​Partiya sədri: "İndi Azərbaycanda hansısa kütləvi proseslərin başladılması dövlətə xəyanətdir"

​Partiya sədri: "İndi Azərbaycanda hansısa kütləvi proseslərin başladılması dövlətə xəyanətdir" "Bolşeviklər də bu cür addım atırdı"
Daxili siyasət
5 Mart , 2015 14:16
​Partiya sədri: İndi Azərbaycanda hansısa kütləvi proseslərin başladılması dövlətə xəyanətdir

Bakı. 5 mart. REPORT.AZ/ "Ukraynadakı hadisələrin Azərbaycana təsirini nəzərə almadan hansısa kütləvi proseslər başladılarsa və proses müəyyən mənada ölkəyə müdaxiləyə yol açarsa, bu, dövlətə xəyanətdir".

Bunu "Report"a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan dövlətinin immunitetinin zəiflədilməsi, xarici müdaxilə üçün zəmin yaradılması dövlətçiliyə qarşı çıxmaqdır: "Min nəfərlik mitinq keçirilən zaman prosesdə maraqlı olan kənar qüvvələr də aksiyaya 500 nəfər gətirə bilər. Burada baş verən çaxnaşma xarici dövlətlərə Azərbaycana müdaxilə etməyə bəhanə verə bilər. Əgər sən keçirdiyin mitinqdə İŞİD-in bayrağının qaldırılmasının qarşısını ala bilməmisənsə, deməli, hər hansı terrorun da qarşısını ala bilməzsən. Düzdür, Milli Şuranın keçirəcəyi aksiya nəhəng aksiya deyil, ona görə də ciddi problem yarana bilməz. Vaxtilə Suriya müxalifəti də meydanlara çıxdı, nəticə də ortadadır. Demokratik mübarizənin effektliyi üçün situasiyanı, beynəlxalq konyukturanı nəzərə almaq lazımdır. İndiki məqamda aksiyalar keçirmək, xalqın sosial-iqtisadi narazılığını küçələrə daşımaq düzgün deyil. Sadəcə olaraq, hökumətə təkliflər vermək lazımdır".

S.Cəlaloğlu, həmçinin qeyd edib ki, müxalifətin sosial-iqtisadi işlərlə məşğul olması onu siyasi məsələlərdən kənarlaşdırır: "Müxalifətin vəzifəsi təkcə mitinq keçirmək deyil ki... Müxalifət nə qədər qeyri-hökumət təşkilatlarının funksiyalarını öz üzərinə götürəcək, o qədər vətəndaş cəmiyyətinin formalaşmasına mane olmuş olacaq. Yəni, daha çox təşkilatlar irəli çıxmalıdır. Nəyə görə elə Milli Şura, Müsavat, ADP problemləri öz üzərlərinə götürməlidirlər?! Vəziyyəti tənqid edə bilərik, amma konkret addımları aiddiyyəti təşkilatlar atmalıdırlar. Azərbaycanda demokratiya ona görə inkişaf etmir ki, müxalifət hakimiyyətə gəlmək naminə vətəndaş cəmiyyətinə aid olan hər bir problemi öz üzərinə götürür. Bu, bolşevik təfəkkürüdür. Bolşeviklər də bu cür addım atırdı, siyasi məsələləri kənara çəkdilər, sosial-iqtisadi məsələlərlə məşğul olmağa başladılar. Biz demokratiya uğrunda mübarizə apararaq onun nə olduğunu bilmiriksə, cəmiyyətə fayda verə bilmərik".

Son xəbərlər

Orphus sistemi