Yuxarı

Kamandar Nəsibov: "Vəkillərin Azərbaycan Xalq Cümhuriyyəti qarşısında böyük xidmətləri olub"

Kamandar Nəsibov: Vəkillərin Cümhuriyyət qarşısında xidmətləri böyükdü

Azərbaycan Xalq Cümhuriyyətinin bərqərar olmasında vəkillərin, hüquqşünasların da böyük xidmətlərinin olduğu arxivlərdəki sənədlərdən əyani görünür.

Bu barədə “Report”a Vəkillər Kollegiyasının üzvü, müstəqil vəkillik bürosunun rəhbəri Kamandar Nəsibov bildirib.

“1919-cu ilin 30 iyul tarixində Ədliyyə Nazirliyi tərəfindən “Azərbaycan Məhkəmə Palatası dairəsinin Andlı İclasçılar Məclisinin təşkilinə dair” adlı dosye açılıb. O zaman andlı iclasçılar elə vəkil olduqları üçün ölkədəki vəkillərin siyahıları tutulmağa başlanmışdı. Belə ki, Cənubi Qafqazda vəkillərin əksəriyyəti Tiflis dairəsində olub. Gəncə dairəsində və başqa dairələrdəki siyahıları Bakıdakı Azərbaycan Məhkəmə Palatasına cəmləşdirməyə başlamışdılar”, - deyən ekspert həmin siyahıların onun da daxil olduğu vəkillər qrupu tərəfindən bir neçə ay ərzində araşdırıldığını qeyd edib. “Adını çəkdiyim dosyeni böyük çətinliklə tapmışıq. Məqsədimiz Azərbaycanda vəkilliyin yaranma tarixini tədqiq etməkdi. Yalnız iki aya yaxın müddət keçdikdən sonra arxiv əməkdaşlarının da köməyi ilə axtarışlarımız nəticə verdi”, - deyən K.Nəsibovun sözlərinə görə, sənədlərin vəziyyəti onların həmişəlik məhv olma təhlükəsindən xəbər verirmiş.

“Hazırda bu sənədlərin əsli Milli Arxivdə, rəsmi şəkildə təsdiqlənmiş surəti də Vəkillər Kollegiyasında saxlanılır”, - deyən K.Nəsibov sözügedən siyahılarda Cümhuriyyəti yaradanların, dövlət rəhbərlərinin bir çoxunun da adları olduğunu, həmçinin Azərbaycanda vəkillik təsisatının yaranmasında başlıca məram və məqsədlərin göstərildiyini diqqətə çatdırıb: “Azərbaycanda vəkilliyin hansı tarixi şərtlər altında yaranmasını üzə çıxartmaq bizim üçün çox mühüm olub. Cümhuriyyət dövründə Vəkillər Kollegiyamız böyük çətinliklərlə yaranmışdı. Bu işi Ədliyyə Nazirliyinin məsul əməkdaşları üzərinə götürmüşdülər. O ağır dövrdə vətəndaşlarımızın hüquqlarının müdafiəsini düşünərək vəkillik masaları yaradanların hamısına çox şey borcluyuq”.

Müasir dövr vəkilliyinin inkişafından danışan həmsöhbətimiz Vəkillər Kollegiyasının yeni Rəyasət Heyətinin yaranması, Anar Bağırovun Vəkillər Kollegiyasına sədr seçilməsi və qurumun yenidən qurulmasına başlanması ilə yeni dövrün açıldığını bildirib: “Azərbaycanda son illər vəkilliyin inkişafını çox müsbət qiymətləndirirəm. Yeni sədr və yeni Rəyasət Heyətinin seçilməsi vəkillik fəaliyyətinin daha da inkişafı üçün böyük təkan verib”.

