Yuxarı

Balakəndə terrorçuluqla mübarizəyə dair konfrans keçirilib

Balakəndə terrorçuluqla mübarizəyə dair konfrans keçirilib

Balakən rayonunda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzinin təşkilatçılığı ilə “Xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyəti” və “Terrorçuluqla mübarizədə gələcək nəslin maarifləndirilməsi” mövzularında regional elmi-praktiki konfrans keçirilib. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, tədbirdə rayon rəhbərliyi, qeyri-hökumət təşkilatlarının, elm, təhsil və mədəniyyət müəssisələrinin təmsilçiləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi ehtiramla yad olunub, daha sonra dövlət himni səsləndirilib.

DTX-nin Beynəlxalq Antiterror Təlim Mərkəzinin rəisi Rəşad Camalov konfransın məqsədi və Mərkəzin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Terrorçuluğun dövlət üçün əsas təhlükələrdən biri olduğunu, konfransın əsas məqsədinin də terrorçuluğa qarşı mübarizə, eləcə də təhlükəsizlik fəaliyyətinin digər sahələri ilə bağlı ictimaiyyətin maarifləndirilməsi və bu mübarizədə onun rolunun artırılmasından ibarət olduğunu deyib.  

DTX əməkdaşı Tural Məmmədov “Müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr” mövzusunda məruzəsində müasir dövrdə təhlükəsizliyi ciddi təhdid edən terrorizmə və radikalizmə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdən danışıb, ölkəmizin multikultural dəyərlərin qorunduğu, bir çox millətlərin mehriban yaşadığı məkan olduğunu vurğulayıb. O, ötən əsrin 50-70-ci illərində kəşfiyyat orqanlarının iş prinsipləri və fəaliyyətindən bəhs edib. Xüsusilə də erməni kəşfiyyat orqanlarının dezinformasiyadan istifadə etməklə ölkəmizə qarşı həyata keçirdiyi təxribatlar və bəzi gənclərin müxtəlif yollarla münaqişə bölgələrinə cəlb olunması istiqamətində ətraflı məlumat verib. Bu halların törətdiyi fəsadları diqqətə çatdırıb, ictimaiyyəti təhlükəsizlik orqanları ilə əməkdaşlığa çağırıb.

DTX əməkdaşı Azər Əfəndiyev “Terrorçuluqla mübarizədə gələcək nəslin marifləndirilməsi” mövzusunda çıxışında müasir terrorçuluğun fərqliliyindən və onun yaratdığı təhlükənin daha böyük olmasından danışıb. Terrorçuluqla mübarizədə gələcək nəslin yetişdirilməsində olan problemlərdən istər ailədə, istərsə də məktəbdə yetişməkdə olan nəslə terrorçuluqla bağlı yetərincə məlumat verilməməsi və düzgün təbliğat aparılmaması nəticəsində gələcəkdə ortaya çıxa biləcək təhlükəli məqamları diqqətə çatdırıb. Qeyd olunub ki, müasir dövrdə terrorizm bir çox dövlətlərin təhlükəsizliyi üçün artıq ciddi təhdid təşkil edir. Məhz buna görə də yeni nəslin terrora qarşı maarifləndirilməsi prioritet məsələdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi