə sahib olduq. Bu, da daha bir göstəricidir. Yəni, dünya birliyi deyəndə biz bütün ölkələri nəzərdə tuturuq. Dünya birliyi bu gün bizi dəstəkləyir".

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda idarəçilikdə ciddi islahatlar, xoşagəlməz hallara qarşı mübarizə aparılır: "Korrupsiya, rüşvətxorluq bizim uğurlu inkişafımızı əngəlləyən əsas bəlalardır. Bu istiqamətdə də institusional tədbirlərin görülməsi öz gözəl nəticəsini verməkdədir. Biz artıq dünyaya intellektual məhsul təqdim edirik, hətta ixrac edirik. “ASAN xidmət” bizim məhsulumuzdur. Artıq bu xidmətə 12 milyon müraciət olmuşdur, 4 milyona yaxın insan bu imkanlardan istifadə edir və indi başqa ölkələrdə bu təcrübə öyrənilir. Biz gələcəkdə də dünya bazarlarına şaxələndirilmiş ixrac imkanlarımızı təqdim etməliyik. O cümlədən intellektual məhsulun ixracı xüsusi əhəmiyyət daşıyır".

Dövlət başçısı vurğulayıb ki, qonşularla münasibətlər ən yüksək səviyyədədir: "Heç bir problemimiz yoxdur. Belə də olmalıdır. Əgər hər bir ölkə bizim kimi qonşularla münasibətləri qura bilsəydi, dünyada heç bir müharibə baş verməzdi. Müharibələrin əsas səbəbi ondan ibarətdir ki, qonşular bir-biri ilə yola getmir. Yenə də deyirəm, əgər 1990-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, heç vaxt Ermənistan-Azərbaycan müharibəsi başlamazdı. Biz heç vaxt buna imkan verməzdik. Ancaq bu gün biz bu problemi həll etməliyik. Bunun həm diplomatik yolları var, həm digər yolları. Biz ordu quruculuğu istiqamətində çox böyük addımlar atmışıq. Bu gün beynəlxalq ekspertlər də qeyd edirlər ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Biz bunu bilirdik, ancaq bu gün bunu bütün dünya bilir. Bu ilin aprelində təmas xəttində baş vermiş hadisələr Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Bizim ordumuz əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi. Orada indi Azərbaycan bayrağı dalğalanır. Bu, bizim gücümüzü göstərir. Biz gücümüzü bilirik, gücümüzə əminik və düşmənin istənilən hədəfini məhv edə bilərik. Sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll edilsin".

Son xəbərlər

Orphus sistemi