Yuxarı

Ədliyyə nazirinin iştirakı ilə zona müşavirəsi keçirilib

Ədliyyə nazirinin iştirakı ilə zona müşavirəsi keçirilib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun Ağstafa rayonuna səfəri çərçivəsində Gəncə Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına daxil olan bölgənin birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin, habelə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirakı ilə geniş zona müşavirəsi keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində məqsədyönlü islahatlar aparılaraq bu sahədə qanunvericilik təkmilləşib, hakimlərin şəffaf seçim qaydası müəyyən olunaraq hakim korpusu 60 faiz təzələnib, insanların müraciət imkanlarının asanlaşdırılması məqsədilə yeni məhkəmələr yaradılıb, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi və məhkəmə infrastrukturunun müasirləşməsi üzrə əməli işlər həyata keçirilib.

Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı və mülki dövriyyənin kəskin artması nəticəsində məhkəmələrin iş həcminin dəfələrlə çoxalması nəzərə alınaraq, bu sahədə zəruri addımlar atılır, o cümlədən mübahisələrin məhkəmədən kənar alternativ həllində mühüm rol oynayan mediasiya institutunun tətbiqi üzrə tədbirlər görülür.

Müşavirədə məhkəmə fəaliyyətində yol verilən nöqsanlar, daxil olan şikayətlər və onları doğuran səbəblər, bununla əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub.

Tədbirdə Prezident İlham Əliyevin qəti siyasi iradəsi ilə respublikamızda korrupsiyaya qarşı sərt mübarizənin aparıldığını vurğulayan Fikrət Məmmədov məhkəmə fəaliyyətində korrupsiyaya şərait yaradan halların yolverilməzliyini diqqətə çatdırıb. Vətəndaşların əsassız get-gələ salınması, işlərə baxılmamasının süründürülməsi, habelə bəzi hakimlərin qeyri-etik davranışı qeyd olunaraq belə halların insanları narazı saldığı, şikayətlər doğurduğu bildirilib.

Bununla bağlı hakim adına və nüfuzuna xələl gətirən hərəkətlərin yolverilməzliyi, lazımi nəticə çıxarmayan və işində dönüş yaratmayan hakimlərə məhkəmə sistemində yer olmadığı qeyd edilib. Bildirilib ki, hazırda 80-dək hakimin fəaliyyətinin prinsipial qiymətləndirilməsi aparılır, habelə yeni qaydalar əsasında şəffaf prosedurlarla seçilmiş 100-dən çox hakimliyə namizədin təyinatı nəzərdə tutulur.

Müşavirədə apellyasiya məhkəmələrindən prinsipiallığın artırılması, qanun pozuntularına ciddi reaksiya verilməsi, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi vurğulanıb.

Həmçinin məhkəmə sistemində şəffaflığın artırılması üzrə əlavə tədbirlərin görülməsi, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, qeyri-prosessual münasibətlərin qarşısının alınması, etik davranış qaydalarına dürüst əməl edilməsi üzrə qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi