Azərbaycan baş nazirinin müavini: “Şəffaf olmayan məqamlar varsa, onlar aradan qalxacaq”

Azərbaycan baş nazirinin müavini: “Şəffaf olmayan məqamlar varsa, onlar aradan qalxacaq” “Məqsəd əlillik meyarlarını təkmilləşdirmək və şəffaflığı təmin etməkdir”
Daxili siyasət
6 Yanvar , 2016 16:47
Azərbaycan baş nazirinin müavini: “Şəffaf olmayan məqamlar varsa, onlar aradan qalxacaq”

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikası baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov ölkədə əlilliyin təyinatı ilə bağlı yeni qaydaların hazırlanması və bu qaydaların əlilliyin təyinatı sahəsində şəffaflığın təmin edilməsinə təsiri məsələlərini şərh edib. “Report”un xəbərinə görə, baş nazirin müavini AZƏRTAC-a deyib ki, Azərbaycanda əhalinin təxminən 6 faizə yaxını bu gün əlil və fiziki sağlamlığı məhdud olan insanlar kimi qeydiyyatdan keçib: “Azərbaycanda bu kateqoriyaya aid olan 570 min insan var və onlardan 500 mini ya pensiya, ya da əlillik müavinəti alır. Yerdə qalanı isə 18 yaşına çatmamış fiziki qüsurlu vətəndaşlardır. Beləliklə, 500 min insan ya pensiya, ya da əlilliyə görə müavinətlər alır. Əlilliyə görə əmək pensiyası alanların sayı isə 370 min nəfərdir. Belə çıxır ki, Azərbaycanda 1 milyon 300 minə yaxın pensiyaçının 370 mini əlilliyə görə əmək pensiyası alanlardır. Bu, az rəqəm deyil”.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda mövcud qanunvericiliyə görə əlilliyi olan insanların əmək pensiyasına çıxması üçün çox ciddi güzəştlər var və bu güzəştlərdən də Azərbaycan vətəndaşları istifadə edirlər. Amma təbiidir ki, narahatedici məqamlar da var. Bu, ondan ibarətdir ki, bəzi hallarda əlilliyə pensiya yaşına çatmazdan əvvəl pensiya hüququ qazanmaq şansı kimi yanaşan insanlar var. Mən bunu çox təəssüf hissi ilə qeyd etmək istəyirəm. Bizim qarşımızda duran ən mühüm vəzifələrdən biri ondan ibarətdir ki, əlillikdən, bu və ya digər səbəbdən fiziki sağlamlığını itirməsi halından sui-istifadə etmək istəyən insanların sayı azaldılsın və yaxud bu cür sui-istifadə hallarının qarşısı alınsın. Hazırda bu istiqamətdə vacib işlər görülür. Bu sahədə atılan addımlardan biri əlillik meyarlarının təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi ilə bilavasitə əlaqədardır. Güman edirəm ki, yaxın zamanlarda görülən tədbirlər, normativ-hüquqi aktların yeniləşdirilməsi, bəzi qanunvericilik bazasının təkmilləşdirilməsi nəticəsində haqqında söhbət etdiyimiz mənfi məqamlar aradan qalxacaq. Dünya ölkələrinin əksəriyyətində əlilliyə bilavasitə vaxtından tez pensiyaya çıxmaq hüququnun əldə edilməsi şansı kimi baxılması geniş yayılmış praktika deyil.

Cəmiyyətdə əlilliyə münasibət problemini şərh edən Əli Əhmədov deyib: “Çalışmaq lazımdır ki, insanların sağlamlığı özünə qaytarılsın, onlar bütün parametrlərə görə cəmiyyətin tamhüquqlu üzvü olsunlar, işdən ayrılmasınlar, əgər azacıq fiziki qüsurları varsa və yaxud bəzi hallarda müəyyən qədər ciddi qüsurları varsa, onların yenə də müvafiq sahələrdə işləməsi üçün imkanlar yaradılsın. Çox vacibdir ki, insan özünü cəmiyyətdə lazımlı bir vətəndaş kimi dərk etsin və öz imkanlarını cəmiyyətə təqdim edə bilsin. Bu baxımdan əlilliklə əlaqədar iki əsas və bir-biri ilə sıx bağlı vəzifə həyata keçirilməlidir. Bunlardan birincisi bu və ya digər səbəblərlə əlaqədar fiziki sağlamlığını itirmiş insanların sağlamlığının bərpa edilməsi, ikincisi isə onların sosial təminatının təmin edilməsidir. İnsanın reabilitasiyası yolu ilə sağlam həyata qaytarılması mümkün olmadıqda, yalnız bu halda onun sosial təminatının bütövlükdə dövlətin üzərinə götürülməsi haqqında düşünmək olar. Haqqında söhbət etdiyimiz problemə düzgün yanaşmanı mən belə təsəvvür edirəm. Həyata keçirilən təkmilləşmələrin əsas məqsədi məhz bundan ibarət olmalıdır. Belə sağlam və dəqiq bir mexanizm hazırlandığı halda hesab edirəm ki, əlilliyin həm müəyyən, həm də təyin edilməsi ilə bağlı o qədər də şəffaf olmayan məqamlar varsa, onlar aradan qalxacaq və bu proses də tam şəffaf şəkildə həyata keçiriləcək”.

Son xəbərlər

Orphus sistemi