Gəncə. 9 noyabr. REPORT.AZ / Dövlət Bayrağı günü münasibətilə Gəncədə ağacəkmə aksiyası keçirilib.
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyasında icra başçısının müavini Elnur Rzayev, şəhərin idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Gəncənin yeni asfaltlanan Azərbaycan bayrağı küçəsində təşkil olunan ağacəkmə aksiyasında ictimaiyyət nümayəndələri və gənclərin xüsusi fəallığı müşahidə olunub. Ərazidə təmizlik-abadlıq işləri aparılıb, yol kənarı alaq otlarından və daşlardan təmizlənib. Daha sonra burada 2000-ə yaxın Eldar şamı ağacı əkilib. Yeni əkilən ağaclar xüsusi ayrılan su maşınları vasitəsilə suvarılıb.
Qeyd edək ki, Gəncədə şəhərin təmiz saxlanması, gül-çiçəklərin, ağacların əkilməsi və qorunması, onlara aqrotexniki qaydada qulluq edilməsi üçün iməcilik və aksiyaların keçirilməsi ənənəvi xarakter daşıyır. Ekologiyanın qorunması və şəhərin gözəlləşməsinə töhfə verilməsi məqsədilə həyata keçirilən bu tip aksiyalar davamlı olacaq.
Bundan başqa, Dövlət Bayrağı günü münasibətilə daha bir tədbir Gəncə Dövlət Filarmoniyasında təşkil edilib.
“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində konsert proqramı ilə çıxış edib.
Konsertdən əvvəl Dövlət Bayrağı gününün təsis edilməsi və 9 noyabr tarixinin önəmindən söz açılıb. Qeyd olunub ki, Gəncədə hər zaman dövlət atributlarına böyük hörmətlə yanaşılıb. 2012-ci ildə burada Dövlət Bayrağı Meydanı yaradılıb. Gəncəçayın sahilində, 110 metr hündürlükdə dalğalanan üç rəngli bayraqla hər bir gəncəli qürur duyur.
Rəsmi hissədən sonra Sahil Quliyevin bədii rəhbərliyi ilə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı çıxış edib. Konsert proqramında yer alan Əhsən Dadaşovun “Rahab rəngi”, Rauf Məmmədovun “Yaşa mənim xalqım”, Emin Sabitoğlunun “Nə gözəldir Azərbaycan”, Üzeyir Hacibəylinin “Ey, Vətən” kimi musiqi inciləri tamaşaçıların zövqünə oxşayıblar.
Konsert proqramında Gəncə Musiqi Kollecinin müəllim və tələbələri də çıxış ediblər.