GMO məhsullarının qanunsuz dövriyyəsi, idxalı, satışı və istehsalı ilə bağlı cərimə və cəzalar təsdiqlənib

GMO məhsullarının qanunsuz dövriyyəsi, idxalı, satışı və istehsalı ilə bağlı cərimə və cəzalar təsdiqlənib Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
5 İyun , 2015 19:16
GMO məhsullarının qanunsuz dövriyyəsi, idxalı, satışı və istehsalı ilə bağlı cərimə və cəzalar təsdiqlənib

Bakı. 5 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1266-IVQD nömrəli qanununun tətbiqi barədə sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Prezident aktlarının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməli, həmçinin həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

1. 99-4.6-cı maddəyə “194,” rəqəmlərindən sonra “200-1, 200-2,” rəqəmləri əlavə edilsin.

2. 190-cı maddənin “Qeyd” hissəsinə “194-198,” rəqəmlərindən sonra “200-2,” rəqəmləri əlavə edilsin.

3. Aşağıdakı məzmunda 200-2-ci maddə əlavə edilsin:

“Maddə 200-2. Genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi

200-2.1. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə-bilə idxal etmə və ya satma, bu əməllər xeyli miqdarda törədildikdə -

üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

200-2.2. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edərək yeyinti məhsullarını istehsal etmə -

dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

200-2.3. Bu Məcəllənin 200-2.1-ci və 200-2.2-ci maddələrində göstərilən əməllər külli miqdarda törədildikdə -

yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.”.

4. 233-1-ci maddənin “Qeyd” hissəsinə “bu Məcəllənin digər maddələrində” sözlərindən sonra “və ya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində” sözləri əlavə edilsin.

Son xəbərlər

Orphus sistemi