Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi və strukturu təsdiqlənib

Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi və strukturu təsdiqlənib Mərkəzin ilkin nizamnamə fondu 300 min manat təşkil edir
Daxili siyasət
16 Oktyabr , 2018 10:32
Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi və strukturu təsdiqlənib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi”ni, “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin strukturu”nu təsdiq edib.

Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasında iştirak edən publik hüquqi şəxsdir.

Qurumun ilkin nizamnamə fondu 300 min manat təşkil edir.

Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Agentlik, dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Mərkəz ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəzin fəaliyyəti nəticəsində əldə olunan vəsaitlər onun fəaliyyətinin təmin edilməsinə yönəldilir.

Mərkəzin müstəqil balansı, əmlakı, bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

Mərkəzin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və bu Nizamnaməyə uyğun olaraq əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. O, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.

Mərkəzin fəaliyyətinin məqsədi müəlliflərin, hüquq sahiblərinin əqli mülkiyyət hüquqlarının təminatının və idarəçiliyinin həyata keçirilməsində, əqli mülkiyyət sahəsində maarifləndirilmə və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasında iştirak etməkdir.

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. əqli mülkiyyət hüquqlarının təminatı ilə bağlı müvafiq tədbirlər görmək, o cümlədən Agentlik tərəfindən beynəlxalq standart eyniləşdirmə nömrələrinin (ISBN, ISMN, ISSN, ISAN və ISRC) verilməsi ilə bağlı işlərdə iştirak etmək, eləcə də müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırılmaq üçün nəzarət markalarının hazırlanmasını təmin etmək və bu obyektlər barədə dövlət reyestrinə daxil ediləcək müvafiq məlumatların uçotunu aparmaq,

2. müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının rəqəmsal şəbəkələrdə idarə edilməsində və bu sahənin subyektləri ilə qarşılıqlı əlaqə yaradılmasında iştirak etmək,

3. əhalinin əqli mülkiyyət sahəsində maarifləndirilməsində və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasında iştirak etmək, o cümlədən müəlliflərin, hüquq sahiblərinin, mütəxəssislərin, tələbələrin, tədqiqatçı alimlərin və digər maraqlı şəxslərin fəaliyyət istiqamətləri sahəsində biliklərinin artırılması, mütəxəssislərin hazırlanması istiqamətlərində işlərin təşkilində iştirak etmək.

Mərkəzin vəzifələri aşağıdakılardır:

1. Agentlik tərəfindən müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırılmaq üçün verilən nəzarət markalarının hazırlanmasını təşkil etmək,

2. bu Nizamnamənin 3.1.1-ci yarımbəndində göstərilən müəlliflik hüququ və əlaqəli hüquqlar obyektləri barədə dövlət reyestrinə daxil ediləcək müvafiq məlumatların uçotunu aparmaq,

3. Agentlik tərəfindən kitablara, not yazılarına, dövri nəşrlərə, audiovizual əsərlərə, audio və ya videoyazılara beynəlxalq standart eyniləşdirmə nömrələrinin (ISBN, ISMN, ISSN, ISAN və ISRC) verilməsi ilə bağlı müvafiq hazırlıq işlərini görmək,

4. qlobal rəqəmsal şəbəkədə əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərdən istifadə edilməsinə “one-stop-shop” formatında və onlayn qaydada icazə verilməsinə əsaslanan rəqəmsal hüquqları idarəetmə sisteminin yaradılmasında və istifadəsi ilə bağlı tədbirlərin görülməsində iştirak etmək,

5. rəqəmsal şəbəkədə əsərlərdən istifadənin monitorinqinin aparılması, kontent haqqında informasiya bankının yaradılması, formalaşdırılması, yeniləşdirilməsi və istifadəçilərin sorğularının eyniləşdirilməsi (identifikasiyası) ilə bağlı işlərin görülməsində və rəqəmləşdirilmiş əsərlərdən istifadəyə dair şərtlərin razılaşdırılmasında iştirak etmək,

6. müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının, o cümlədən rəqəmsal şəbəkələrdə kollektiv əsasda idarə edilməsinin həyata keçirilməsi ilə bağlı işlərin təşkilində iştirak etmək, bu halda istifadəyə görə qonorarı müvafiq qaydada yığmaq, hüquq sahiblərinə çatdırmaq, yığılmış qonorardan qonorarın yığılmasına, bölünməsinə və ödənilməsinə çəkdiyi xərcləri ödəmək üçün Agentlik tərəfindən müəyyən olunmuş məbləği çıxmaq və bu sahənin subyektləri ilə qarşılıqlı əlaqə yaratmaq,

