Azərbaycan prezidenti ​Lənkəranda bir sıra obyektlərdə yaradılan şəraitlə tanış olub - YENİLƏNİB

Azərbaycan prezidenti ​Lənkəranda bir sıra obyektlərdə yaradılan şəraitlə tanış olub - YENİLƏNİB Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu istifadəyə verilib
Daxili siyasət
11 Aprel , 2015 17:00
Azərbaycan prezidenti ​Lənkəranda bir sıra obyektlərdə yaradılan şəraitlə tanış olub - YENİLƏNİB

Bakı. 11 aprel. REPORT.AZ/ Aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində aparılan yenidənqurma və bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olub.

"Report" xəbər verir ki, dövlət başçısına məlumat verilib ki, hazırda Xan evi kimi tanınan bu nadir bina Lənkəran xanı Mirəhməd xan tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə 1912-1913-cü illərdə inşa edilib. Bina fransız memarları tərəfindən layihələndirilib və tikinti işləri onların rəhbərliyi ilə aparılıb. Binanı xarici və yerli ustalar inşa ediblər. Tikinti materialları isə Bakıdan gəmi ilə daşınıb. Xan evinin tikintisində Şərq və Qərb memarlıq üslubundan istifadə edilib, kərpic və ağ daş materiallarına üstünlük verilib. Üçmərtəbəli bina 12 otaqdan ibarətdir. Sahəsi 812 kvadratmetr olan Xan evi 1913-cü ildə Lənkəranda ilk dəfə xüsusi elektrik qurğusu quraşdırılmaqla elektrik enerjisi ilə təmin edilib. 1978-ci ildən Xan evi Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlayıb. Uzun illər təmir edilmədən fəaliyyət göstərən muzey binası, tədricən aşınıb, dam örtüyü sıradan çıxıb, mərtəbələrarası örtüklər, döşəmələr, qapılar, pəncərələr keyfiyyətini itirərək yararsız vəziyyətə düşmüşdü.

Tarixi binanın əsaslı təmirinə 2013-cü ilin sentyabrından başlanılıb. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən inşaat işləri yüksək səviyyədə aparılıb və bu ilin aprel ayında başa çatdırılıb.

Eyni zamanda dövlət başçısı Lənkəranda əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzində yaradılan şəraitlə tanış olub. 

Bildirilib ki, bu gün Azərbaycanda bütün sahələrə olduğu kimi, mədəniyyət sferasına da xüsusi diqqət göstərilir. İndi paytaxtla yanaşı, respublikanın hər yerində yerləşən mədəniyyət ocaqları əsaslı təmir edilir və yeniləri tikilir. Lənkəran şəhər Mədəniyyət Mərkəzinin binasında əsaslı yenidənqurma işlərinin aparılması ölkədə mədəniyyət və incəsənətin inkişafına diqqətin daha bir təzahürüdür. Lənkəranın ictimai-siyasi və mədəni həyatında Mədəniyyət Mərkəzinin böyük rolu olub. 1982-ci ildə istifadəyə verilən mərkəz uzun müddət Lənkəran şəhər 2 nömrəli Mədəniyyət Evi adı ilə fəaliyyət göstərib. O vaxtdan keçən dövr ərzində burada əsaslı təmir işləri aparılmayıb. İndi yenidən qurulan bina ən müasir səviyyəyə çatdırılıb, incəsənət adamlarının fəaliyyəti üçün burada geniş imkanlar yaradılıb. Mədəniyyət Mərkəzinin binasının əsaslı təmir işlərinə 2014-cü ilin aprelində başlanılıb və bu ilin aprelində başa çatdırılıb. Bölgələrdə mədəniyyət ocaqlarının əsaslı təmir olunması, müasir tipli yeni mədəni infrastrukurun yaradılması regionlarda bu sahənin hərtərəfli inkişafına stimul verir. Bütün bu tədbirlər bir daha onu göstərir ki, qədim və zəngin mədəni dəyərlərə malik olan Azərbaycanda mədəniyyət məsələləri daim diqqətdə saxlanılır. Bu gün mədəniyyət xadimləri, incəsənət adamları ən yüksək səviyyədə qayğı ilə əhatə olunublar. Onların sosial məsələlərinin həllinə dövlət səviyyəsində həmişə diqqət göstərilib.

Dövlət başçısına Mədəniyyət Mərkəzində yaradılan şərait barədə ətraflı məlumat verildi. Bildirildi ki, burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Lənkərana səfərlərindən və ölkədə mədəniyyətin inkişafına göstərdikləri qayğıdan bəhs edən fotostend yaradılıb. Üçmərtəbəli bina ən yüksək səviyyədə, müasir üslubda təmir edilib. 550 yerlik akt zalında Lənkəranın mədəni həyatında baş verən hadisələri qeyd etmək, həmçinin respublika və rayon əhəmiyyətli müxtəlif tədbirləri keçirmək üçün hərtərəfli şərait var. Bu, ümumilikdə rayonun incəsənət və mədəniyyət işçilərinə yeni uğurlar əldə etmək üçün həm stimul, həm də geniş imkanlar yaradır. 

Diqqətə çatdırılıb ki, Lənkəranda tez-tez mədəniyyət tədbirlərinin keçirilməsi və rayonda bir çox incəsənət kollektivinin fəaliyyət göstərməsi nəzərə alınaraq, Mərkəzdə rejissor, qrim, istirahət otaqları, dekorasiya və tikiş sexləri də yaradılıb. Mədəniyyət Mərkəzinin zəngin kitab fondu, oxu zalı və 50 yerlik konfrans zalı var. Buradakı rəqs zalı, ingilis dili, kompyuter kursu və digər dərnəklər gənclərin asudə vaxtlarının səmərəli keçirmələri üçün mühüm əhəmiyyət kəsb edir. 

Bildirilib ki, burada etnoqrafiya sərgisi də yaradılıb. Bu sərgi Lənkəranın qədim tarixi haqqında geniş məlumatlar əldə etməyə imkan verəcək. Son illər ölkəmizdə mədəniyyətin inkişafına göstərilən yüksək diqqət özünü mədəniyyət ocaqlarına və bu sahədə çalışan insanlarin qayğı ilə əhatə olunmasında, həmçinin ölkəmizin beynəlxalq səviyyəli mədəni tədbirlərə ev sahibliyi etməsində daha çox büruzə verir. Bu baxımdan Heydər Əliyev Fondunun mədəniyyətimizin inkişafı, onun dünyada təbliği, Azərbaycanın zəngin mədəni irsinin, musiqi ənənələrinin qorunması ilə bağlı həyata keçirdiyi layihələr xüsusi önəm kəsb edir. Bölgələrdə müasir mədəniyyət ocaqlarının yaradılması bu sahənin regionlarda da hərtərəfli inkişafına töhfələr verir. Lənkəranda əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzi də bu baxımdan əhəmiyyətlidir. 

Prezident İlham Əliyev Mərkəzlə tanışlıqdan sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

Prezidenti İlham Əliyev, həmçinin Lənkəran şəhərinə səfəri çərçivəsində yeni yaradılan “Gilan aqro-sitrus” təsərrüfatı ilə tanış olub.

Bildirilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla həyata keçirilən aqrar islahatlar nəticəsində ölkəmizdə qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Bütövlükdə kənd təsərrüfatının inkişafına dövlət tərəfindən xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin “2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında” Sərəncam imzalaması da dövlətin aqrar sahəyə diqqətinin növbəti əyani göstəricisidir. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Artıq “Kənd təsərrüfatı ili”nə dair tədbirlər planı da təsdiqlənib. Plana uyğun olaraq aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. “Kənd təsərrüfatı ili” çərçivəsində iri təsərrüfatların yaradılması da nəzərdə tutulur. Bu isə fermer və kəndli təsərrüfatlarına maddi-texniki dəstəyin daha da artmasına və ərzaq istehsalının həm daxili, həm xarici bazar üçün təminatına şərait yaradır. 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi bu sahənin inkişafına təkan verəcək, onun modernləşdirilməsini sürətləndirəcək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin edəcək. Tədbirlər planına uyğun olaraq Lənkəranda yeni “Gilan aqro-sitrus” təsərrüfatı yaradılıb.

