Azərbaycanda dövlət qurumlarından biri ləğv edilib

Azərbaycanda dövlət qurumlarından biri ləğv edilib Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb
Daxili siyasət
15 Yanvar , 2016 17:22
Azərbaycanda dövlət qurumlarından biri ləğv edilib

Bakı. 15 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilməsi haqqında fərman imzalayıb. “Report” xəbər verir ki, sənədlə Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilib.

Müəyyən edilib ki, Satınalmalar üzrə Dövlət Agentliyinin vəzifə və funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilir.

Nazirlər Kabinetinə bu fərmanın 1-ci və 2-ci hissələrini nəzərə alaraq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamənin yeni layihəsini, habelə Xidmətin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, ləğv edilmiş Satınalmalar üzrə Dövlət Agentliyinin istifadəsində olan dövlət əmlakının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilməsini bir ay müddətində həll etmək, Prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Son xəbərlər

Orphus sistemi