Elmira Süleymanova: "Dünyada miqrantların ləyaqətinin, şərəfinin alçaldılmasına yol verilir"

Elmira Süleymanova: "Dünyada miqrantların ləyaqətinin, şərəfinin alçaldılmasına yol verilir" Bakıda Azərbaycanın BMqT-yə üzvlüyünün 15-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Daxili siyasət
19 Dekabr , 2016 13:42
Elmira Süleymanova: Dünyada miqrantların ləyaqətinin, şərəfinin alçaldılmasına yol verilir

Bakı. 19 dekabr. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti, Ombudsman Aparatı və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Miqrant Günü, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) 65-ci il dönümü, Azərbaycandakı fəaliyyətinin 20 illiyi və bu quruma üzvlüyümüzün 15-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Report”un xəbərinə görə, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktorpak bildirib ki, 2016-cı ilin dekabr ayı ərzində 4 899 insan Aralıq dənizində həyatını itirib: “Bu, dəhşətli göstəricidir. Miqrasiya zamanı ölənlərin sayında artım müşahidə edilir. Miqrasiyanın yaranmasının səbəbi aradan qaldırılmır. Suriyada döyüşlər gedir. Azərbaycan-Ermənistanın qarşıdurma xəttində atəş dayanmır. Azərbaycan torpaqlarının bir hissəsi işğal olunub. Problemlərdən danışırıq, amma həll yolları üçün potensiallardan istifadə etmirik. 2015-ci ildə Avropaya 1 milyon miqrant gedib. BMT-nin baş katibinin dediyi kimi, biz divarları deyil, münasibətləri gücləndirməliyik”.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib ki, dini mövqeyindən, cinsi, irqi vəziyyətindən, siyasi partiya və icmalara üzvlüyündən asılı olmayaraq, hər kəs bərabər hüquqa malikdir: “Bu gün ziddiyyətli dövrdə yaşayırıq, bütün ölkələr BMT-yə üzvdür və bu qurumun konvensiyalarına riayət etməklə inkişaf edir. BMT yaranan gündən bayrağında üç söz yazılmışdı: sülh, bərabərlik və inkişaf. Gərək bu anlayış bütün dövlətlərin siyasətində əsas amil olsun. BMT-nin uzun illər fəaliyyəti çərçivəsində qərarları, siyasəti sülh əsasında olub. Amma dünyada kütləvi qırğınların artdığının şahidi oluruq. Böhranlar, təbii fəlakətlər və siyasi proseslər nəticəsində miqrant ordusu əmələ gəlir. Ötən gün bir miqrantın çıxışını dinlədim, gəldikləri ölkələrdə çətin günlər yaşadıqlarını, amma çarələri olmadıqlarını deyirdi. Özünü demokratiyanın beşiyi elan edən ölkələr gərək insani keyfiyyətləri nəzərə alsınlar. Məcburi köçkün deyəndə hansısa kütlədən danışmırıq, arasında əliliyi olan insanlar, uşaqlar, qadınlar, ahıllar da nəzərə alınmalı, onlara xüsusi rəftar edilməlidir. Dünyada miqrantların ləyaqətinin, şərəfinin alçaldılmasına yol verilir. Bu günlərdə bir ölkə Avropaya yaxınlaşan gəmilərə atəş açılması əmri verdi. Bu, hansı insani münasibətə yaraşır? 25 ildən çoxdur torpaqlarımıza təcavüz edilib. Amma dövlətimiz, insanlarımız və Dövlət Miqrasiya Xidməti, Ombudsman təsisatı miqrantları hər zaman diqqətdə saxlayıb. İnsan dünyaya gələndən yaşayış hüququ əldə edir. Heç kəs bu hüququ onun əlindən ala bilməz. Amma biz bu hüququn pozulması hallarını müşahidə edirik. Azərbaycanda miqrantlara, başqa ölkələrdən köç edən insanlara xüsusi qayğı göstərilir. Ölkəmizdə multikultalizm yüksək səviyyədədir. Tolerantlıq yalnız siyasət deyil, bütün dinlər, etnoslardan olan insanların əməkdaşlığı deməkdir”.

DMX rəisinin müavini Pərviz Musayev Suriyada müharibə nəticəsində Livana köçmək məcburiyyətində qalan gənc qızların həyat hekayəsinə dair qısa videoçarxı tədbir iştirakçılarına təqdim edib. O qeyd edib ki, Azərbaycan hökuməti Miqrasiya Məcəlləsini qəbul edən yeganə ölkələrdəndir: “Bu, miqrantların hüquqlarının qorunması ilə yanaşı, miqrantlarla aparılan sənədləşmə işlərinin sadələşdirilməsinə xidmət edir”.

Tədbir çıxışlarla davam etdirilib.

Son xəbərlər

Orphus sistemi