Yuxarı

Konstitusiya Məhkəməsi Prezident seçkilərinin nəticələrini təsdiqləyib - YENİLƏNİB

Konstitusiya Məhkəməsi Prezident seçkilərinin nəticələrini təsdiqləyib - YENİLƏNİB
Bakı. 17 aprel. REPORT.AZ/ Məruzəçi hakimlərdən Sona Salmanova və Rafael Qvaladze çıxış ediblər.
"Report"un məlumatına görə, S.Salmanova xatırladıb ki, Mərkəzi Seçki Komissiyası Prezident seçkiləri ilə əlaqədar yekun protokolu aprelin 15-də Konstitusiya Məhkəməsinə təqdim edib. R.Qvaladze isə deyib ki, araşdırmalar zamanı Prezident seçkilərilə əlaqədar məhkəmələrə şikayət daxil olmadığı məlum olub. O qeyd edib ki, səsvermənin nəticələrinə əsasən, namizədlərdən ən çox səsi İlham Heydər oğlu Əliyev toplayıb. O, 86.02 faiz seçici səsi qazanıb.

Sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxış edərək deyib ki, Prezident seçkilərində 8 namizəd iştirak edib: “Prezident seçkiləri 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsini əhatə edib".

O qeyd edib ki, seçici siyahılarında olan seçicilərin sayı 5 milyon 293 min 561-dir, 4 seçki məntəqəsinin nəticələri ləğv olunub. 5 milyon 347 min 803 seçki bülletenindən 1 milyon 383 min 792-si istifadə edilmədən ləğv olunub, 1 888 bülleten isə korlanıb, etibarsız hesab edilən səslərin sayı isə 12 min 413, etibarlı hesab edilən səslərin sayı isə 3 milyon 946 min 439-dur. Səsvermədə ümumi seçicilərin 74.30 %-i iştirak edib.

MSK sədri bildirib ki, ölkə üzrə olan seçki məntəqələrinin 20 faizində 1000 veb-kamera quraşdırılıb, kameralar vasitəsilə səsvermə prosesi izlənilib. M.Pənahov qeyd edib ki, səsvermə prosesini 58 min 175 yerli, 894 beynəlxalq müşahidəçi izləyib: “Siyasi partiyalar bu prosesdə kifayət qədər fəallıq göstəriblər. Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı müxtəlif maarifləndirmə tədbirləri həyata keçirib, bu da müsbət nəticəsini verib”.

Hakimlər müşavirəyə yollanıb. Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun qərarını açıqlayıb. Qərara əsasən, Konstitusiya Məhkəməsi Azərbaycan Prezidenti seçkilərinin nəticələrini təsdiqləyib, seçkilərdə ən çox səs toplamış, namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev Prezident elan edilib. Qərar elan olunan andan qüvvəyə minib.


*** 15:02

Bakı. 17 aprel. REPORT.AZ/ Aprelin 11-də keçirilmiş Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə Plenum iclası başlayıb.

“Report”un xəbərinə görə, iclas Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilir. İclasda MSK-nın təqdim etdiyi protokola baxılacaq, seçkilərlə bağlı ümumi məlumat veriləcək.

Məhkəmə baxışı başa çatandan sonra Konstitusiya Məhkəməsi qərar qəbul edəcək.

Konstitusiyanın 103-cü (Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı) maddəsinə əsasən, Azərbaycan Prezidenti seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Xatırladaq ki, aprelin 11-də keçirilmiş Prezident seçkilərinin nəticələrinə əsasən, Prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 %, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3.02%, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3.12 %, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3.03%, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1.38%, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1.52%, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1.17%, "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0.74% səs toplayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi