Bakı. 23 yanvar. REPORT.AZ/ "İşlərin çoxluğunu nəzərə alsaq, seçki ilə bağlı blokun yaradılması təklifi vaxtında, hələ bir qədər də gecikmiş addımdır. Hazırda blok yaradılması ilə bağlı müzakirələr gedir, bəzi partiyalar vaxt istəyiblər, bəziləri də müzakirələrdə iştirak etmirlər. Bu məsələyə yaxın günlərdə aydınlıq gətiriləcək"
Bunu "Report"a açıqlamasında Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər deyib.
Xatırladaq ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Report"a açıqlamasında Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində blok yaradılması ilə bağlı razılığa gəlinməsinin tələsik addım olduğunu deyib.
AzDP sədri S.Əkbər isə xatırladıb ki, seçkilərdə iştirakla bağlı müzakirələrin aparılması təklifini elə "Qarabağ" Bloku irəli sürüb: "Yəni biz müzakirələri onların təklifi əsasında başlatmışıq. Müzakirələrə hansısa partiya qatılmırsa, bunun günahı bizdə deyil ki... Hazırda partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində birləşməsinin mümkünlüyünü müzakirə edirik. Təəssüflər olsun ki, təklif irəli sürən partiyalar iclaslara qatılmırlar. Onların addımı anlaşılmazdır".
Qeyd edək ki, Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan 6 partiya - Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azadlıq Partiyası, Azərbaycan Xalq Partiyası (AXP), Böyük Azərbaycan Partiyası (BAP), Azad Demokratlar Partiyası (AzDP) və Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) parlament seçkilərində iştirak etmək məqsədilə blok yaradıblar.