Yuxarı

Deputatlığa namizəd Rauf Nağıyev seçicilərlə görüşüb

Deputatlığa namizəd Rauf Nağıyev seçicilərlə görüşüb

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədi Nağıyev Rauf Nəriman oğlunun seçicilərlə növbəti görüşü keçirilib.

“Report” xəbər verir ki, görüş Yasamal Bələdiyyəsinin mərasim evində baş tutub.

Görüşdə YAP-ın Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, rayon ağsaqqalları, partiya üzvləri, rayon sakinləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən T.Əhmədov Rauf Nağıyev haqqında tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, R.Nağıyev çox savadlı və bacarıqlı bir şəxsdir: “Rauf Nağıyev deputat seçilərsə öz seçicilərinə imkanı daxilində köməklik göstərəcək, daim onların yanında olacaq və onları narahat edən məsələlərin həllinə çalışacaq”.

T.Əhmədov tədbir iştirakçılarını Rauf Nağıyevə dəstək olmağa çağırıb. O həmçinin, seçiciləri seçkilərdə aktiv olmağa səsləyib.

Daha sonra çıxış edən Rauf Nağıyev tədbir iştirakçılarını salamlayıb, onlara göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. Deputatlığa namizəd ona göstərilən etimada görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib.

O qeyd edib ki, ölkə başçısı İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi, Yasamal rayonunda da böyük işlər görülüb və görülməkdədir.

R.Nağıyev daha sonra özü və platforması haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Deputatlığa namizəd bildirib ki, seçiciləri tərəfindən ona etimad göstəriləcəyi təqdirdə Yasamal rayonu ərazisində yerləşən və istismar müddəti bitən evlərin pilot layihələrinə daxil edilməsi üçün müvafiq qurumların qarşında məsələ qaldıracaq: “Bundan əlavə, sənədsiz evlərin sənədləşdirilməsi üçün tədbirlərin görülməsi, bütün seçicilərin və ailə üzvlərinin icbari tibbi sığorta proqramına cəlb olunması və onların maarifləndirməsi, Qarabağ əlilləri və şəhid ailələrinin mənzil təminatının sürətləndirilməsi ilə bağlı müvafiq qurumların qarşında məsələ qaldıracam”. 

O, seçkilərdə qalib gələcəyi təqdirdə daim seçiciləri ilə birgə olacağını, ölkəmiz, xalqımız naminə çalışacağınıı vəd edib.

Daha sonra çıxış edən şəxslər namizədə uğurlar arzulayaraq, onun parlamentdə təmsil olunmasının xalqa, Yasamal rayon sakinlərinə faydalı olacağını bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi