Yuxarı

Ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsi qaydası təsdiqlənib

Ekspertlərin əməyinin ödənilməsi qaydası

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində yaradılan ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsi Qaydası”nı təsdiq edib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərar “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan  Prezidentinin 2019-cu il 11 iyun tarixli fərmanının 3.5-ci bəndinin icrasını təmin etmək məqsədilə imzalanıb.

Bu qayda Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 6.4-cü və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 5.5-ci bəndlərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində yaradılan ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsi qaydasını müəyyən edir.

Ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin saathesabı ödənilməsi məbləği bir saat üçün 15,0 manat müəyyən edilir.

Ekspertiza işlərinə cəlb edilən ekspertlərin əməyinin ödənilməsi üçün sərf olunan vaxta əsasən saat normaları aşağıdakı kimidir:

- Ekspert şurası üzvlərinin ekspert şurasının iclasında iştirakı - 3 saat;

- Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya və sənədlərin ekspertizası - 12 saat;

- Elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya və sənədlərin ekspertizası - 16 saat;

- Xarici ölkələrdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması üçün təqdim olunmuş sənədlərin ekspertizası - 8 saat;

- Xarici ölkələrdə verilmiş elmlər doktoru elmi dərəcəsi haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş elmlər doktoru elmi dərəcəsi haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması üçün təqdim olunmuş sənədlərin ekspertizası - 12 saat;

- Professor elmi adı almaq üçün təqdim olunmuş sənədlərin ekspertizası - 6 saat;

- Dosent elmi adı almaq üçün təqdim olunmuş sənədlərin ekspertizası - 4 saat;

- Xarici ölkələrdə verilmiş dosent elmi adı haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş dosent elmi adı haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması üçün təqdim olunmuş sənədlərin ekspertizası - 2 saat;

- Xarici ölkələrdə verilmiş professor elmi adı haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş professor elmi adı haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması üçün təqdim olunmuş sənədlərin ekspertizası - 4 saat.

“Ekspertiza işlərinə cəlb edilən ştatdankənar ekspertlərin əməyinin ödənilməsi haqqında” Nazirlər Kabinetinin 1999-cu il 16 iyun tarixli 99 nömrəli Qərarının müddəaları Komissiyanın nəzdində yaradılan ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsinə şamil edilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi