Yuxarı

Azərbaycan Prokurorluğu işçilərinin peşə bayramı qeyd edilib

Azərbaycan Prokurorluğu işçilərinin peşə bayramı qeyd edilib
Bir qrup prokurorluq əməkdaşına “Prokurorluğun fəxri işçisi” döş nişanı, Fəxri fərman və rütbə dərəcələri təqdim edilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Baş Prokurorluqda 1 oktyabr - Azərbaycan Prokurorluğu işçilərinin peşə bayramı gününə və milli prokurorluğun yaradılmasının 99-cu ildönümünə həsr olunmuş mərasim keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, baş prokuror Zakir Qaralov peşə bayramı münasibətilə prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini təbrik edib.

Z.Qaralov vurğulayıb ki, Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin müasir dövrün reallıqlarını nəzərə alaraq məharətlə həyata keçirdiyi strateji inkişaf konsepsiyası, müdrik dövlət siyasəti və səmərəli idarəetmə üsulu respublikamızın sosial-iqtisadi inkişafının dayanıqlı və davamlı olmasını, əhalinin yaşayış şəraitinin və sosial rifahının ildən-ilə yüksəlməsini təmin etməklə yanaşı, ölkənin dünya birliyində özünə layiqli yer tutmasına da şərait yaradıb: “Ölkəmiz qazandığı nailiyyətləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi şəraitdə əldə edib. Beynəlxalq qurumların çoxsaylı qərar və qətnamələrinə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyü indiyədək bərpa olunmayıb. Dünyanın ən ali tribunasından xalqın iradəsini ifadə edən Prezident İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı qətiyyətli və cəsarətli çıxışı ilə bir daha dünya ictimaiyyətinin diqqətini Azərbaycana, xüsusən də Dağlıq Qarabağ münaqişəsinə yönəldərək, rasional və praqmatik tezisləri ilə Ermənistanın kriminal rəhbərliyinin cinayətkar əməllərini növbəti dəfə ifşa edərək işğalçı dövlətin 2016-cı ilin aprelində olduğu kimi, istənilən an qüdrətli ordumuz tərəfindən yenidən cəzalandırılacağı barədə sərt xəbərdarlığını edib”.

Baş prokuror deyib ki, xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq, bütün digər qurumlarla yanaşı, Azərbaycan Prokurorluğu da dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırılaraq, dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrilib, onun dövlətçiliyə sədaqəti ilə seçilən kadr korpusu yaradılıb: “Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə, cəmiyyətdə statusuna uyğun yerini tutub.

Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran dövlət başçısı İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına yönələn siyasətinin artıq öz bəhrəsini verdiyini diqqətə çatdıran baş prokuror bildirib ki, son dövrlərdə Azərbaycan Respublikasında ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial-iqtisadi islahatların reallaşdırılması, hərtərəfli düşünülmüş dövlət siyasətinin həyata keçirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması nəticəsində Azərbaycan beynəlxalq birliyin tamhüquqlu üzvü kimi layiq olduğu yerini tutub.

Respublikada dövlət idarəçilik mexanizminin təkmilləşdirilməsi və onun səmərəliliyinin artırılması üzrə görülən tədbirlər baxımından ölkənin Birinci Vitse-Prezidenti vəzifəsinə tanınmış ictimai-siyasi xadim, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təyinatının ölkənin ictimai-siyasi həyatında ən əlamətdar hadisələrdən biri olması xüsusi qeyd edilib.

Z.Qaralov Prezident İlham Əliyevin prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı qarşıda duran vəzifələri müəyyənləşdirərək dediyi sözləri tədbir iştirakçıların diqqətinə çatdırıb: “Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının yetişdirilməsidir. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir”.