7. xarici ölkələrin müəlliflərinin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi üzrə müvafiq təşkilatlarla əlaqələrin qurulması, Azərbaycan müəlliflərinin və digər hüquq sahiblərinin əsərlərindən və əlaqəli hüquqların obyektlərindən xaricdə istifadəyə görə qonorarın alınması və aidiyyəti üzrə çatdırılması ilə bağlı işlərin təşkilində iştirak etmək,

8. əmlak hüquqlarını, o cümlədən rəqəmsal şəbəkələrdə kollektiv əsasda idarə edilən müəlliflər və digər hüquq sahibləri və onların hüquq sahibi olduğu əsərlər və əlaqəli hüquq obyektləri, habelə Azərbaycan folklor nümunələri (ənənəvi mədəni nümunələr), ənənəvi biliklər və digər qeyri-maddi mədəni irs nümunələri, həmçinin beynəlxalq standart eyniləşdirmə nömrələri (ISBN, ISMN, ISSN, ISAN və ISRC), müəlliflik hüququ və əlaqəli hüquq obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırılması üçün nəzarət markaları verilmiş obyektlər və onların hüquqi sahibləri barədə elektron məlumat bazalarının yaradılmasında iştirak etmək,

9. idarə edilən rəqəmsal kontentin hüquqi qorunmasının həyata keçirilməsində, rəqəmsal hüquqların istifadəsinə nəzarət işlərində iştirak etmək və kontent axtarışının xüsusi avtomatlaşdırma mexanizmini təmin etmək, texnoloji müdafiə tədbirləri, o cümlədən daxilolmaya və surətçıxarmaya riayət olunması üçün müvafiq tədbirlər görmək,

10. hüquq sahibləri tərəfindən hüquqların idarə edilməsi haqqında informasiya və texniki müdafiə tədbirlərinin müəyyənləşdirilməsinə dair işlərin həyata keçirilməsi, qorunan elementlərə (rəqəmləşdirilmiş müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinə) identifikatorlar (rəqəmli kodlar) sisteminin daxil edilməsi ilə bağlı işləri təşkil etmək,

11. əsərlərdən istifadənin monitorinqini aparmaq, internet resurslarını və kontent axtarışını indeksləşdirmək və istifadəçilər tərəfindən elektron ödəniş edildiyi hallarda, bu ödənişlərin qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəsini təmin etmək,

12. əqli mülkiyyət hüquqları obyektlərindən qlobal rəqəmsal şəbəkələrdə istifadəyə dair monitorinq aparmaq və arayışlar hazırlamaq,

13. kadrların əlavə təhsili və peşəkarlığının yüksəldilməsi məqsədi ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyası ilə əlaqələrini genişləndirmək, bu sahədə informasiya mübadiləsinin təşkili və fəaliyyət istiqamətlərinə uyğun olaraq Akademiyanın qlobal şəbəkəsinin rəqəmsal kitabxanalarından istifadə etməklə, yeniliklər barədə informasiyanın hazırlanması ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak etmək,

14. əhalinin, o cümlədən müəlliflərin, hüquq sahiblərinin, mütəxəssislərin, tələbələrin, tədqiqatçı alimlərin və digər maraqlı şəxslərin fəaliyyət istiqamətləri sahəsində biliklərinin artırılması, bu sahə üzrə mütəxəssislərin hazırlanması və digər istiqamətlərdə Agentliyin müəyyən etdiyi qaydada işlər görmək,

15. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet portalının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin portalda yerləşdirilməsini, habelə bu informasiyanın daim yenilənməsini təmin etmək,

16. Agentliklə razılaşdırmaqla, əqli mülkiyyətin müxtəlif sahələri üzrə araşdırmalar aparmaq, maarifləndirilmə məqsədi ilə müvafiq tədbirlər görmək, o cümlədən seminarlar, müzakirələr, simpoziumlar və sərgilər təşkil etmək, əqli mülkiyyətlə bağlı ekspozisiyalar və dəyirmi masalar keçirmək, bukletlər, bülletenlər, kitablar və digər nəşrlər buraxmaq, mütəxəssislərin əqli mülkiyyət üzrə bilik və təcrübələrinin artırılması üçün işlər görmək, müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmək,

17. kargüzarlığı, vətəndaşların qəbulunu, onların müraciətlərinə baxılmasını normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək,

18. Agentlik tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq tapşırılan digər vəzifələri yerinə yetirmək.

Öz vəzifələrini yerinə yetirmək üçün Mərkəzin aşağıdakı hüquqları vardır:

1. müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının, o cümlədən rəqəmli şəbəkələrdə kollektiv əsasda idarəçiliyinin təşkil edilməsində və həyata keçirilməsində iştirak etmək,

2. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar dövlət və yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə öz fəaliyyət istiqamətlərinə aid müvafiq qaydada sorğular göndərmək və məlumatlar (sənədlər) almaq,

3. vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, Agentliyin struktur bölmələrinin, həmçinin fiziki və hüquqi şəxslərin sorğularını cavablandırmaq,

4. işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə ixtisasartırma və digər istiqamətlərdə təlimlər təşkil etmək,

5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq,

6. qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə xarici və yerli ekspertləri və mütəxəssisləri cəlb etmək,

7. hüquqi və fiziki şəxslərlə bağlanılmış müqavilələrə əsasən, fəaliyyət istiqamətlərinə uyğun olaraq işlər görmək, xidmətlər göstərmək və ödənişlər almaq (rüsum və haqlar ödənilməsi nəzərdə tutulan xidmətlər istisna olmaqla),

8. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq,

9. Agentliklə razılaşdırmaqla, nəşriyyat fəaliyyəti ilə məşğul olmaq, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq,

10. səlahiyyətlərinə uyğun olaraq, fəaliyyət sahəsi ilə bağlı dövlət orqanları ilə, hüquqi şəxslərlə və beynəlxalq təşkilatlarla, o cümlədən əmlak hüquqlarını idarə edən təşkilatlarla əməkdaşlıq etmək,

11. Agentliyin tapşırığına əsasən əqli mülkiyyət hüquqları sahəsinə nəzarət çərçivəsində Agentlik tərəfindən aparılan yoxlamalarda iştirak etmək,

12. Agentliklə razılaşdırmaqla iclaslar, elmi-metodiki konfranslar, seminarlar keçirmək, dövri nəşrlər təsis etmək, sahə üzrə dərs vəsaitləri və digər metodik vasitələr hazırlamaq,

13. səlahiyyətlərinə uyğun olaraq, analoji qurumlarla, o cümlədən xarici ölkələrin alim və mütəxəssisləri ilə informasiya mübadiləsi aparmaq, fəaliyyət istiqamətlərinə uyğun olaraq beynəlxalq təcrübəni öyrənmək,

14. vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak edilməsi, idarə, filial və nümayəndəliklərin yaradılması ilə bağlı Agentliyə təkliflər vermək,

15. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Agentliyə təkliflər vermək,

16. Agentlik tərəfindən verilən əmr, sərəncam və qərarlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

Mərkəz öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

Mərkəzi Müşahidə Şurası və direktor idarə edirlər.

Müşahidə Şurası Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

Şuranın tərkibi - onun sədri də daxil olmaqla, Agentliyin nümayəndələri olan 3 nəfərdən ibarətdir. Agentliyin İdarə Heyətinin sədri Şuranın sədrini və digər 2 üzvünü vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verir.

Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

Şura qərar qəbul etməkdə müstəqildir.

Şura aşağıdakı vəzifələri yerinə yetirir:

1. Mərkəzin inkişaf istiqamətlərinin müəyyən edilməsi ilə bağlı müzakirələr aparır və bu barədə təkliflərini Agentliyə təqdim edir,

2. Şura üzvləri və Mərkəzin direktoru tərəfindən qaldırılan məsələlərə baxır və müzakirə olunan məsələlərlə bağlı təkliflərini Agentliyə təqdim edir,

3. Mərkəzin fəaliyyətinə dair illik hesabatı dinləyir,

4. Mərkəzin kənar auditorunun təyin edilməsi barədə Agentliyə təkliflər verir,

5. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında Agentliyə təkliflər verir,

6. aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında Agentliyə təkliflər verir.

Şuranın iclasları ayda bir dəfə olmaqla çağırılır. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya Mərkəzin direktoru çıxış edir. Şuranın iclasları Şura üzvlərinin hamısı iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə təkliflərin Agentliyə təqdim edilməsinə dair qərarlar qəbul edilir. Şuranın iclasında hər üzv bir səsə malikdir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər olduqda, Şura sədrinin (və ya onu əvəz edən Şuranın digər üzvünün) səsi həlledici sayılır. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Şuranın iclaslarında Mərkəzin direktoru, o müvəqqəti olmadıqda, direktor müavini iştirak edir.

Şuranın üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədriKamran İmanovdur.

Son xəbərlər

Orphus sistemi