Yuxarı

Azərbaycan Prezidenti “ASAN xidmət”in vətəndaşlar tərəfindən bəyənilmə əmsalı 99,4 faizdir"

Azərbaycan Prezidenti “ASAN xidmət”in vətəndaşlar tərəfindən bəyənilmə əmsalı 99,4 faizdir"

"Şadam ki, mənim təşəbbüsümlə yaradılmış bu xidmət bu gün nəinki ölkəmizdə, hətta xarici ölkələrdə də böyük rəğbətlə qarşılanır. Şadam ki, “ASAN xidmət”in vətəndaşlar tərəfindən bəyənilmə əmsalı 99,4 faizdir. Yəni, bu, onu göstərir ki, xidmət doğrudan da böyük nailiyyətdir, ictimai xidmətlər sahəsində böyük dəyişikliklərə gətirib çıxarıb. Eyni zamanda, “ASAN xidmət” cəmiyyətimizin ictimai şüurunda da inqilabi dəyişikliklərə səbəb olubdur. Çünki ictimai xidmətlər sektoru həmişə çox problemli sektor idi və vətəndaşlar çox əziyyət çəkirdilər. Bürokratiya, süründürməçilik, korrupsiya, rüşvətxorluq xidmət sektorunun əsas problemləri idi. “ASAN xidmət”in fəaliyyətə başlamasından sonra artıq bu sahədə tam şəffaflıq təmin edilibdir".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında deyib. 

Dövlət başçısı bildirib: "Təsadüfi deyil ki, artıq 34 milyondan çox müraciət daxil olub və bu müraciətlər cavabsız qalmır. “ASAN xidmət” öz coğrafiyasını genişləndirir. Bu, sayca 16-cı mərkəzdir və artıq 4 mərkəzdə tamamlama işləri aparılır. Kürdəmir, Ağcabədi, Tovuz mərkəzləri artıq hazırdır, Balakən mərkəzi isə gələn il istifadəyə veriləcəkdir. Mənə verilən məlumata görə, Bakı mərkəzlərində, - baxmayaraq ki, Bakıda 5 mərkəz fəaliyyət göstərir, - artıq növbələr yaranır. Ona görə göstəriş vermişəm ki, Bakıda əlavə 2 mərkəz açılsın, eyni zamanda, Sumqayıt və Gəncə şəhərlərində ikinci mərkəzlər açılacaqdır. Artıq çoxdandır səyyar xidmət də göstərilir, 10-dan çox avtobus daim ölkəmizi dolaşır, “ASAN qatar” da fəaliyyət göstərir. Demək olar ki, ölkəmizin hər bir yeri belə gözəl xidmətlə əhatə olunub. Xidmətlərin sayı artır, artıq 320-dən çox xidmət göstərilir. ABAD Mərkəzlərinin fəaliyyətini nəzərə alsaq, artıq bu rəqəm 350-yə çatır. Bu da onu göstərir ki, biz son illərdə ASAN-ın funksiyalarını böyük dərəcədə genişləndirə bilmişik və buna ehtiyac var idi. Çünki “ASAN xidmət”də işlər yüksək dərəcədə düzgün qurulur. Problemli sahələrin bir çoxu da “ASAN xidmət”in əhatəsinə daxil edilib. Beləliklə, artan xidmətlər və xidmətlərin keyfiyyəti göstərir ki, biz düzgün yoldayıq. Çünki biz başlayanda xidmətlərin sayı təqribən 20-30 ətrafında idi.

ASAN bizim intellektual məhsulumuzdur. Mən çox şadam ki, Azərbaycan intellektual məhsul icad edir və bunu ixrac edir. İntellektual məhsulun, xidmətlərin ixracı hesab edirəm ki, bizim gələcək fəaliyyətimizdə çox böyük diqqətə layiq olmalıdır. “Bakutel” sərgisində də mənə edilən təqdimatlar göstərir ki, biz artıq xidmətləri, o cümlədən peyk xidmətlərini, innovasiyalarla bağlı olan xidmətləri ixrac edirik. “ASAN xidmət” mərkəzi artıq Əfqanıstanda fəaliyyət göstərir və bir neçə ölkə ilə bizim artıq anlaşma memorandumlarımız və sazişlər imzalanıbdır. ASAN dünyada öz fəaliyyətini genişləndirir və bizim gələcəkdə də bir çox ölkələrlə əməkdaşlığımız mümkündür. Əsas şərtimiz ondan ibarətdir ki, Azərbaycanda göstərilən xidmət orada da göstərilsin, çünki bu, bizim brendimizdir və mərkəzin adı da bütün ölkələrdə ASAN olmalıdır. Təsadüfi deyil ki, ASAN artıq beynəlxalq mükafatlara da layiq görülüb və Azərbaycanın həm intellektual brendidir, həm də bizim siyasətimizi, niyyətimizi əks etdirir. Çünki bizim siyasətimiz ondan ibarətdir ki, hər bir sahədə şəffaflıq, dürüstlük, mədəni xidmət olsun, pozuntulara yol verilməsin. Hesab edirəm ki, “ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli mexanizmlərdən biridir. Bu məsələlərlə bağlı köklü tədbirlər görülür. Azərbaycanda korrupsiyanı, rüşvətxorluğu aradan qaldırmaq, yaxud da ki, əhəmiyyətli dərəcədə azaltmaq üçün əməli tədbirlər görülür. Bu tədbirlər həm nəticə verir, həm də verəcək. Ona görə inzibati tədbirlərlə, cəza tədbirləri ilə yanaşı, institusional tədbirlər də görülməlidir ki, biz korrupsiyanın və rüşvətxorluğun əhatə dairəsini daraldaq və beləliklə, Azərbaycanı müasir, çox sürətli inkişaf yoluna gətirək. Biz buna nail oluruq.

“ASAN xidmət”, eyni zamanda, bizim siyasətimizi göstərir ki, bu mərkəzlərdə işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu, həm gənclərimizin istedadını, biliklərini göstərir və həm də kadr hazırlığı üçün də çox önəmlidir. Çünki artıq minlərlə ASAN könüllü müxtəlif önəmli vəzifələrdə çalışır. “ASAN xidmət”lərdə təlim keçmiş, yaxud da ki, işləmiş gənclərimiz artıq həyata da vəsiqə alırlar, bilikli kadrlar kimi onlara inam artır və onları işə götürənlər əmin olurlar ki, dürüstlük, keyfiyyət, biliklər və mədəni xidmət olacaq. Onu da bildirməliyəm ki, könüllülər hərəkatı bizdə “ASAN xidmət”dən başlayıb. O vaxta qədər könüllülər hərəkatı yox idi. Bu gün minlərlə könüllü ölkəmizin müxtəlif sahələrində çalışır, işləyir, dövlətə xeyir gətirir. Bizim gənclərimiz məhz belə olmalıdır. Mən bu yaxınlarda Bakı Dövlət Universitetinin 100 illiyinə həsr edilmiş tədbirdə gənclərə öz sözlərimi dedim və təkrar etmək istəmirəm. Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır. Gənclər biliklərlə yanaşı, Vətənə bağlı olmalıdırlar, Vətəni və dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar.

“ASAN xidmət”, eyni zamanda, xidmət sektorunda yenilikdir. “ASAN xidmət” göstərdi ki, xidmət sektoru necə olmalıdır. Bax, bütün “ASAN xidmət” mərkəzlərinə gələn, müraciət edən vətəndaşlar sizi görürlər, gözəl gənclərimizi, gözəl mədəniyyəti, xoş münasibəti, gülər üzləri görürlər. Doğrudan da böyük sərvətdir və bunu biz özümüz yaratmışıq. Bir daha demək istəyirəm ki, bu, bizim milli brendimizdir və milli sərvətimizdir.

Ona görə ASAN mərkəzlərinin sayının artırılması ilə bağlı mənim tərəfimdən göstərişlər verilir. Eyni zamanda, ASAN mərkəzlərinin funksiyalarının genişləndirilməsi ilə əlaqədar “ASAN xidmət” və onun rəhbərliyi çox fəal işləyir. Hər bir mərkəzin açılışında mən hansısa bir yeniliklə rastlaşıram. Mənə edilən məruzələrdən görürəm ki, ildən-ilə yeni innovasiyaları hərəkətə gətirmək üçün imkan yaradılır və bu innovasiyalar da tətbiq ediləcəkdir. Bu gün mənə məruzə edilən məsələlərdən biri “smart city” layihəsidir. Biz mütləq buna keçməliyik. Artıq müvafiq göstərişlər verildi ki, Bakı şəhərində “smart city” sisteminin tətbiqi üçün əməli addımlar atılsın. O cümlədən, digər şəhər və rayonlarımızda da bu istiqamətdə işlər görüləcəkdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi