Dövlət başçısı: "Azərbaycanda Böyük Vətən müharibəsi veteranları dövlətin çox böyük dəstəyindən istifadə edirlər"

Dövlət başçısı: "Azərbaycanda Böyük Vətən müharibəsi veteranları dövlətin çox böyük dəstəyindən istifadə edirlər" Azərbaycan Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ehtiramla yanaşır. Hərçənd, açıq deməliyəm, təəssüf ki, müstəqilliyin ilk illərində belə olmayıb. O vaxt özünü Xalq Cəbhəsi adlandıran bir qrup hərbi çevriliş yolu ilə hakimiyyətə gələndə onlar 9 May bayramını ləğv etmişdilər, müharibə veteranları təqiblərə, mənəvi terrora məruz qalırdı.
Daxili siyasət
30 Dekabr , 2019 21:09
Dövlət başçısı: Azərbaycanda Böyük Vətən müharibəsi veteranları dövlətin çox böyük dəstəyindən istifadə edirlər

"Azərbaycan Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ehtiramla yanaşır. Hərçənd, açıq deməliyəm, təəssüf ki, müstəqilliyin ilk illərində belə olmayıb. O vaxt özünü Xalq Cəbhəsi adlandıran bir qrup hərbi çevriliş yolu ilə hakimiyyətə gələndə onlar 9 May bayramını ləğv etmişdilər, müharibə veteranları təqiblərə, mənəvi terrora məruz qalırdı".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının “Rossiya-24” televiziya kanalına müsahibəsində bildirib.

Dövlət başçısı bildirib: "Praktiki olaraq, indi bəzi ölkələrdə baş verən hadisələr o vaxt bizdə olurdu. Yalnız Heydər Əliyev hakimiyyətə qayıdandan sonra tarixi ədalət bərpa edildi. Veteranlar yenidən dövlətin dəstəyindən istifadə etməyə başladılar, 9 May günü ümummilli bayram elan edildi və o vaxtdan – 1994-cü ildən biz bu bayramı qeyd edirik, həmin gün qeyri-iş günüdür. Mən hər il veteranlarla görüşürəm, biz həlak olanların xatirəsini ehtiramla yad edir, onların məzarları üzərinə gül-çiçək, əklillər qoyuruq. Azərbaycanda Böyük Vətən müharibəsi veteranları dövlətin çox böyük dəstəyindən istifadə edirlər.

Onu da demək istərdim ki, Azərbaycan bizim ümumi Qələbəmizə böyük töhfə verib. 120-dən çox Sovet İttifaqı Qəhrəmanı əslən Azərbaycandandır. Bizim müəssisələrdə gecə-gündüz hərbi texnika, o cümlədən məşhur “Katyuşa” raketləri istehsal edilirdi. Ona görə ki, həmin illərdə Azərbaycan sənayesi inkişaf etmişdi. Həmçinin Sovet ordusu üçün neftin 70 faizini, benzinin 80 faizini, sürtgü yağlarının 90 faizini Azərbaycan təmin edirdi, bunlar olmasa idi, müharibədə qalib gəlmək mümkün olmazdı. Biz bilirik ki, Hitler ordusunun çox hücumlarının uğursuz olması yalnız yanacağın vaxtında gətirilməməsinin nəticəsi idi. Təsadüfi deyil ki, faşist Almaniyası Bakını tutmağa çalışırdı. Yeri gəlmişkən, mən bu barədə oktyabr ayında Aşqabadda MDB-nin sammitində danışmışdım. Məşhur bir kadrda Hitlerə üzərində alman dilində “Xəzər dənizi” sözləri yazılmış tort gətirirlər. Orada Xəzər dənizinin sərhədlərində qara rəngli əridilmiş şokolad tökülüb. Hitler svastikanı götürüb düz Bakı sözü yazılan yerə qoyur. Onun planları belə idi. Bakının tutulması Sovet İttifaqı üçün fəlakət olardı. Ona görə ki, Sovet İttifaqı mühüm bir komponentdən məhrum edilərdi. Bizim vətəndaşlar üçün isə bu, ona görə fəlakət olardı ki, bütün neft quyuları minalanmışdı. Əgər faşistlər Bakını tutmağa nail olsaydılar, hər şey havaya uçar, yüz minlərlə insan həlak olardı. Buna görə də Böyük Vətən müharibəsi və Vətən uğrunda həlak olanlar haqqında xatirə, - Azərbaycandan müharibədə iştirak etmiş 600 mindən çox döyüşçünün 300 mini həlak olub, - bizim üçün müqəddəsdir. Biz bunu xatırlayırıq və ehtiramla yad edirik".

Son xəbərlər

Orphus sistemi