Azərbaycanlıların Tbilisidəki ziyarətgahı: AXC qurucularının uyuduğu məzarlıqdan - REPORTAJ

Azərbaycanlıların Tbilisidəki ziyarətgahı: AXC qurucularının uyuduğu məzarlıqdan - REPORTAJ Tbilisi. 22 may. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində yerləşən, turistlər və yerli əhalinin tez-tez ziyarət etdiyi məkanlardan biri də Botanika Bağıdır. Bu ərazi istirahət guşəsi olmaqla yanaşı, eyni zamanda Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin dəfn olunduğu yerdir.
Daxili siyasət
22 May , 2018 11:17
Azərbaycanlıların Tbilisidəki ziyarətgahı: AXC qurucularının uyuduğu məzarlıqdan - REPORTAJ
Report
0 : 00
0 : 00

Tbilisi. 22 may. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində yerləşən, turistlər və yerli əhalinin tez-tez ziyarət etdiyi məkanlardan biri də Botanika Bağıdır. Bu ərazi istirahət guşəsi olmaqla yanaşı, eyni zamanda Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin dəfn olunduğu yerdir.

“Report”un Gürcüstan bürosu Botanika Bağından reportajı təqdim edir.

Azərbaycanın ilk baş nazirinin uyuduğu məzarlıq

Bağ 1845-ci ildə Tbilisinin tarixi mərkəzində, yaşı bir neçə əsr olan çar bağlarının yerində, ümumi sahəsi 128 hektar olan ərazisə yaradılıb. Tbilisi Botanika Bağınının ərazisində köhnə müsəlman qəbiristanlığı da yerləşir. Həmin məzarlıqda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk baş naziri Fətəli xan Xoyski, Azərbaycan parlamentinin ilk sədr müavini Həsən bəy Ağayev, fərqli vaxtlarda AXC-nin daxili işlər (28 may 1918-ci il -  6 oktyabr 1918-ci il), maliyyə (1918-ci il) və xarici işlər naziri olmuş Məmmədhəsən Hacınski, böyük mütəfəkkirlər Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh və digərləri dəfn edilib. 

Bağın içərisi ilə dağa doğru addımlayırsan. Məzarlığa çatanda ilk olaraq üzərində ay-ulduzlu və "Azərbaycan Xalq Cümhuriyyəti XIX-XX əsr" yazılmış abidəni görürsən. Sağda dörd tərəfi dəmir hasara alınmış bir neçə məzar, sol tərəfdə isə gül bağı...

Gül bağına Lusula Avalişvili adlı qadın aqronom qulluq edir. Ona bağban Georgi Qoçişvili yardım edir. Qoçişvili eyni zamanda daş abidəyə və məzarlığa baxır. Onların tozunu silir, təmizləyir, ərazini abadlaşdırır.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də Gürcüstan paytaxtı Tbilisidə elan olunub. AXC 1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə süqut uğradılıb.

Sovet hakimiyyəti qurulduqdan sonra müəyyən təqib və təzyiqlərlə üzləşmiş cümhuriyyətçilər qürbətə üz tutubular. Ən acınacaqlısı isə odur ki, onlar mühacirətdə də azad, təhlükəsiz yaşaya bilməyiblər. Onların bəziləri mühacirətdə amansızlıqla qətlə yetiriliblər. Bunlardan biri də AXC-nin ilk baş naziri Fətəli İskəndər oğlu Xoyskidir. 1875-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olmuş azərbaycanlı siyasi xadim Xalq Cümhuriyyətinin müstəqilliyi elan edildikdən sonra Azərbaycanın ilk baş naziri təyin olunub. O, AXC-nin yaşadığı müddət ərzində hərb, ədliyyə və xarici işlər nazirləri vəzifələrində də çalışıb. Ancaq Cümhuriyyətin süqutundan sonra Fətəli xan Xoyski Gürcüstanın paytaxtı Tbilisidə yaşamağa qərar verir. Lakin onun həyatı burada uzun sürmür. Fətəli xan Xoyski 1920-ci il iyunun 19-da Tbilsinin mərkəzində, indiki Tbilisi Dövlət Opera və Balet Teatrının qarşısında qətlə yetirilir. Azərbaycanlı siyasi xadimi “Daşnaksütyun” Partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan arxadan atəş açaraq öldürürlər.

Azərbaycan parlamentinin ilk sədr müavininin məzarı da buradadır 

Tbilisidə qətlə yetirilən Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri də Həsən bəy Ağayevdir. 1875-ci ildə Yelizavetpol (indiki Gəncə) quberniyasında anadan olan Həsən bəy Məşədi Hüseyn oğlu Ağayev ictimai-siyasi xadim, jurnalist, həkim və müəllim kimi tanınıb. O, AXC hakimiyyəti dövründə Azərbaycan parlamentinin sədr müavini olub. 1918-ci mayın 28-də Tbilisidə Azərbaycan Milli Şurasının iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edilərkən Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin müavini olan Həsən bəy Ağayev bu tarixi hadisədə birbaşa iştirak edib. Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsini Həsən bəy Ağayev də imzalayıb. Fətəli xan Xoyskini qətlə yetirən erməni muzdlu qatillər 1920-ci il iyulun 19-da Tbilisidə Həsən bəy Ağayevi də qətlə yetiriblər. Hər iki tarixi şəxsiyyət - Azərbaycanın ilk baş naziri Fətəli xan Xoyski və Azərbaycanın müstəqilliyinin haqqında İstiqlal Bəyannaməsini imzalayan Həsən bəy Ağayev Tbilisidə hazırkı Botanika Bağının ərazisindəki köhnə müsəlman qəbiristanlığında dəfn olunublar.

Azərbaycanlıların ziyarətgahı 

Bu məzarlıqda Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadə, ədibin həyat yoldaşı Tubu Axundzadə, qızı, oğlu və şair Mirzə Şəfi Vazeh də dəfn olunub. 

Bağban G.Qoçişvili deyir ki, azərbaycanlılar tez-tez bu məzarlığı ziyarət edirlər. O vurğulayır ki, keçmişini, qəhrəmanlarını, tarixi şəxsiyyətlərini unutmayan xalq daim yaşayacaq: "Hər dəfə hansısa bir azərbaycanlı gəlib bu məzarlığı ziyarət edəndə mən qürur hissi duyuram və öz-özümə deyirəm, deməli, onlar ölməyiblər, yaşayırlar”. 

O bildirib ki, bir neçə gündən sonra Gürcüstan və Azərbaycan xalqları ilk müstəqil dövlətlərinin yaranmasının 100 illik yubileyini qeyd edəcəklər: Bu tarixi gün hər iki xalqın həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Amma təəssüf ki, bizim dövlət müstəqilliyimiz çox az yaşayıb. Bizim o zamankı tarixi şəxsiyyətlərimiz isə qəhrəmancasına həlak olublar. Onların bəziləri vətəndə, bəziləri isə qürbətdə qətlə yetiriliblər. Necə ki, sizin bu qəhrəmanlarınız kimi”.

Altı ildir burada çalışan G.Qoçişvili eyni zamanda Tbilisinin mərkəzindəki Heydər Əliyev parkındakı gül və ağaclara qulluq edir.

Aqronom Susula Avalişvili danışmaqda maraqlı olmasa da, burada uyuyan insanlara hörmət bəslədiyini bildirib: “Azərbaycanlılar bizim dostlarımızdır. Bizim xalqlarımız eyni vaxtda müstəqil dövlət qurublar. Eyni vaxtda da bizim müstəqil dövlətlərimiz süquta yetirilib. Burada Azərbaycanın ictimai-siyasi xadimləri, şair və mütəfəkkirləri uyuyurlar. Belə qəhrəmanları olan millət yaşayacaq”.

Son xəbərlər

Orphus sistemi