Konstitusiya Məhkəməsinin Milli Məclisin buraxılması barədə qərarı - TAM MƏTN - YENİLƏNİB

Konstitusiya Məhkəməsinin Milli Məclisin buraxılması barədə qərarı - TAM MƏTN - YENİLƏNİB Bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclasında Milli Məclisin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barədə Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılıb.
Daxili siyasət
4 Dekabr , 2019 15:17
Konstitusiya Məhkəməsinin Milli Məclisin buraxılması barədə qərarı  - TAM MƏTN - YENİLƏNİB

Bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclasında Milli Məclisin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barədə Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılıb.

"Report" xəbər verir ki, Konstitusiya Məhkəməsi Plenumu Milli Məclisin buraxılmasının Azərbaycan Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.

Qərarda deyilir:

“Konstitusiyanın 81-ci maddəsinə görə, Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir. Konstitusiyanın 83-cü maddəsinə müvafiq olaraq, Milli Məclis 125 deputatdan ibarətdir. Konstitusiyanın 84-cü maddəsinin birinci hissəsinə uyğun olaraq, Milli Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Konstitusiyanın 98¹-ci maddəsinin birinci hissəsinə əsasən, Milli Məclisin eyni çağırışı bir ildə iki dəfə Nazirlər Kabinetinin etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Prezidenti tərəfindən 2 dəfə təqdim edildikdən sonra qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Konstitusiyanın 94 və 95-ci maddələrində, 96-cı maddəsinin 2, 3, 4 və 5-ci hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldıra bilməyən səbəblər üzündən icra etmədikdə Azərbaycan Prezidenti Milli Məclisi buraxır.

Konstitusiya Məhkəməsinin Plenumu məsələnin həlli üçün Konstitusiyanın 98¹-ci maddəsində nəzərdə tutulan vəzifələrini aradan qaldıra bilməyən səbəblər üzündən icra etdikdə müddəasının yaranmış vəziyyətə uyğun açıqlamasını zəruri hesab edir. Milli Məclis hakimiyyətin bölünməsi prinsipinə əsasən qanunvericilik hakimiyyəti həyata keçirdiyi üçün əsas vəzifəsi qanunların və qərarların qəbul edilməsidir, onun müəyyən etdiyi ümumi qaydalar, habelə həll etdiyi məsələlər Konstitusiyanın 94 və 95-ci maddələrində təsbit edilib. Müasir demokratik cəmiyyət üçün parlamentin fəallığı böyük əhəmiyyət kəsb edir. Qabaqcıl və mütərəqqi hüquqi aktların qəbul edilməsi ölkədə ictimai münasibətlərin ədalət və hüququn aliliyi əsasında tənzimlənməsini təmin edir. Bu baxımdan qanunvericiliyin üzərinə düşən vəzifələrin məhz ölkənin sürətli inkişafına cavab verəcək şəkildə həyata keçirməsi vacibdir.

Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 98¹-ci maddəsində təsbit edilmiş vəzifələrini aradan qaldıra bilməyən səbəblər üzündən icra etmədikdə müddəası ilə bağlı qeyd edir ki, aradan qaldıra bilməyən səbəblər dedikdə parlamentin mövcud tərkibdə vəzifələrinin icra edilməsini qeyri-mümkün edən səbəblər başa düşülür. Bu baxımdan Milli Məclis Konstitusiya ilə ona verilmiş səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı fəaliyyətini obyektiv qiymətləndirməklə, işini davam etdirib-etdirməməsinin mümkünlüyünə dair qərar qəbul edə bilər. Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarından da göründüyü kimi Milli Məclisin deputatlarının mütləq əksəriyyəti parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə qəti mövqe ortaya qoyub.

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin deputatlarının mütləq əksəriyyətinin parlamentin öz səlahiyyətini artıq həyata keçirə bilməməsi barədə qəti mövqeyinin formalaşmasını nəzərə alaraq hesab edir ki, Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisin buraxılması üçün Konstitusiyanın 98¹-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş əsası yaradır. Belə olan halda Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı əsasında Milli Məclisin buraxılması Konstitusiyanın 98¹-ci maddəsinə uyğundur.