Qeyd edilib ki, dövlət başçısı İlham Əliyevin siyasi iradəsinə və onun rəhbərliyi altında reallaşdırılan dövlət gənclər siyasətinin tələblərinə müvafiq olaraq, şəffaf prosedurlar əsasında prokurorluğun kadr korpusunun yeniləşdirilməsi istiqamətində məqsədyönlü işlər eyni intensivliklə davam etdirilir: “2002-ci ildən başlayaraq keçirilən müsabiqələr yolu ilə qulluğa qəbulun yeni əsaslarla təşkili nəticəsində işə götürülən 780 gənc hüquqşünasın Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun 65 faizini təşkil etməsi ölkə həyatının bütün sahələrində gənclərin əməyindən geniş istifadə olunması barədə dövlətimizin başçısının göstərişlərinin icrasının nəticəsidir. Alternativi olmayan bu kadr seçimi vasitəsinin tətbiqi bundan sonra da davam etdiriləcək. Azərbaycan Prokurorluğu orqanları ötən müddətdə daxili işlər, ədliyyə, məhkəmə və digər hüquq mühafizə orqanları ilə birlikdə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahələrində zəruri tədbirlərin görülməsini təmin edib. Düzgün qurulmuş qarşılıqlı əlaqə kriminogen duruma effektiv nəzarəti təmin etməyə, onun səviyyəsini təhlükəsiz hədlərdə saxlamağa imkan verib. Həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, Azərbaycan Respublikası MDB və Şərqi Avropa məkanında ən təhlükəsiz və sabit ölkələrdən biri olaraq qalır.

Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu nəticələrin əldə olunduğunu vurğulayan Baş prokuror deyib ki, korrupsiyaya qarşı mübarizə sahəsində işin düzgün təşkilinə Prezident İlham Əliyev tərəfindən dövlət səviyyəsində göstərilən yüksək diqqətin nəticəsidir ki, ixtisaslaşdırılmış qurum kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti üçün əlverişli şərait yaradılıb, çevik fəaliyyəti təmin etməyə qadir yeni struktur formalaşdırılıb, MDB məkanında, habelə Azərbaycan tarixində ilk dəfə olaraq prokurorluq orqanlarına əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi səlahiyyəti verilib: “İşçilərin sosial müdafiəsinin gücləndirilməsi və sair tədbirlər korrupsiya hallarının qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin səmərəliliyini daha da artırıb, profilaktiki fəaliyyət və preventiv təsir imkanları daha da gücləndirilib. Azərbaycan Respublikası Prokurorluğu sistemində informasiya-kommunikasiya sisteminin, “Elektron hökumət” layihəsi çərçivəsində prokurorluq orqanlarında elektron sənəd dövriyyəsini təmin edəcək şəbəkənin yaradılması istiqamətində həyata keçirilən tədbirlər xüsusilə əhəmiyyətli olub. Müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması istiqamətində Baş Prokurorluqda və bütün tabe prokurorluqlarda elektron müraciətlərin qəbulu və baxılması üçün lazımi imkanlar yaradılıb. Vətəndaşların müraciətlərinə baxılması sahəsində yeni informasiya texnologiyalarının tətbiqi, “Qaynar xətt” əlaqə mərkəzi və “Azərbaycan Prokurorluğunun veb saytı” vasitəsilə Baş Prokurorluğun rəhbərliyinə birbaşa müraciət etmək imkanının yaradılması kimi islahat tədbirləri müsbət nəticələrini verib”.

Bildirilib ki, peşə bayramını qeyd edən prokurorluq orqanları həmişə ölkədə həyata keçirilən yeni məzmunlu mütərəqqi islahatların reallaşdırılması istiqamətində xidmət göstərəcək, ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində digər dövlət təsisatları ilə əlaqəli şəkildə yaxından iştirak edəcək.

Sonda baş prokuror Zakir Qaralov xidmətdə fərqlənən bir qrup prokurorluq əməkdaşına “Prokurorluğun fəxri işçisi” döş nişanını, Fəxri fərman və rütbə dərəcələrini təqdim edib.

Mərasimin sonunda Azərbaycan Prokurorluğunun kollektivi adından dövlət başçısı İlham Əliyevə müraciət qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi