Hesablama Palatası: “Şahdağ” Turizm Mərkəzi qiymət siyasətinə yenidən baxmalıdır

Hesablama Palatası: “Şahdağ” Turizm Mərkəzi qiymət siyasətinə yenidən baxmalıdır Palata: Satın alınan malların, işlərin və xidmətlərin ehtimal olunan qiymətinin orta bazar qiymətinə uyğunluğuna nəzarət artırılmalıdır
Daxili siyasət
2 Yanvar , 2018 13:43
Hesablama Palatası: “Şahdağ” Turizm Mərkəzi qiymət siyasətinə yenidən baxmalıdır

Bakı. 2 yanvar. REPORT.AZ/ Hesablama Palatası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzi QSC-yə mövcud resurslardan səmərəli istifadə olunmasını, əsas fəaliyyətdən olan gəlirlərin artırılmasını, xərclərin azaldılmasını və optimallaşdırılması istiqamətində müvafiq tədbirlər görülməsini təklif edib.

Bu barədə “Report”a palatadan məlumat verilib. 

Bundan başqa, dövlət büdcəsindən mərkəzin maliyyə-təsərrüfat fəaliyyətinin nəticəsi üzrə yaranan zərərin örtülməsi məqsədi ilə verilən subsidiyanın ünvanlı istifadəsi və müəyyən olunan təyinat üzrə xərclənməsinə cari nəzarətin təmin olunması məqsədilə kassa icrasının xəzinədarlıq vasitəsi ilə həyata keçirilməsi tövsiyyə olunub.

Palatadan bildirilib ki, vəsaitdən istifadənin səmərəliliyinin daha da artırılması məqsədi ilə satın alınan malların, işlərin və xidmətlərin ehtimal olunan qiymətinin orta bazar qiymətinə uyğunluğuna nəzarət artırılmalıdır. Ərzaq məhsullarının baha qiymətə alınması, tələbatdan artıq tədarük edilməsi, silinməsi, uçotun qeyri-qənaətbəxş aparılması və daxili istehlaka yönəldilməsi göstərilən iaşə xidmətlərinin maya dəyəri üzrə çəkilən xərclərin əldə olunan gəlirlərin məbləğindən yüksək olmasına səbəb olması kimi hallar nəzərə alınmalıdır.

Hesablama Palatasının rəyinə görə, “Şahdağ” Turizm Mərkəzi dövlət büdcəsindən asılılığını azaltmaq və mənfəətliyini təmin etmək məqsədi ilə tətbiq edilən qiymət siyasətinə yenidən baxmalıdır.

Qeyd edək ki, “Şahdağ” Turizm Mərkəzi QSC büdcədən zərərin ödənilməsi məqsədi ilə ayrılan vəsait hesabına 2016-cı ili əsas fəaliyyəti üzrə 1 805,2 min manat mənfəətlə başa vurub. Zərərin ödənilməsi üçün büdcədən 17 991 400 manat vəsait ayrılıb. Mərkəz üzrə 2016-cı ilin 31 dekabr tarixinə təqdim olunan məlumatlara əsasən, satışın maya dəyərinin tərkibində ən yüksək çəkiyə əməyin ödənişi üzrə xərclər (37,7%) və amortizasiya ayırmaları (30,7%) təşkil edib. Qeyd olunub ki, əmək haqqı və sosial sığorta ayırmaları üzrə xərclər satışın maya dəyərində yüksək xüsusi çəkiyə malik olmaqla yanaşı, əsas fəaliyyət üzrə gəlirlərdən 1003,0 min manat (35,9%) çox olub.

Son xəbərlər

Orphus sistemi