Yuxarı

Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi istifadəyə veriləcək

Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi istifadəyə veriləcək
© Report/ Elchin Murad — DMX rəis­i Vüsal Hüseynov

Bakı. 16 noyabr. REPORT.AZ/ "Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi hazırlanır".

"Report" xəbər verir ki, bunu Caspian European Clubun biznes-forumunda jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, mobil tətbiq üzərində aparılan işlər yekunlaşmaq üzrədir: "Gələn ay bu sistemi geniş ictimaiyyətə təqdim edəcəyik. Bu yalnız informativ mobil tətbiq olmayacaq. Bu tətbiq Dövlət Miqrasiya Xidmətinin göstərdiyi bütün xidmətlərdən mobil telefon vasitəsilə faydalanmaq imkanı yaradacaq. Mobil tətbiqdən istifadə etməklə əcnəbilər ölkəmizə daxil olarkən olduğu yer üzrə qeydiyyatdan keçə, əgər ölkəmizdə 15 gündən artıq qalmaq istəyirsə, müvəqqəti olma müddətini uzada, yaxud daimi yaşamaq üçün yaşamaq icazələri ala bilərlər. Tətbiq maksimum istifadənin asanlıqla təmin edilməsi üçün hazırlanıb. Tətbiqin istifadəyə verilməsi əcnəbilərin elektron xidmətlərə çıxışının asanlaşdırılmasını, eləcə də Xidmətə edilən müraciətlərə, həm də olduğu yer üzrə qeydiyyata sərf olunacaq vaxtın minimuma endirilməsini təmin edəcək".

V.Hüseynov bildirib ki, digər mühüm layihə isə miqrasiya ilə bağlı ümumi məlumatlandırma platforması funksiyası daşıyacaq, əcnəbilərə ölkə haqqında, eləcə də qanunvericiliyin tələbləri barədə məlumatların anlaşıqlı dildə çatdıracaq yeni vebsəhifənin yaradılmasıdır: "Hazırda bu istiqamətdə də intensiv işlər davam etdirilir. Bu səhifənin Dövlət Miqrasiya Xidmətinin rəsmi səhifəsindən fərqi ondan ibarət olacaq ki, burada rəsmi məlumatlar az olacaq, burada müxtəlif dillərdə maarifləndirmə aparılacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi