Yuxarı

Dövlət təltiflərinin hazırlanmasının sifariş edilməsi və maliyyələşdirilməsi qaydası təsdiqlənib

Dövlət təltiflərinin hazırlanmasının sifariş edilməsi və maliyyələşdirilməsi qaydası təsdiqlənib
Prezident İlham Əliyev dövlət təltiflərinin hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb

Bakı. 5 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev fevralın 5-də dövlət təltiflərinin hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb. 

"Report"un məlumatına görə, fərman dövlət təltiflərinin yüksək keyfiyyət göstəricilərinə uyğun olaraq hazırlanmasını təmin etmək və bu sahədə yerli istehsalı stimullaşdırmaq məqsədi daşıyır. 

Fərmanla “Dövlət təltiflərinin hazırlanmasının sifariş edilməsi və maliyyələşdirilməsi Qaydası” təsdiq edilib. 

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, dövlət təltiflərinin hazırlanması xərclərinin (2017-ci ildə hazırlanmış və dəyəri ödənilməmiş dövlət təltifləri, habelə bu fərmanla təsdiq edilmiş “Dövlət təltiflərinin hazırlanmasının sifariş edilməsi və maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq 2018-ci il ərzində sifariş ediləcək dövlət təltifləri də daxil olmaqla) dövlət büdcəsi hesabına maliyyələşdirilməsini təmin etmək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi bu fərmandan irəli gələn məsələləri həll etməli, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

“Azərbaycan Respublikasının dövlət təltiflərinin hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyun tarixli 2855 nömrəli sərəncamı və “Azərbaycan Respublikasının dövlət təltiflərinin hazırlanmasının təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2865 nömrəli sərəncamı ləğv edilib.

Dövlət təltiflərinin hazırlanmasının sifariş edilməsi və maliyyələşdirilməsi Qaydası

1. Ümumi müddəa

Bu Qayda dövlət orqanları, Azərbaycan Milli Elmlər Akademiyası, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, habelə qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) (bundan sonra – Sifarişçi) tərəfindən Azərbaycan Respublikasının dövlət təltiflərinin (orden və medalların) və onların vəsiqələrinin, Azərbaycan Respublikasının fəxri adlarının vəsiqələri və döş nişanlarının, Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının diplomunun, döş nişanının və həmin nişanın vəsiqəsinin, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomunun, Gənclər üçün Prezident Mükafatının diplomunun, döş nişanının və həmin nişanın vəsiqəsinin, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomunun və fəxri döş nişanının (bundan sonra – Təltiflər) və təltifləri qablaşdırma vasitələrinin hazırlanmasının sifariş edilməsi və maliyyələşdirilməsi qaydasını müəyyən edir.

2. Təltiflərin hazırlanmasının sifariş edilməsi

2.1. Sifarişçi hər növbəti il üçün aidiyyəti sahə üzrə təklif etdiyi təltiflərinin sayı və növü barədə məlumatları cari il mayın 1-dək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına (bundan sonra – Administrasiya) təqdim edir.

2.2. Administrasiya Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, təltiflərin təklif etdiyi sayı və növü barədə məlumatları növbəti büdcə ilində təltiflərin və təltifləri qablaşdırma vasitələrinin maliyyələşdirilməsinə tələb olunan vəsaitin hesablanması üçün Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə (bundan sonra – İşlər İdarəsi) göndərir.

3. Təltiflərin hazırlanmasının maliyyə təminatı

3.1. İşlər İdarəsi təltiflərin və təltifləri qablaşdırma vasitələrinin dəyərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edir və növbəti büdcə ilində onların hazırlanmasının maliyyələşdirilməsi üçün vəsaitin proqnozlaşdırılması ilə bağlı təkliflərini (təltiflərin və təltifləri qablaşdırma vasitələrinin növü, sayı, dəyəri və hər növ üzrə mövcud anbar qalığı göstərilməklə) “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.8-ci maddəsinə əsasən cari il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

3.2. İşlər İdarəsi bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etdikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tələb olunan vəsaitin dövlət büdcəsində proqnozlaşdırılması üçün tədbirlər görür.

4. Təltiflərin hazırlanmasının maliyyələşdirilməsi

4.1. İşlər İdarəsi təltiflərin və təltifləri qablaşdırma vasitələrinin hazırlanması məqsədilə, onların növü, sayı, dəyəri və hər növ üzrə mövcud anbar qalığı nəzərə alınmaqla, dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində “Azərsuvenir” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayır.

4.2. İşlər İdarəsi “Azərsuvenir” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqavilə şərtlərinə əsasən, büdcənin iqtisadi və funksional təsnifatları üzrə müvafiq sifarişlərini, məxaric cədvəllərini və maliyyələşdirmə sənədlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

4.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi İşlər İdarəsindən daxil olmuş sifarişlər əsasında müvafiq büdcə təsnifatına uyğun olaraq təsdiq edilmiş büdcə ayırmaları həddində maliyyələşdirməni həyata keçirir.

4.4. İşlər İdarəsi təltiflərin və təltifləri qablaşdırma vasitələrinin hazırlanması və Sifarişçiyə təhvil verilməsi barədə ildə iki dəfə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən olunmuş formada, Administrasiyaya və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verir.

5. Keçid müddəalar

5.1. İşlər İdarəsi 2018-ci il üçün təltiflərin və təltifləri qablaşdırma vasitələrinin dəyərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edir və onların növü, sayı, dəyəri və hər növ üzrə mövcud anbar qalığı göstərilməklə, həmin il üzrə maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

5.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi İşlər İdarəsindən daxil olmuş sifarişlər əsasında təltiflərin və təltifləri qablaşdırma vasitələrinin hazırlanmasının maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi hesabına həyata keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi