Baş prokuror: "Bu ilin 6 ayı ərzində korrupsiyaya görə 270 cinayət işi açılıb"

Baş prokuror: "Bu ilin 6 ayı ərzində korrupsiyaya görə 270 cinayət işi açılıb" Zakir Qaralov: "Bu müddət ərzində 158 şəxs barəsində 99 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib"
Daxili siyasət
1 Oktyabr , 2015 09:46
Baş prokuror: Bu ilin 6 ayı ərzində korrupsiyaya görə 270 cinayət işi açılıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ "Bu ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 270 cinayət işinin ibtidai araşdırması həyata keçirilib". 

"Report" xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov bildirib. 

Onun sözlərinə görə, həmin cinayət işləri əsasən mənimsəmə və israfetmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma (passiv rüşvətxorluq), vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, vəzifə saxtakarlığı, saxta sənədlərdən istifadə etmə və digər faktlarla əlaqədar olub. "Bu müddət ərzində 158 şəxs barəsində 99 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib".

Baş prokuror deyib ki, korrupsiyaya qarşı mübarizə üzrə görülən sistemli və kompleks tədbirlər içərisində təşkilati və institusional islahatlar xüsusilə əhəmiyyətli olub.

Z.Qaralov bildirib ki, "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.1-ci bəndinin icrası ilə əlaqədar olaraq Prezidentin 17 oktyabr 2014-cü il tarixli müvafiq fərmanları ilə "Daşınan əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"na və "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"yə müvafiq dəyişiklik edilməklə Azərbaycanın Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həmin reyestrlərin elektron məlumatlarından real vaxt rejimində istifadə etmək səlahiyyəti verilib ki, bu da korrupsiyaya qarşı mübarizə üzrə fəaliyyətin səmərəliliyinin artırılmasına şərait yaradıb.

Onun sözlərinə görə, görülən ardıcıl və sistemli tədbirlər nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin effektivliyi yüksəlməkdə davam edib: "2014-cü ildə Baş İdarədə 9145 ərizə və şikayətə baxılıb ki, onlardan 5951 müraciət qurumun "Qaynar xətt" əlaqə mərkəzinə daxil olub. Həmin müraciətlərin 21-i üzrə müvafiq əsaslar müəyyən olunduğundan Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə cinayət işi başlanaraq istintaq aparılıb. Ümumilikdə, il ərzində Baş İdarə tərəfindən 326 cinayət xarakterli müraciət və məlumat araşdırılıb ki, onlardan da 98-i mənimsəmə, 85-i dələduzluq, 57-si vəzifədən sui-istifadə etmə, 27-si saxta sənəddən istifadə etmə, 25-i rüşvət, 4-ü qanunsuz kredit alma, 3-ü vergi ödəməkdən yayınma, 3-ü qanunsuz sahibkarlıq, 1-i qaçaqmalçılıq, 1-i kompüter sisteminə qanunsuz daxil olma, 22-si isə digər cinayətlərlə əlaqədar olub. 

İl ərzində Baş İdarənin Əməliyyat şöbəsi tərəfindən keçirilən 10 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 12 şəxs cinayət başında yaxalanıb. 12 nəfər barəsində 11 cinayət işi isə Əməliyyat şöbəsinin əməkdaşlarının apardığı araşdırma nəticəsində başlanıb.

2014-cü il ərzində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 333 şəxs barəsində 206 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib, həmin işlərdən 171 iş maddi ziyanla əlaqədar olub ki, vurulan 76 milyon manatdan yuxarı ziyanın 72 faizinin istintaq zamanı ödənilməsi təmin edilib".

Onun sözlərinə görə, 2015-cü ilin birinci yarımili ərzində Baş İdarədə 5150 ərizə və şikayətə baxılıb ki, onlardan 3414 müraciət qurumun "Qaynar xətt" əlaqə mərkəzinə daxil olub: "Həmin müraciətlərin 12-si üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanaraq istintaq aparılıb. Cari ilin birinci yarımili ərzində Baş İdarə tərəfindən 95 cinayət xarakterli müraciət və məlumata baxılıb ki, onlardan da 14-ü rüşvət, 20-si vəzifədən sui-istifadə etmə, 30-u dələduzluq, 15-i mənimsəmə, 2-si saxta sənəddən istifadə etmə, 1-i saxta müflisləşmə, 3-ü qanunsuz sahibkarlıq, 1-i əmtəə nişanlarından qanunsuz istifadə, 5-i isə digər cinayətlərlə əlaqədar olub. Həmin müddət ərzində Baş İdarənin Əməliyyat şöbəsi tərəfindən keçirilən 10 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 10 şəxs cinayət başında yaxalanıb, 5 nəfər barəsində 5 cinayət işi isə Əməliyyat şöbəsinin əməkdaşlarının apardığı araşdırma nəticəsində başlanıb".

Son xəbərlər

Orphus sistemi