Yuxarı

Dövlət başçısı: “İcbari tibbi sığorta üzrə pilot layihələr həyata keçirilən şəhərlərdə səhiyyə sahəsində şəffaflıq tam təmin edilib”

Bakı. 1 mart. REPORT.AZ/ “Səhiyyə sahəsində çox ciddi islahatlar aparılır. Qərar qəbul olunub və ümid edirəm ki, biz gələn ildən icbari tibbi sığorta sisteminə keçəcəyik”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə deyib.

“Bir neçə şəhərdə pilot layihələri icra etdik və bu layihələr çox müsbət nəticə verir. Həm vətəndaşlar razıdırlar, həm də tibbi xidmət yüksək səviyyədə göstərilir. Deyə bilərəm ki, bu şəhərlərdə səhiyyə sahəsində şəffaflıq tam təmin edilib. Beynəlxalq maliyyə qurumları, ilk növbədə, Dünya Bankı, - bu yaxınlarda onların nümayəndələri ilə mənim görüşüm olubdur, - bunu çox yüksək qiymətləndirirlər. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bunun faydasını görəcək. Bu, çox ciddi bir islahatdır, sadə məsələ deyil, bəzi ölkələr illər boyu bu islahata doğru gedirdilər, bunu əldə edə bilməyiblər. Ancaq biz nisbətən qısa müddət ərzində bütün lazımi sənədləri hazırladıq və səhiyyə sahəsində çox ciddi dönüş yaranacaq. Çünki keçən dövrdə biz bütün şəhərlərimizdə müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikmişik, yəni, infrastruktur mövcuddur”, - deyə dövlət başçısı vurğulayıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi