​Azərbaycan Prezidenti: “Dövlət məmurları vətəndaşları incitməməlidirlər”

​Azərbaycan Prezidenti: “Dövlət məmurları vətəndaşları incitməməlidirlər” "Bu prinsiplər əgər tam şəkildə bərqərar olarsa, onda əlbəttə ki, bizim işimiz daha da sürətlə gedəcək"
Daxili siyasət
17 Dekabr , 2014 10:46
​Azərbaycan Prezidenti: “Dövlət məmurları vətəndaşları incitməməlidirlər”

Bakı. 17 dekabr. REPORT.AZ/ “ASAN xidmət” iki ilə yaxındır ki, yaradılıb. İki il ərzində böyük və uğurlu yol keçib. Bu müddət ərzində 3 milyon 500 min müraciət olub, 3 milyona yaxın vətəndaşa müxtəlif sənədlər verilib. Yəni, bu, ictimai xidmətlər sahəsində ciddi dönüş olub və deyə bilərəm ki, təkcə Azərbaycanda deyil, dünya miqyasında “ASAN xidmət” kimi nadir müəssisə, nadir təsisat yoxdur. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərib və biz intellektual məhsulun yaradılmasına nail ola bilmişik. Bu müddət ərzində artıq 7 “ASAN xidmət” mərkəzi tikilmişdir, 4-ü Bakıda, 1-i Sumqayıtda, 1-i Gəncədə, dünən axşam isə Sabirabadda yeddinci mərkəz fəaliyyətə başlayıb”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Sabirabadda, Heydər Əliyev Mərkəzində ASAN Könüllülərinin I Ümumrespublika Forumunun açılış mərasimindəki çıxışında deyib.

Dövlət başçısı xatırladıb ki, vətəndaşlara səyyar xidmət də göstərilir: “Bu məqsədlə ilk dövrdə 2, indi isə 10 avtobus gətirilib və ən müasir avadanlıqla təchiz edilib. Artıq bu, bizə imkan verəcək ki, ölkəmizin müxtəlif bölgələrində daimi, fasiləsiz xidmət göstərək. Nəzərə alsaq ki, hazırda digər bölgələrdə mərkəzlər tikilir, - Bərdədə artıq tikintisi başa çatmaq üzrədir, Masallıda, Qəbələdə, gələn il ən azı 3 yeni mərkəz istifadəyə veriləcəkdir, - bu da insanların rahatlığı üçün əlavə imkanlar yaradacaq.

Prezident bildirib ki, “ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycan brendidir: “Biz hazırda nəinki neft-qaz resurslarımızı, artıq intellektual məhsulumuzu ixrac etməyə hazırıq və dünyada belə xidmətlərə böyük ehtiyac var.

Beynəlxalq təşkilatlar bu xidməti yüksək qiymətləndirirlər. Bu, bizi sevindirir. Ancaq mənim üçün əsas məsələ Azərbaycan xalqının bu xidmətə olan münasibətidir. Siz də yaxşı bilirsiniz ki, Azərbaycan xalqının mütləq əksəriyyəti bu xidməti bəyənir, dəstəkləyir, təqdirlə yanaşır və mənə ünvanlanan çoxsaylı məktublarda öz fikirlərini ifadə edir və statistik göstəricilərimiz də belədir ki, müraciət edənlərin mütləq əksəriyyətinin istəkləri, tələbləri yerinə yetirilir”.

Prezident İlham Əliyev deyib ki, “ASAN xidmət”də yüksək səviyyəli xidmət göstərilir: “Bir daha demək istəyirəm ki, bu xidmətin yaradılması və formalaşması çox yaradıcı bir prosesdir. Çünki iki il bundan əvvəl Sərəncam imzalayanda, əlbəttə, məndə təsəvvür var idi ki, xidmət, fəaliyyət növləri necə olacaq və biz bunun əsasında bu işə başlamışdıq. Ancaq iş başlayandan sonra biz gördük ki, artıq daha da böyük imkanlar var. “ASAN xidmət”in fəaliyyəti o qədər uğurlu olub ki, bəzi əlavə funksiyalar da ona verilir və veriləcək. O funksiyalar ki, insanlara daha da çox rahatlıq verəcək, o funksiyalar ki, cəmiyyətdə və ictimai xidmətlər sahəsində daha da çox şəffaflıq yaradacaq. Biz bunu istəyirik.

Azərbaycan bu gün inamla irəliləyir. Azərbaycan müasir dövlətdir. Müasir dövlətə xas olan bütün atributlar Azərbaycanda vardır. Biz nəinki başqa inkişaf etmiş ölkələrin təcrübəsini öyrənirik və əgər bizə yararlıdırsa tətbiq edirik, eyni zamanda, özümüz təşəbbüs göstərərək dünyada gedən proseslərə təsirimizi göstəririk. Ona görə Azərbaycan xalqının bu xidmətə olan münasibəti həm mənim üçün, həm də sizin üçün ən böyük mükafatdır. Bu məqsədlə artıq 7 mərkəz tikilib. Gələn ilin sonunadək ən azı 10-a çatdırılacaq. Səyyar avtobus xidməti də öz növbəsində imkan verəcək ki, ölkəmizin hər bir bölgəsində bu xidmət göstərilsin. Yəqin siz bilirsiniz ki, ilkin mərhələdə 2 avtobus sifariş edilmişdi. Ancaq sonra mənə məlumat verildi ki, avtobusların ezam olunduğu yerlərdə əhali o avtobusları buraxmaq istəmir, istəyirlər ki, daim orada qalsın. Ona görə biz qərara gəldik ki, onların sayını 10-a çatdıraq və bu gün bu da öz həllini tapıb”.

Dövlət başçısı bildirib ki, “ASAN xidmət” yaradanda biz qarşıya bir neçə məqsəd qoyulub: “Onların hamısı bizim üçün vacibdir. Onların reallaşması ölkəmizi daha da sürətlə inkişaf etdirməyə imkan verəcək. İlk növbədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə “ASAN xidmət” vasitəsilə müsbət həllini tapmaqdadır. Biz bu təcrübəni bütün başqa sahələrdə də tətbiq etməliyik ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılsın. Mən bu məsələlərlə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Azərbaycan dövləti bu sosial bəlanı aradan götürmək üçün böyük səylər göstərir. Ancaq biz görürdük ki, bəzi hallarda cəza tədbirləri, inzibati tədbirlər kifayət deyil. Belə olan halda sistem xarakterli, institusional tədbirlərin görülməsinə də böyük ehtiyac var idi. Biz bu işlərə çox ciddi yanaşırıq və “ASAN xidmət” burada nadir bir vasitədir. “ASAN xidmət”də korrupsiya, rüşvətxorluq yoxdur və bu, onu deməyə əsas verir ki, hər bir sahədə belə bir sistem yarana bilər.

“ASAN xidmət”in təcrübəsi indi başqa sahələrə köçürülür, orada da tətbiq ediləcək. Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz. Eyni zamanda, hər bir ölkənin uğurlu inkişafı üçün gərək cəmiyyət də aparılan siyasətə dəstək, xalqla iqtidar arasında birlik olsun. Biz görürük ki, harada bu birlik pozulur, ölkələr böyük problemlərlə, fəlakətlərlə üzləşirlər. Bu, bizim gözümüzün qabağında baş verən hadisələrdir. Azərbaycanda xalqla iqtidar arasındakı birlik bizim uğurlarımızın əsas dayağıdır və bu birliyi biz daim möhkəmləndirməliyik. Bunu etmək üçün əlbəttə ki, insanların yaşayış səviyyəsi daha da yaxşı, ölkənin beynəlxalq nüfuzu daha da güclü olmalıdır. Ölkə elə inkişaf etməlidir ki, hər bir vətəndaş Azərbaycan vətəndaşı olmağı ilə fəxr etsin. Eyni zamanda, cəmiyyətdə xoşagəlməz hallara yol verilməməlidir və biz bu məqsədə çatmaq üçün bundan sonra da öz səylərimizi göstərəcəyik”.

Azərbaycan Prezidenti deyib ki, “ASAN xidmət” korrupsiyaya və rüşvətxorluğa qarşı institusional tədbirlər arasında xüsusi yer tutur və əminəm ki, əgər başqa ölkələrdə bu təcrübə tətbiq olunarsa, onlar da bunun müsbət cəhətlərini tezliklə görəcəklər. “ASAN xidmət”, eyni zamanda, insanların rahatlığı üçün yaradılmış bir xidmətdir. Təsadüfi deyil ki, adı da asandır.vİnsanlar burada vaxt itirmədən, heç bir bürokratik əngəllə üzləşmədən öz haqlarını tələb edirlər və alırlar. İstənilən sənədi dəqiqələr ərzində əldə edə bilirlər. “ASAN xidmət”, eyni zamanda, xidmətlərin mədəni şəkildə göstərilməsində də nadir bir təcrübədir. Sirr deyil, təbii ki, siz gənclər yəqin, bunu xatırlamırsınız, ancaq sovet dövrünün əlamətlərindən biri də bürokratiya və insanlara bəzi hallarda ictimai qurumlar tərəfindən qeyri-normal münasibət idi. Biz 23 ildir ki, müstəqil dövlət kimi yaşayırıq, ancaq hələ də o dövrün bütün fəsadlarını aradan götürə bilməmişik. Burada həm psixoloji məsələlər ortaya çıxır, eyni zamanda, müəyyən təcrübə də öz mənfi rolunu oynayır. Ona görə “ASAN xidmət”də olan xidmət növləri və eyni zamanda, xidmətə olan yanaşma tam fərqlidir. Bu, belə də olmalıdır. Azərbaycan vətəndaşları hər yerdə hörmətlə qarşılanmalıdırlar, xüsusilə dövlət orqanları tərəfindən. Onlara yuxarıdan aşağı baxılmamalıdır, onların haqları tapdalanmamalıdır. Onları dövlət məmurları incitməməlidirlər. Onlardan əsassız tələblər istəməməlidirlər. Bax, bu prinsiplər əgər tam şəkildə bərqərar olarsa, onda əlbəttə ki, bizim işimiz daha da sürətlə gedəcək”.

Son xəbərlər

Orphus sistemi