Azərbaycan Prezidentinin köməkçisi: "Azərbaycanlılar öz aralarında münaqişəyə yol verməməlidirlər"

Azərbaycan Prezidentinin köməkçisi: "Azərbaycanlılar öz aralarında münaqişəyə yol verməməlidirlər" "Azərbaycançılıq ideyasının yaranmasında və ilk mərhələdə həyata keçirilməsində Məhəmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin adını çəkmək ola"
Daxili siyasət
4 İyun , 2016 16:26
Azərbaycan Prezidentinin köməkçisi: Azərbaycanlılar öz aralarında münaqişəyə yol verməməlidirlər

Bakı. 4 iyun. REPORT.AZ/ Dünya azərbaycanlılarının IV Qurultayının yekun iclası keçirilib. 

“Report”un xəbərinə görə, iclasın gündəliyinə qurultayla bağlı sənədləri qəbulu, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi formalaşdırılması daxil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib ki, əvvəlki qurultaylardan fərqli olaraq bu tədbirdə çıxış etmək istəyən hər bir kəsin fikirləri dinlənilib.

N.İbrahimov bildirib ki, qurultayda müxtəlif istiqamətlərdə fikirlər səsləndirilib, müzakirələr aparılıb.
Sonra çıxış edən Azərbaycan Milli Məclisinin deputatı Elman Nəsirov qurultayın önəmi xüsusi vurğulayıb. O qeyd edib ki, xarici ölkələrdə yaşayan azərbaycanlılar bir olmalıdır: “Bəzən deyirlər ki, biz birləşə bilmirik. Ehtiyac olanda birləşə bilirik. Aprel döyüşlərində birliyimiz bir daha sübit olundu. Düşmənə qarşı vahid mövqedən çıxış etdik. Yəni, istəyəndə birləşə bilirik”.

Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, qurultaya görə dünyanın 4 qitəsindən azərbaycanlılar Bakıya gəlib. O vurğulayıb ki, diapora işi ictimai işdir: “Düşünürəm ki, hər bir azərbaycanlı Azərbaycan xalqını, dövlətini sevir. Həmrəylik, birlik ideyası ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən həyata keçirilib. Təəssüflər olsun ki, həmin dövrdə azərbaycançılıq ideyasını sona qədər həyata keçirmək mümkün olmayıb. Bunun səbəbləri var. Azərbaycançılıq ideyasının yaranmasında və ilk mərhələdə həyata keçirilməsində Məhəmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin adını çəkmək olar. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra AXC-nin başlatdığı, amma sona qədər həyata keçirə bilmədiyi ideyasını gerçəkləşdirdi. Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram kimi qeyd edildi. Azərbaycançılıq ideyası bir dövlət ideologiyası kimi formalaşdırıldı. Dünya Azərbaycanlılarının ilk qurultayı 2001-ci ildə keçirilib. Bu qurultaya 3 il hazırlaşdıq. O dövrdə çətinliklərlə üzüzə idik. Çünki bizim birliyimizə qarşı çıxan dövlətlər vardı. Amma Heydər Əliyev bu işin öhdəsindən gəldi. Biz çalışdıq ki, azərbaycanlılar yaşadıqları cəmiyyətin sayılıb-seçilən adamlarından olsunlar. Birlik ona görə lazımdır ki, ənənələrimiz, dilimiz itməsin”.

Ə.Həsənov qeyd edib ki, xaricdə yaşayan azərbaycanlılar Azərbaycanın qarşılaşdığı problemlərə etiraz edə bilərlər: “Bunun üçün onlar bir olmalıdır, yaşadıqları ölkələrdə vətəndaş haqlarını tələb etməlidirlər. Biz dünyaya bəşəri ideyaları təlqin edirik. Bəzi qərb dövlətləri xalqların dininə, dilinə dözümlülük nümayiş etdirirlər. Biz isə ehtiramla yanaşarıq. Fərqimiz budur. Birgəyaşayışın əsas normasıdır budur, bunun da əsasını biz qoymuşuq. Biz bütün dünyada ölkəmizin belə obrazını yaratmağa çalışırıq. Azərbaycanlılar öz aralarında münaqişələrə yol verməməlidir. Ayrı-ayrı vaxtlarda hansısa ölkələrdə tədbir keçirib, sonra dağılışıb getməməliyik. İşimizi sistemli görməliyik. İnformasiya əlaqələrimizi gücləndirməliyik, qlobal virtual məkana çıxmalıyıq. Bununla da dünya azərbaycanlılarının problemlərinin statistikası ilə məşğul olmalıyıq, problemlərini həll erməliyik”.

İclasda Dünya azərbaycanlılarının IV qurultayının sənədləri qəbulu edilib, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi formalaşıb.

Qurultay nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul ediblər. Müraciətdə deyilir: “İlk dəfə 15 il əvvəl keçirilmiş Dünya Azərbaycanlılarının qurultayı çoxmilyonlu Azərbaycan xalqı və dövlətinin həyatında mühüm ictimai-siyasi məzmun kəsb edən tarixi ənənəyə çevrilib. Əminik ki, bu qurultay Azərbaycan diasporunun tarixində yeni mərhələnin əsasını qoyacaq, milli birlik və həmrəyliyin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcək. Biz-xaricdə yaşayan azərbaycanlılar dünyada gərginliyin və böhranların artdığı bir dövrdə Sizin ardıcıl fəaliyyətiniz sayəsində Azərbaycanın siyasi, iqtisadi və sosial sahədə qazandığı mühüm uğurları alqışlayırıq. Qlobalmiqyaslı təlatümlərin geniş vüsət aldığı zamanda ölkəmiz müstəqillik, davamlı və sabit inkişaf yolu ilə inamla irəliləyir. Doğma vətənimizin bütün sahələrdə əldə etdiyi uğurlar hər birimizin qəlbində böyük iftixar hissi doğurur”.

Sonda qurultayın qətnaməsi oxunub.

Son xəbərlər

Orphus sistemi