“Əvvəlki rəhbərlik dövründə də arxivlərdə bu cür sənədlərin axtarıb tapılmasının zəruri olduğu barədə dəfələrlə məsələ qaldırmışdım, lakin buna diqqət yetirilmirdi. Yeni rəhbərlik isə təşəbbüsümə diqqətlə yanaşdı. Anar Bağırov da dərhal müvafiq reaksiya verdi. Rəyasət Heyətinin qərarı ilə milli vəkillik təsisatının yaranmasına dair dövlət arxivlərində sənədlərin tapılıb tədqiq olunması üçün komissiya yaradıldı” - K.Nəsibov fikrini tamamlayıb.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov isə "Report"a bildirib ki, 2018-ci ildə Azərbaycanda vəkilliyin tarixini araşdırmaq məqsədi ilə 3 vəkildən ibarət Komissiya yaradılıb və həmin Komissiya üzvlərinin araşdırmaları nəticəsində Azərbaycanda vəkilliyin tarixi keçmişini sübut edən ilk sənət aşkar olunub:

“Biz arxiv sənədləri əldə etməklə yanlış fikirləri ortaya çıxardıq. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında vəkilliyin vəziyyəti ilə bağlı araşdırılma aparılması barədə qərar qəbul olundu. Bununla bağlı Muxtar Mustafayev, Kamandar Nəsibov və Nazlı Əhmədovanın üzvlüyü ilə Komissiya yaradıldı və Milli Arxiv İdarəsinə Komissiyanın işinə şərait yaradılması üçün müraciət olundu. Çox qısa zamanda Komissiyanın işi uğurla nəticələndi və bütün müvafiq sənədlər Vəkillər Kollegiyasına rəsmən təqdim olundu. Komissiya ilk olaraq “Məhkəmə Palatası nəzdində Müvəkkillər Şurasının təşkili üzrə iş” adlı sənədi aşkar etdi. Beləliklə, biz bu sənədlə AXC dövründə vəkilliyin mövcudluğunu üzə çıxardıq. Həmin sənəd Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə vəkilliyin təşkili üzrə Ədliyyə Nazirliyi tərəfindən başlanılan işin sübutu kimi ilk sənəddir"

A.Bağırov vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından bəziləri həmin dövrdə vəkillər kollegiyasının üzvü olublar:“2018-ci ildə yeni Rəyasət Heyəti fəaliyyətə başlayan kimi qarşımızda duran vəzifələrdən biri Azərbaycan Xalq Cümhuriyyəti dövründə vəkilliyin vəziyyəti ilə bağlı araşdırma aparmaq idi. Bilirsiniz ki, bir çox peşələrin Azərbaycan Xalq Cümhuriyyəti dövründə mövcudluğunu sübut edən sənədlər və arxiv materialları var. Buna görə də Cümhuriyyət illərində peşələrin təsis edilməsi günləri bayram günü kimi qeyd olunur. Təəssüflər olsun ki, vəkillərin peşə bayramı ilə bağlı nəsə demək mümkün deyildi. Bir sıra mənbələrdə, eləcə də tarix dərsliklərində, vəkillik hüququna həsr olunmuş kitablarda Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ədliyyə Nazirliyinin tərkibində hüquq məsləhətxanalarının fəaliyyət göstərdiyi qeyd olunub. Bununla bağlı apardığımız araşdırmalardan sonra həmin hüquq məsləhətxanalarının müasir dövrdə başa düşdüyümüz vəkil büroları kimi olmadığı məlum oldu. Sadəcə olaraq həmin məsləhətxanaların işi normativ hüquqi aktlara rəy verməkdən ibarət idi. Burada söhbət tariximizin qaranlıq səhifəsinə aydınlıq gətirilməsindən gedir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından bəziləri həmin dövrdə vəkillər kollegiyasının üzvü olublar. Əldə etdiyimiz sənədlərdə 1939-cu ildə Azərbaycan Məhkəmə Palatasının nəzdində artıq Vəkillər Şurasının yaradılması barədə iş başlanıldığı da qeyd olunub”.

A.Bağırov xatırladıb ki, 2018-ci ilin iyulun 30-da sənədlər tapıldıqdan sonra həmin gün vəkilliyin peşə bayramı günü elan edilib: “Artıq ikinci ildir ki, biz 30 iyulu peşə bayramı kimi qeyd edirik. Biz inanırıq ki, vəkilliyimiz hər zaman dövlətçiliyimizin əsas aparıcı qüvvələrindən olacaq. Dövlətçiliyimizin qorunmasında, Azərbaycanın inkişaf etdirilməsində var gücümüzlə çalışacağıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi