Yuxarı

Azərbaycanda bir çox əməllər cinayət kateqoriyasından inzibati xəta kateqoriyasına keçəcək

Azərbaycanda bir çox əməllər cinayət kateqoriyasından inzibati xəta kateqoriyasına keçəcək
Dəyişikliklə 6 cinayət əməli ağır cinayətdən az ağır cinayətlər kateqoriyasına keçiriləcək

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycanda mülkiyyət əleyhinə olan cinayətlərin törədilməsi zamanı cinayət məsuliyyəti yaradan məbləğin 5 dəfə, yəni, 100 manatdan 500 manatadək artırılması nəzərdə tutulub.

"Report"un xəbərinə görə, bu, Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisə təqdim etdiyi Cinayət Məcəlləsinə kompleks dəyişiklikləri əhatə edən qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, Cinayət Məcəlləsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan törədilən və bir sıra digər cinayətlər, ümumilikdə 10-dan artıq cinayət tərkibi dekriminallaşdırılıb. Bir çox əməllər cinayət kateqoriyasından inzibati xəta kateqoriyasına keçiriləcək.

Cinayət Məcəlləsinin ümumilikdə 140-dan artıq maddəsində azadlığın məhdudlaşdırılması alternativ cəza növü kimi sanksiyalara daxil edilib. Bundan əlavə, daha 80 cinayətin sanksiyasına azadlıqdan məhrumetməyə alternativ olan cərimə və digər cəzalar daxil edilib.

Bundan əlavə, qanun layihəsinə əsasən Cinayət Məcəlləsində nəzərdə tutulmuş sanksiyalar təftiş edilərək 80-dən artıq cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının hədləri azaldılıb. Nəticədə 35 cinayət əməli az ağır cinayət kateqoriyasından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, 6 cinayət əməli isə ağır cinayətdən az ağır cinayətlər kateqoriyasına keçirilib.

Eyni zamanda, Cinayət Məcəlləsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışma institutu daha da təkmilləşdirilib, 20-dən artıq cinayət üçün zərərçəkmiş şəxslə barışmaqla və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azadetmə imkanı müəyyən olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi