Bakı. 21 sentyabr. REPORT.AZ/ Meksikanın Ali Məhkəməsi və Federal Ədliyyə Şurasının sədri Luis Maria Aquilar Moralesin dəvəti əsasında Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) vitse-prezidenti Ramin Qurbanov “Müasir demokratiyalarda hakim və qanunun aliliyi” adlı beynəlxalq seminarda iştirak etmək üçün sentyabrın 10-12-də Meksikada rəsmi səfərdə olub.
"Report"un xəbərinə görə, bu beynəlxalq tədbir təcrübə mübadiləsinin aparılması və hakimlərin vətəndaş cəmiyyəti ilə dialoqunun qurulması məqsədilə Meksika hakimiyyəti tərəfindən təşkil edilib. Seminarda Meksikadan 300-dən çox federal hakim, magistrat, hüquqşünas, hökumət rəsmisi, beynəlxalq təşkilatların və hüquq cəmiyyətinin nümayəndələri iştirak edib.
Avropa Şurasını təmsil edən CEPEJ-in vitse-prezidenti Ramin Qurbanov “Məhkəmə hakimiyyəti və onun cəmiyyətə münasibəti” adlı III bölmədə əsas məruzəçilərdən biri olaraq CEPEJ-in fəaliyyətindən, onun Avropada ədalət mühakiməsinin səmərəliliyi və keyfiyyətinin artırılmasında rolundan danışıb, habelə Avropa məhkəmələrində informasiya texnologiyalarının tətbiqi vəziyyəti, o cümlədən məhkəmə fəaliyyətində “Proqnozlaşdırılan ədliyyə” və “Süni intellekt”in məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması, şəffaflığın təmin olunması, səmərəliliyin artırılmasına müsbət təsiri barədə məlumat verib.
Avropa Şurasının Meksika dövləti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan bu səfər zamanı vitse-prezident Ramin Qurbanov Meksikanın Ali Məhkəməsi və Federal Ədliyyə Şurasının sədri ilə ikitərəfli görüş keçirib, CEPEJ-in nəşrlərini ona təqdim edib və daha səmərəli əməkdaşlıq barədə danışıqlar aparıb.
Beynəlxalq tədbirin qeyd olunan bölməsinin keçirilməsinə verdiyi töhfəsinə görə R.Qurbanova Meksikanın Ali Məhkəməsi və Federal Ədliyyə Şurası adından ehtiram əlaməti olaraq təşəkkürnamə təqdim olunub.
Azərbaycanlı hakim Avropa Şurasının 47 üzv dövlətinin ədliyyə və məhkəmə sistemini Meksikada təmsil edib.