İlham Əliyev: "Bu il 7 min köçkün ailəsi yeni evlərlə təmin ediləcək"

İlham Əliyev: "Bu il 7 min köçkün ailəsi yeni evlərlə təmin ediləcək" Bu il tarixi abidələrin bərpası üçün dövlət investisiya proqramında vəsait ayrılıb, biz buna da diqqət yetirməliyik. Bizim əsas tarixi abidələrimizin hamısı bərpa olunubdur, konservasiya edilibdir. Ancaq Azərbaycanda bir çox tarixi abidələr var və onların hər biri bizim üçün əzizdir. Ona görə bu tarixi abidələrin bərpası, onların əsl vəziyyətinə çatdırılması və bəzi hallarda konservasiyası xüsusi əhəmiyyət daşıyır. Bu məsələlərə maksimum diqqət göstərilməlidir.
Daxili siyasət
4 Fevral , 2020 01:17
İlham Əliyev: Bu il 7 min köçkün ailəsi yeni evlərlə təmin ediləcək

"Bu il tarixi abidələrin bərpası üçün dövlət investisiya proqramında vəsait ayrılıb, biz buna da diqqət yetirməliyik. Bizim əsas tarixi abidələrimizin hamısı bərpa olunubdur, konservasiya edilibdir. Ancaq Azərbaycanda bir çox tarixi abidələr var və onların hər biri bizim üçün əzizdir. Ona görə bu tarixi abidələrin bərpası, onların əsl vəziyyətinə çatdırılması və bəzi hallarda konservasiyası xüsusi əhəmiyyət daşıyır. Bu məsələlərə maksimum diqqət göstərilməlidir".

"Report"un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

Dövlət başçısı bildirib ki, Bakı şəhərinin nəqliyyatı yaxşılaşdırılır, indi həm dövlət, həm özəl sektor xətti ilə daha səmərəli fəaliyyət göstərir:

"Xüsusilə mən özəl sektoru qeyd etmək istəyirəm. Çünki onlar da görürlər ki, dövlət xətti ilə gətirilən avtobuslar bütün standartlara cavab verir. Onların isə istifadə etdikləri avtobuslar artıq çoxdandır yararsız vəziyyətə düşüb. Ona görə məsuliyyətli sahibkarlar dərhal bu işlərlə məşğul olmağa başlayıblar. Əminəm ki, bundan sonra da həm özəl qurumlar, həm dövlət sektoru bu işdə fəal olacaqdır. Ancaq Sumqayıtdan fərqli olaraq bizim başqa şəhərlərdə vəziyyət acınacaqlıdır. Şəhər nəqliyyatı bərbad vəziyyətdədir. İstifadə olunan avtobuslar heç bir meyarlara cavab vermir. Ona görə mən həm yerli icra orqanlarına, həm də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müvafiq göstəriş vermişəm ki, mənə geniş məlumat versinlər, mövcud avtobus parkı nə vəziyyətdədir? Biz bu məsələni də həll etməliyik. Hər bir şəhərdə nəqliyyat yaxşı olmalıdır. Yollar yaxşıdır, nəqliyyat da yaxşı olmalıdır ki, vətəndaşlar mənzil başına, iş yerinə rahat çata bilsinlər.

Bu il sosial infrastrukturla bağlı önəmli addımlar atılacaq. Onlarla məktəb, tibb müəssisəsi tikiləcək, təmir ediləcəkdir. İki Olimpiya İdman Kompleksinin açılışı nəzərdə tutulur. Bu il beş “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək və beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 21-ə çatacaq. Ancaq, əlbəttə, bu proses davam etdirilir. Bildirməliyəm ki, beş mərkəz bu il istifadəyə veriləcək, bundan əlavə daha altı mərkəzin açılışı da gündəlikdədir. Onlardan ikisi Bakıda tikiləcək və beləliklə, Bakıda mərkəzlərin sayı yeddiyə çatacaq. Çünki indi bəzi mərkəzlərdə növbələr yaranır. Biri Gəncədə. Gəncədə ikincisi olacaqdır. Biri Sumqayıtda, orada da ikincisi olacaqdır. Biri Lənkəran, biri isə Salyanda. Beləliklə, bu proqram maksimum 2021-ci ilin sonuna qədər başa çatmalıdır, bəlkə ondan da tez. Beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 27-yə çatacaq.

“DOST” mərkəzlərinin yaradılması daha geniş vüsət alacaq. Artıq iki mərkəz keçən il istifadəyə verilib və ümumiyyətlə, 30-dan çox “DOST” mərkəzinin yaradılması nəzərdə tutulur. Digər sosial layihə şəhid ailələri üçün tikiləcək və təmin ediləcək mənzillərdir. Keçən il 934 şəhid ailəsinə mənzil verilmişdir. Bu il göstəriş vermişəm ki, bu rəqəm artırılsın və ən azı 1500 şəhid ailəsi dövlət tərəfindən gözəl evlərlə, mənzillərlə təmin ediləcək.

Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına gəldikdə isə, bu il yenə bu sahədə də rekord il olacaq. Çünki bu il 7 min köçkün ailəsi üçün mənzillərin, evlərin verilməsi nəzərdə tutulur. Keçən il bu rəqəm 5 min idi. Beləliklə, təqribən 30-40 min köçkün yeni evlərlə təmin ediləcəkdir".

Son xəbərlər

Orphus sistemi