“İlham Əliyevdən “İqtibaslar” kitabı elektron versiyada təqdim olunub

“İlham Əliyevdən “İqtibaslar” kitabı elektron versiyada təqdim olunub Kitabda Prezident İlham Əliyevin ən vacib bəyanatları və xüsusi diqqət cəlb edən sitatları şərhsiz dərc edilib
Daxili siyasət
24 Oktyabr , 2016 12:19
“İlham Əliyevdən “İqtibaslar” kitabı elektron versiyada təqdim olunub

Bakı. 24 oktyabr. REPORT.AZ/ “İlham Əliyevdən “İqtibaslar”: Azərbaycan Prezidenti dövlət quruculuğunun əsas istiqamətləri haqqında” kitabı oxuculara elektron versiyada da (http://azleadersays.com/az/) təqdim olunub.

“Report” xəbər verir ki, üç dildə - Azərbaycan, rus, ingilis dillərində oxuculara təqdim olunan kitab Prezident İlham Əliyevin dövlət quruculuğuna dair əsas məsələlər haqqında nə düşündüyü barədə məlumat əldə etmək imkanı yaradır.

Burada Cənubi Qafqazın lider ölkəsinin birinci şəxsinin demokratik proseslər, xarici siyasət, münaqişələr, təhlükəsizlik problemləri, terrorçuluqla mübarizə, iqtisadiyyat, dünya ictimaiyyətinə inteqrasiya, regional layihələr və s. haqqında ən vacib sitatları yer alır.

Redaktoru Fuad Axundov olan bu informasiya məhsulu həm yerli, həm də əcnəbi diplomatlar, politoloqlar, dövlət xadimləri və ictimai xadimlər, analitiklər, alimlər, gənc mütəxəssislər və digərləri üçün Azərbaycan Prezidentinin baxışları və prinsiplərinin toplandığı faydalı mənbədir.

Analitiklər üçün ən yaxşı mənbə dövlətin birinci şəxsinin mövqeyi, onun səsləndirdiyi arqumentlər, plan və perspektivlərdir. Beləliklə, yaşadığımız həyat özü “İlham Əliyevdən “İqtibaslar”: Azərbaycan Prezidenti dövlət quruculuğunun əsas istiqamətləri haqqında” kitabının yaranma zərurətini üzə çıxarıb.

Kitabda Prezident İ.Əliyevin ən vacib bəyanatları və xüsusi diqqət cəlb edən sitatları şərhsiz dərc edilib. Burada dünyanın maraqları kontekstində Azərbaycanı narahat edən bütün problemlərlə bağlı dövlətimizin başçısının fikirləri əksini tapıb. Oxucu Azərbaycan Prezidentinin xarici siyasət və iqtisadiyyat prioritetləri, geosiyasi və geoiqtisadi layihələr, münaqişələrin həlli prinsipləri, demokratiya və insan haqları məsələlərinə baxışı, dünya birliyinə inteqrasiya, sabitlikdən inkişafa keçid proqramı və bir çox digər məsələlərlə tanış olmaq imkanı qazanır.

Bu toplu Azərbaycanı dünyada gedən qlobal proseslər kontekstində tədqiq etmək istəyənlər üçün qiymətli mənbədir. Burada ölkənin regional əhəmiyyətini, inkişaf templərini, iqtisadi və sosial inkişafını araşdırmaq niyyətində olan xarici diplomatlar, politoloqlar, alimlər, tələbələr üçün çox qiymətli və əhatəli materiallar əksini tapıb.

Tədris vəsaiti funksiyalarına malik olan bu kitabda Prezident İlham Əliyevin çıxışları tematik bloklarla verilib ki, bu da məlumat axtarışını, araşdırmanı və müqayisəli təhlili asanlaşdırır, bu və ya digər mövzunun inkişafını ardıcıl şəkildə izləməyə imkan verir. Azərbaycanın inkişafının vacib mərhələlərini əhatə edən bu kitab suveren ölkəmizin tarixşünaslığına dəyərli töhfədir.

Son xəbərlər

Orphus sistemi