Ədliyyə Nazirliyində məhkəmə qərarlarının icrası vəziyyəti müzakirə olunub

Ədliyyə Nazirliyində məhkəmə qərarlarının icrası vəziyyəti müzakirə olunub ​İcra işinin səmərəliliyinin artırılması diqqət mərkəzindədir
Daxili siyasət
21 İyul , 2017 19:35
Ədliyyə Nazirliyində məhkəmə qərarlarının icrası vəziyyəti müzakirə olunub

Bakı. 21 iyul. REPORT.AZ/ Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı üzrə aparılan islahatlar çərçivəsində məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilərək, bu sahədə təsirli tədbirlər görülür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyulun 21-də Ədliyyə Nazirliyində icra xidmətinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin iştirakı ilə məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib.

Tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Vilayət Zahirov ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində məhkəmə qərarlarının icrasının mühüm əhəmiyyətini vurğulayıb, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini, yeni təsirli icra mexanizmlərinin yaradılmasını, icra məmurlarının səlahiyyətlərinin genişləndirilməsini, xidmətin şəffaf müsabiqələrlə hazırlıqlı gənclərlə komplektləşdirilməsini, maddi-texniki bazasının və infrastrukturunun müasirləşdirilməsini, "elektron icra" sisteminin tətbiqini qeyd edib.

Bununla belə bu sahədə çatışmazlıqların və həllini gözləyən problemlərin olduğunu söyləyən nazir müavini dövlət başçısının cari il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının müstəsna əhəmiyyətini qeyd edib, bu mühüm sənədin icrası ilə bağlı nazirliyin qarşısında duran vəzifələri, o cümlədən ictimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısının alınması, bu və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların icrasına effektiv nəzarətin təmin edilməsi, müasir İKT-lərin imkanlarından geniş istifadə olunması ilə bağlı tapşırıqları diqqətə çatdırıb.

Sonra İcra baş idarəsinin rəisi - Baş icra məmuru Nurəddin Mustafayev məruzə edərək bu sahədə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Bildirilib ki, əhalinin məhkəmələrə inamının təzahürü olaraq son illər baxılan işlərin sayının çoxalması icra xidmətində də iş həcminin dəfələrlə artmasına səbəb olub. Cari ilin birinci yarısında icrası təmin edilən işlərin sayı 54% artaraq 288 mini ötüb, fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə, o cümlədən vergi borcları ilə bağlı 366 milyon manatdan çox vəsait ödətdirilib. İcra sənədlərini qərəzli icra etməyən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 2.304 nəfər inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 1.608 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 161 şəxs barəsində cinayət işi başlanılıb. Həmçinin, 6.320 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş şəxslərin üzərindən əvvəllər qoyulmuş belə məhdudiyyət götürülüb.

Qeyd olunub ki, icra xidmətində mövcud olan kəskin iş yükü məhkəmələrdə baxılan işlərlə mütənasib olduğundan bu sahədə işin səmərəli təşkili üzrə tədbirlər görülüb, ötən ilin sonunda "İcra haqqında" Qanuna dəyişikliklər edilməklə məhkəmələr və icra qurumları arasında iş yükü bölgüsünə yenidən baxılıb, icra olunmuş icra sənədləri üzrə icraata xitam verilməsi və dayandırılması səlahiyyətlərinin icra məmurlarına verilməsi ilə bu sahədə operativliyə nail olunub, əlavə yazışmalara son qoyulub, vaxta və dövlət xərclərinə qənaət edilib.

Bununla yanaşı, icra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunması üçün "Elektron icra" sisteminin yaradılması üzrə əməli tədbirlər görülür. Artıq cari ilin əvvəlindən bütün icra qurumlarına daxil olan icra sənədlərinin qeydiyyatı bu sistem vasitəsilə aparılır. Elektron sistemin tətbiqi icra hərəkətlərinin mütəşəkkil və dürüst təmin olunmasına, elektron sənəd dövriyyəsinin təşkilinə, prosessual müddətlərə nəzarət olunmasına geniş imkanlar yaradıb.

Müşavirədə dövlət başçısının 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası çərçivəsində icra xidməti tərəfindən yerli icra hakimiyyəti orqanları ilə səmərəli qarşılıqlı fəaliyyət qurularaq ictimai işlər cəzasının icra ediləcəyi yerlərin siyahılarının müəyyən edilməsi ilə bağlı konkret addımların atıldığı, bu cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydasının, habelə məhkumların ictimai işlər növündə cəzanı çəkməkdən yayınmasına şərait yaradılmasına görə vəzifəli şəxslərin məsuliyyətini müəyyən edən qanun layihəsinin hazırlanaraq aidiyyəti üzrə təqdim edildiyi bildirilib.

Bununla yanaşı, fəaliyyətində yol verdikləri ciddi qanun pozuntularına və digər neqativ hallara görə cari ilin birinci yarısında xidmətin 20 əməkdaşının intizam məsuliyyətinə cəlb olunduğu, o cümlədən 3 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verildiyi, 7 nəfərin isə tutduğu vəzifədən azad edildiyi vurğulanıb, bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, icra intizamının, etik davranış qaydalarının pozulması, işlərin hərəkətsiz saxlanılması halları və digər nöqsan və çatışmazlıqlar icra qurumlarının rəhbərlərinin nəzərlərinə çatdırılaraq onların aradan qaldırılması tələb edilib.

Mövcud problemlərlə bağlı nazirliyin məsul işçiləri və yerli icra qurumlarının rəhbərləri dinlənilib, nöqsanların səbəbləri və onların aradan qaldırılması yolları müzakirə edilib.

Müşavirəyə yekun vuran nazir müavini xidmətin işinin dövlət başçısının tələbləri səviyyəsində qurulmasını, məhkəmə qərarlarının vaxtında və dürüst icrasına nail olunmasını, vətəndaş məmnunluğunun yüksəldilməsini, qanunvericiliyin tələblərinə, habelə etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyini vurğulayıb, tabe qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin gücləndirilməsi, icra məmurlarının məsuliyyət hissinin və peşəkarlığının artırılması ilə bağlı və s. konkret tapşırıqlar verib.

Sonra tədbir azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası, probasiya institutunun tətbiqi mövzusunda seminar-məşğələ ilə davam edib.

Son xəbərlər

Orphus sistemi