Yuxarı

Sabahdan ölkə ərazisində xüsusi karantin rejimi elan edilir

Bu gündən ölkə ərazisində xüsusi karantin təşkil edilir

73950

Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı məlumatında deyilir:

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.

Bu müddət ərzində:

  • 1.65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilsin.
  • 2.Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırısın.
  • 3. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılsın.
  • 4.Azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının 14-21 gün ərzində məcburi karantin rejimində yerləşdirməklə xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilsin.
  • 5.Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətlərini tətbiq etsin. Sərnişinlərə tövsiyə edilsin ki, metrodan istifadə minimuma endirilsin, yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər.
  • 6.İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin.
  • 7.İnsanlarası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması tövsiyə edilsin.
  • 8.İctimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunsun: müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilsin, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin;
  • 9.Nəzdindəki supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırılsın;
  • 10.Ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyəti təmin edilsin.
  • 11.Xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə edilsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah bütün əhalidən evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyi, koronavirus xəstəliyi üçün xarakterik simptomları hiss edən şəxslərə 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etməyi ciddi tövsiyə edir.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı artıb. “Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

O, qeyd edib ki, hazırda dünyada koronavirusa yoluxanların sayı 300 mindən çoxdur.

"Ümumdünya Səhiyyə Təşkilatına 300 mindən çox koronavirusa yoluxma hadisəsi haqqında məlumat daxil olub. Pandemiya sürətlənir", - o qeyd edib.

Dünyada koronavirusa ən çox yayılma halı Çində qeydə alınıb. Bu ölkədə 81 mindən çox insan COVID-19 infeksiyasının daşıyıcısıdır. Pandemiyanın ən çox yayıldığı ölkələrin siyahısında İtaliya ikinci yerdə qərarlaşıb. Rəsmi məlumata görə, bu ölkədə 54 minə yaxın insanda koronavirusa yoluxma təsdiqlənib. Qeyd edək ki, siyahda İspaniya da var. Son gündə bu ölkədə daha 462 nəfər koronavirusun qurbanı olub. 

Məhz bu səbəbdən Azərbaycan hökuməti ölkədə infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi