Azərbaycan Prezidenti: "Biz prinsipial mövqeyimizdən heç vaxt bir addım geri atmırıq"

Azərbaycan Prezidenti: "Biz prinsipial mövqeyimizdən heç vaxt bir addım geri atmırıq" Prezident İlham Əliyev: "Azərbaycanda sabitlik tam təmin olunub"
Daxili siyasət
11 May , 2018 00:28
Azərbaycan Prezidenti: Biz prinsipial mövqeyimizdən heç vaxt bir addım geri atmırıq

Bakı. 11 may. REPORT.AZ/ "2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərib və o gündən bu günə qədər çalışıram ki, bu etimadı doğruldum. 2003-cü ildə prezident seçkiləri ərəfəsində söz vermişdim ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasəti Azərbaycanda davam etdiriləcək. Fəxr edirəm ki, sözümə əməl etdim və son 15 il ərzində Azərbaycan Heydər Əliyevin qoyduğu yolla uğurla, inamla gedir".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda sabitlik tam təmin olunur, sabitliyin təminatçısı Azərbaycan xalqıdır: "Biz indi görürük ki, dünyanın müxtəlif yerlərində vəziyyət gərginləşir, yeni münaqişələr, qanlı toqquşmalar, vətəndaş müharibələri, çevrilişlər baş verir. Ona görə baş verir ki, insanlar hakimiyyətdən narazıdırlar. Ona görə baş verir ki, hakimiyyət lazım olan səviyyədə, düzgün siyasət aparmır, insanları narahat edən problemləri həll etmir, iqtisadi inkişafı təmin edə bilmir, böyük pozuntulara yol verir. Azərbaycanda isə sabitliyin təminatçısı, onun qarantı Azərbaycan xalqıdır və xalq-iqtidar birliyidir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit və ən uğurla inkişaf edən ölkələrdən biridir".

Dövlət başçısı bildirib ki, Azərbaycan dövləti möhkəm əsaslar üzərində qurulub: "Biz son 15 il ərzində milli dəyərlərimizlə bağlı çox ciddi siyasət aparırıq. Bizim milli dəyərlərimiz, ənənəvi dəyərlər bizim üçün əsasdır. Çox şadam ki, bu gün gənc nəsil milli ruhda tərbiyə olunur və milli ləyaqət hissləri güclənir, müstəqillik ən böyük sərvət kimi cəmiyyət tərəfindən qəbul edilir və dəstəklənir.

Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində nümunəvi ölkəyə çevrilib. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri Azərbaycan səması altında bir ailə kimi, sülh, mehribanlıq, dostluq şəraitində yaşayırlar. Bu, bizim böyük sərvətimizdir və bu, bizim siyasətimizin böyük uğurudur".

Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malik olan bir ölkədir: "Bizim bir çox ölkələrlə bərabərhüquqlu, gözəl, konstruktiv münasibətlərimiz var. Biz prinsipial mövqeyimizdən heç vaxt bir addım geri atmırıq. Tərəfdaşlarımızla qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər, düzgün xarici siyasət bizə imkan verir ki, həm beynəlxalq arenada öz gücümüzü, təsir imkanlarımızı artıraq, eyni zamanda, daxili problemləri, xüsusilə iqtisadi inkişafla bağlı olan problemləri həll edək".

Son xəbərlər

Orphus sistemi