Həmçinin qeyd edilməlidir ki, parlament buraxıldıqda qanunvericilik hakimiyyətinin fasiləsiz fəaliyyətinin təmin edilməsi növbədənkənar parlament seçkilərinin keçirilməsi zamanı parlamentin səlahiyyətlərinin müəyyən dərəcələrlə saxlanılması zəruridir. Bununla əlaqədar qeyd edilməlidir ki, Konstitusiyanın 11-ci maddəsinə əsasən, Azərbaycan Prezidenti Azərbaycan ərazisinin müəyyən hissəsi faktiki işğal olunduqda, xarici dövlət və dövlətlər arasında Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycana qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda Azərbaycanın bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Milli Məclisin təsdiqə verir. Konstitusiyanın 112-ci maddəsinə görə, Azərbaycan Prezidenti təbii fəlakətlər, epidemiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama, habelə dövlət çevrilişinə yönələn hərəkətlər edildikdə, zorakılıq müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat ərzində Milli Məclisin təsdiqinə verir.

Göründüyü kimi, Milli məclisin fəaliyyəti dövlətin, cəmiyyətin və insanların qorunması üçün, Azərbaycan Prezidentinin hərbi və fövqəladə vəziyyətin elan edilməsi barədə fərmanlarının təsdiq olunması üçün və digər bu kimi həyati funksiyaların həyata keçirilməsi ilə bağlıdır. Bu səbəbdən həmin funksiyaların icrası ilə bağlı Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşanadək saxlanılması zəruri hesab edilməlidir. Eyni zamanda Milli Məclisin deputatları Azərbaycanlın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərlə, habelə bir sıra beynəlxalq təşəbbüslərlə bağlı müxtəlif beynəlxalq parlamentlərarası əməkdaşlıq qurumlarının fəaliyyətində iştirak edirlər. Bu səbəbdən parlament buraxıldıqdan sonra həmin səlahiyyətlərin müvəqqəti saxlanılması zəruri hesab edilir.

Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Milli Məclisin yeni çağırışı fəaliyyətə başlayana qədər müstəsna olaraq Konstitusiyanın 111 və 112-ci maddələrində, 95-ci maddəsinin birinci hissəsinin 16-cı və 17-ci bəndlərində nəzərdə tutulmuş və bu kimi digər səlahiyyətlərin, habelə beynəlxalq təşkilatlarda təmsilçilik funksiyaların həyata keçirilməsi üçün Beşinci Çağırış Milli Məclisin müvafiq səlahiyyətlərinin saxlanılması zəruridir.

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı Konstitusiyanın 98¹-ci maddəsinin birinci hissəsinə uyğun hesab edilməlidir.

- Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı əsasında Milli Məclisin Azərbaycan Prezidenti tərəfindən buraxılması Konstitusiyanın 98¹-ci maddəsinə uyğun hesab edilməlidir.

Konstitusiyanın 130-cu maddəsinin 3-cü hissəsinin birinci bəndini, “Konstitusiya Məhkəməsi haqqında” qanunun 52, 62, 63, 65, 67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu qərara alır:

1. Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı Konstitusiyanın 98¹-ci maddəsinin birinci hissəsinin birinci maddəsinə uyğun hesab edilsin.

2. Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı əsasında Milli Məclisin Azərbaycan Prezidenti tərəfindən buraxılması Konstusiyanın 98¹-ci maddəsinə uyğun hesab edilsin.

Qərar elan edildiyi andan qüvvəyə minir”.


*** 14:57

Konstitusiya Məhkəməsinin Milli Məclisin buraxılması barədə qərarının mətni açıqlanıb. 

"Report" xəbər verir ki, qərarda deyilir: 

"Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiyasının 98¹-ci maddəsinə uyğun hesab olunsun.

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli qərarı əsasında Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması Azərbaycan Respublikası Konstitusiyasının 98¹-ci maddəsinə uyğun hesab edilsin.

Qərar elan edildiyi andan qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz".

Son xəbərlər

Orphus sistemi