Məlumat verilib ki, yeni sitrus təsərrüfatının ümumi sahəsi 45 hektardır. Hazırda 15 hektar sahədə “Gilan aqro” şirkəti tərəfindən Cənubi Koreyadan gətirilən 20 min ədəd “Shiranuhi” (Hallabong) və “Kanpei” (Red Hyaang) sitrus ağacları əkilib. Təsərrüfatda işlər davam etdirilir. Yeni salınmış sitrus təsərrüfatında 140 nəfərin daimi işləməsi nəzərdə tutulur. Ərazidə plakatlar, meyvələr və onlardan hazırlanan məhsullardan ibarət sərgi nümayiş etdiriləcək.

Bildirilib ki, sitrus təsərrüfatının ümumi smeta dəyəri 10 milyon manatdır. Gələcəkdə təsərrüfat genişləndirilərək 500 hektara yaxın ərazini əhatə edəcək. O cümlədən dağətəyi ərazilərdə terras əkin üsulu ilə sitrus plantasiyaları salınacaq. Aparılacaq işlərin nəticəsində bölgədə istifadəsiz qalmış torpaqlar yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarılacaq və 2000 yeni daimi iş yerinin yaranmasına imkan verəcək. Burada suvarma ilkin olaraq damcı üsulu ilə həyata keçiriləcək, sonradan bununla yanaşı, çiləmə üsulundan da istifadə edilməsi nəzərdə tutulub. Becərilən məhsuldar sitrus növlərindən yüksək dad keyfiyyətlərinə və əmtəəlik xüsusiyyətlərə malik meyvələr əldə ediləcək. Bu növlərin məhsuldarlığı hektarda orta hesabla 35-45 tona çatır ki, bu da yerli növlərdən 2-3 dəfə çoxdur. İstehsal olunmuş meyvələrdən təzə halda və qida, qənnadı, kosmetik, ətriyyat və digər sənaye sahələrində, həmçinin şirə istehsalında və şərabçılıqda istifadə edilməsi nəzərdə tutulur. O cümlədən daxili bazarda satış üçün rayonda mövcud olan Gilan-Lənkəran konserv zavodunda meyvə şirəsi istehsal olunacaq. Sitrus təsərrüfatında ümumilikdə 1800 ton məhsul götürüləcək. Bu da 180 min nəfərin illik istehlak normasına bərabərdir.

Bundan başqa, dövlət başçısı Lənkərana səfəri çərçivəsində Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu ilə tanış olub.

Əvvəlcə dövlət başçısı avtomobil yolunun sxematik planı ilə tanış olub. Bildirilib ki, uzun illər təmir işləri aparılmaması nəticəsində yol istismara yararsız vəziyyətə düşmüşdü. Qısa müddətdə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaq. Yolun yenidən qurulmasına Azərbaycan Prezidentinin 2013-cü il 13 sentyabr tarixli sərəncamı ilə Prezidentin ehtiyat fondundan 2 milyon manat və 2014-cü il 6 noyabr tarixli digər sərəncamına əsasən isə dövlət büdcəsindən 3,6 milyon manat, ümumilikdə 5,6 milyon manat vəsait ayrılıb. Yolun tikintisinə 2013-cü ilin oktyabr ayında başlanılıb, tikinti işləri bu ilin aprelində başa çatdırılıb.

Məlumat verilib ki, yolun inşası zamanı ən müasir texnoloji üsullardan istifadə edilib, işin keyfiyyətlə və qısa müddətdə görülməsinə xüsusi diqqət yetirilib. 10 min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun ümumi uzunluğu 18,8 kilometr, eni 6 metrdir. Üçüncü texniki dərəcəli yolun yenidən qurulması zamanı ətrafındakı bataqlıq qurudulub, əraziyə torpaq tökülərək mindən çox həmişəyaşıl küknar ağacları əkilib.

Bu cür kəndarası yolların inşası sosialyönümlü tədbirlər olmaqla yanaşı, eyni zamanda ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından mühüm əhəmiyyət daşıyır. Ölkədə həyata keçirilən infrastruktur layihələri Azərbaycanın hər bir bölgəsini, rayonunu və kəndini əhatə edir, həmçinin regionlarda yol-nəqliyyat infrastrukturunun daha da müasirləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Son xəbərlər

Orphus sistemi